"Türkiyənin Rusiyadan aldığı S-400 raket sistemi Ankaranın NATO-dan çıxmasına dəlalət etməcəyək"
Eurasia Diary xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, tam əksinə, Türkiyə NATO-da qalmaqda israrlıdır.
"NATO-nun özünün də Türkiyəyə ehtiyacı var. Təsadüfi deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son çıxışında vurğuladı ki, əslində Türkiyənin aldığı S-400 raketləri NATO-nun gücünü artırır. Bəli, NATO-nun əsas dövlətlərindən biri Türkiyədir və Türkiyə güclüdürsə, NATO da güclüdür. NATO-nun Avrasiya bölgəsində Türkiyə kimi müttəfiqə ehtiyacı var.
Mən düşünürəm ki, zaman keçdikcə, Qərbin Türkiyəyə təzyiqləri azalacaq. Belə baxanda NATO dövlətlərindən ancaq ABŞ Rusiya raketlərinin alınmasına etiraz edir. NATO-nun digər dövlətləri buna seyrçi mövqedən yanaşır. Bu da ondan xəbər verir ki, Türkiyə-NATO münasibətlərindəki əməkdaşlıq əvvəlki tempində davam edəcək”, - deyə E.Şahinoğlu bildirib.