Azərbaycanda “ticarət yanğın”larının SƏBƏBLƏRİ və DİNAMİKASI - ARAŞDIRMA | Eurasia Diary - ednews.net

22 Yanvar, Çərşənbə


Azərbaycanda “ticarət yanğın”larının SƏBƏBLƏRİ və DİNAMİKASI - ARAŞDIRMA

Analitik Mərkəz A- A A+

Azərbaycanda ticarət mərkəzlərində yanğın hallarının sayı artıb. Artıq Bakıda və regionlarda müxtəlif ticarət mərkəzlərinin yanması adi xəbərə çevrilib. Lakin hər mərkəz yananda onlarla, yüzlərlə şəxsin əmlakına ciddi zərər dəyir. Ən böyük zərərsə onsuz da ölkəmizdə üzü və cibi çox da gülməyən sahibkarlara dəyir.

Xəbər verdiyimiz kimi, bugün də gün də son vaxtlarda ticarət dinamikası ilə digər bazarlardan fərqlənən “Eurohome” tikinti matrialları bazarında yanğın baş verib. Hadisənin təfərrüatlarını saytımızdan oxuya bilərsiniz.

Qeyd edildiyi kimi, bu yanğın nə ilk idi, nə də son olacaq. Lakin ölkədə xüsusilə də ticarət mərkəzlərində yanğın hallarının dinamikasında müşahidə edilən artım və bu yanğınlardakı şübhəli detallar ictimaiyyəti ciddi şəkildə narahat edir.

Beləliklə, son bir ildə mətbuatda rezonansa səbəb olmuş ticarət mərkəzlərindəki  yanğınların siyahısına diqqət yetirək:

İlin ilk “ticarət yanğın”ı xəbəri 10 yanvar, 2019-cu il tarixində Quba rayonundan gəldi. Quba rayonunda yerləşən "Birja" ticarət mərkəzində yanğın baş verdi. 4 mağaza yanaraq kül oldu...

İkinci yanğın isə 25 yanvarda Gəncə qəsəbəsində yerləşən "Ucuzluq" ticarət mərkəzində baş verdi. Yanğın nəticəsində 1 nəfər xəsarət aldı. Ticarət mərkəzinin birinci mərtəbəsində baş verən yanğın zamanı ordakı əşyalar, satış üçün nəzərdə tutulan mallar yanaraq kül oldu...

Ölkə ictimaiyyətində böyük rezonansa səbəb olan məşhur Diqlas Ticarət Mərkəzi 26 mart tarixində yanaraq kül oldu. Daha sonra mərkəz yararsız hala düşdüyü üçün söküldü. Diqlas yanğını EuroHome-a qədər olan ən böyük yanğın idi...

İlgili resim

Digər genişmiqyaslı ticarət yanğını Sumqayıtda baş verdi. 24 iyunda üçmərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 m² olan anbarın yanar konstruksiyaları və içərisindəki geyim əşyaları ilə birlikdə 60 m² sahə yandı...

Azərbaycanın daxili ticarətinin lokomotivi olan Binə Ticarət Mərkəzində bu il iki dəfə yanğın baş verdi. Yanğınlardan birincisi 13 avqust tarixində baş verdi. Bu yanğında içi satış üçün nəzərdə tutulmuş mallarla dolu anbar yanıb. İkinci yanğın buna nisbətən daha genişmiqyaslı olub. 8 oktyabr tarixində baş verən ikinci yanğında 4 nəfər tüstüdən boğularaq xəsarət alıb. Bir neçə mağazaya ciddi ziyan dəyib. Yanğınlar gecə vaxtlarına təsadüf edib.

 

21 sentyabr tarixində isə Şamaxıda ticarət mərkəzində yanğın baş verib.

400 kv.metrlik binanın 200 kv.metri dam örtüyü ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb. 

