Türkiyənin S-400-lər almasının Bakı üçün önəmi | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Türkiyənin S-400-lər almasının Bakı üçün önəmi

Analitik Mərkəz A- A A+

S-400-lərin alınması Rusiya-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoymasıdır.

Eurasia Diary xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Analizdə olayla bağlı 5 vacib məqama toxunulub:

“Birincisi, soyuq müharibə illərində Türkiyə ABŞ-ın strateji müttəfiqi idi. SSRİ-nin dağılması və bölgədə yeni şərtlərin formalaşması ilə Türkiyənin ABŞ-dan asılılığı azaldı və Ankara Moskva ilə sıx münasibətlərinin bünövrəsini qoydu. Son 15 ilin gedişatına baxsaq, görərik ki, Türkiyə-Rusiya münasibətləri keyfiyyətcə Türkiyə-ABŞ münasibətlərini üstələyir. Bu həm də Vaşinqtonun yanlış siyasəti ilə bağlıdır.

İkincisi, S-400 sistemi Türkiyənin təhlükəsizliyini və siyasi çəkisini artıracaq. Bundan başqa Türkiyə Rusiyadan əldə etdiyi texnologiya əsasında özü eyni sistemlərin istehsalına başlayacaq. Digər tərəfdən, Türkiyə S-400 sistemlərinin pulunu elə Rusiyadan aldığı kreditlə ödəyəcək. Bunların heç birini ABŞ Türkiyəyə təklif etmirdi. Təsadüfi deyil ki, ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Böyük səkkizlərin Yaponiyadakı son sammitində hazırkı vəziyyətə görə keçmiş Prezident Barak Obamanı qınadı. Çünki Obama Türkiyəyə “Patriot” raketlərini satacağını vəd etsə də, bu vədini yerinə yetirmədi. Trampın etirafı Türkiyənin S-400 məsələsində haqlı olduğunu göstərdi.

Üçüncüsü, Türkiyə S-400 raketlərini əldə etdikdən sonra ABŞ-ın təzyiqlərinə hazır olmalıdır. Doğrudur, Tramp Türkiyə ilə münasibətlərin daha da gərginləşməsini istəmir. Ancaq Konqres və Pentoqon Türkiyəni S-400 raketlərinə görə cəzalandırmağa çalışacaq. Buna baxmayaraq, zaman keçdikcə ABŞ Türkiyənin ərazisində Rusiya raketlərini həzm etmək məcburiyyətində qalacaq və bundan sonra münasibətlərin normallaşma prosesi başlayacaq. Çünki Türkiyə Rusiyadan aldığı S-400 raketlərinə baxmayaraq, ABŞ-dan hərbi texnika almağa çalışacaq. Bu isə Türkiyə bazarını itirməmək üçün Vaşinqtonun maraqlarına uyğundur. Əks halda Ankara Vaşinqtondan ala bilmədiyi hərbi texnikanı Rusiyadan almağa qərar verəcək.

Dördüncüsü, son sövdələşmə Rusiyanın da maraqlarına xidmət edir. Rusiya NATO-nun əsas dövlətlərindən birinə müasir raket sistemini satdı. Bu, silah bazarında Rusiyanın mövqelərini daha da gücləndirəcək. Təsadüfi deyil ki, Türkiyənin ardınca Hindistan da Rusiyadan S-400 sistemini almaq istəyir.

Beşinci amil Azərbaycanla bağlıdır. Türkiyənin müdafiə qabiliyyətini artırması heç şübhəsiz müttəfiqi Azərbaycanın da maraqlarına xidmət edir. Türkiyə S-400 raketlərini gələcəkdə özü istehsal etməyə başlayacağı halda əldə edəcəyi məhsulu Azərbaycanla da bölüşəcək. Bu, Azərbaycanın təhlükəsizlik imkanlarını artıracaq. Digər tərəfdən artan Rusiya–Türkiyə hərbi əməkdaşlığının Cənubi Qafqazdakı proseslərə də müsbət təsirini proqnozlaşdırmaq olar. Rusiya istər-istəməz Türkiyənin Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa başlayacaq. Bu baxımdan Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırarsa, Rusiya buna etiraz edə bilməyəcək”.

Qeyd edək ki, bu gün S-400-lərin Türkiyəyə təslim edilməsinə başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...