Qeyd edək ki, ümumilikdə ölkə ərazisində 2019-cu ilin ilk doqquz ayında 1818 yanğın hadisəsi (texnogen mənşəli) baş verib. Yanğın hadisələri zamanı 43 nəfər həlak olub, 168 nəfər xəsarət alıb…

Ticarət mərkəzlərində yanğınların baş vermə səbəbləri və mühafizə tədbirləri barədə Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev maraqlı açıqlamalar verib:

Elmar Nurəliyev ile ilgili görsel sonucu

"Ticarət mərkəzinin içində açıq oddan, alovdan istifadə etmək olmaz, siqareti təyin olunmuş yerdə çəkmək lazımdır, ticarət mərkəzinin içinə tez alışan maddələrlə gəlmək düzgün deyil. Həmçinin özbaşına təmir-tikinti işləri aparmaq, açıq oddan istifadə edərək nəyisə əritmək olmaz. Belə hallarda mərkəzin administrasiyasına müraciət edilir, həmin bölmə yanğın təhlükəsizliyinə baxan mütəxəssis göndərir və təhlükəsizlik təmin ediləndən sonra bu cür işlər görülür. Axşam iş saatı bitdikdən sonra işlək vəziyyətdə olan elektrik cihazları söndürülməlidir. Əgər hər hansı hadisə baş verərsə, orda olan insanlar nə etməli olduqlarını bilməlidirlər. Xüsusi qruplar yaradılmalıdır. Tutaq ki, 5 mərtəbəli ticarət mərkəzinin 2-ci mərtəbəsində yanğın olub. Digər mərtəbələrdə olan mağaza sahibləri nə etsin? Çöləmi çıxsın, mağazasınımı qorusun? Əgər icarədarlar, sahibkarlar arasında sosial sorğu aparsaq ki, yanğın baş verərsə, nə edərsiniz, əksəriyyəti bilməyəcək. Hadisə vaxtı adamın ağlına üç-dörd sual gəlir və şəxs bunlara cavab tapmalıdır. Məsələn, mən yanğın olan zaman özümü qurtarım, malımı çölə çıxarım, müştərini hadisə yerindən uzaqlaşdırım, yoxsa yaxınlıqda olan balonlardan istifadə edib yanğını söndürüm. Baxın, bu suallar insanı tərəddüdə salır”.

Ekspert vurğulayıb ki, məhz buna görə işçilər tərəfindən qruplar yaradılmalıdır:

"Qrupda olan şəxslər yanğın baş verən zaman bütün vəziyyəti nəzarət altına almalı, hadisə vaxtı təhlükəsizlik təlimatlarına ardıcıl əməl etməlidirlər. İşçilərin təxliyyə olunması, əmlakın çıxarılması, yanğınsöndürmə qrupları gələnə qədər vəziyyətə nəzarət olunması – bunlara həmin şəxslər cavabdeh olurlar. Təbii ki, bu qrupdakı şəxslərə aidiyyatı dövlət qurumlarının nümayəndələri xüsusi kurs keçirlər. Qrupun üzvləri hər mağazadan olur və rəhbərlik bu işçiləri digərlərindən fərqləndirmək üçün heç olmasa maaşlarında 3-5 faiz fərq yaradır.

 Təsəvvür edin, eyni satıcıyıq, fərqli və ya eyni dükanlarda işləyirik. Siz yanğın qrupunun üzvüsünüzsə, bir qədər yüksək maaş almalısınız. Yanğın zamanı biri qaçıb canını qurtarırsa, qrup üzvü qalıb vəziyyətə nəzarət etməlidir. Əgər ticarət mərkəzində 20-30 adam yanğın baş verən zaman nə edəcəyini bilsə, bu, böyük köməklik olar. Hamı elə bilir ki, mağazalarda heç bir problem yoxdur. Amma əksəriyyətində adi yanğınsöndürmə balonları, su ehtiyatı olan çənlər mövcud deyil. Bu cür şeylər isə sonda yanğının baş verməsinə səbəb olur”.

Nicat İSMAYILOV

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...