ABŞ Nümayəndələr Palatası Trampın qanuni yolla hakimiyyətdən uzaqlaşdırılması prosedurası olan “İmpiçment”in həyata keçirilməsinə qərar verib . Tramp Ukrayna prezidenti Vladimir Zelenskiyə öz rəqibi, demokratların lider simalarından biri olan Co Bayden haqqında korrupsiya tədqiqatı başlatmasını xahiş etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilir.
Bəs Tramp iqtidarı bitdimi? Xeyr.
ABŞ-da impiçment prosedurası iki mərhələdən keçərək işə düşür. Birinci mərhələ Nümayəndələr Palatasındakı səsvermə idi və bu səsvermənin nəticələri Trampın əleyhinə oldu, yəni Nümayəndələr Palatası impiçmentə, Trampın hakimiyyətdən uzaqlaşdırılmasına səs verdi.
Lakin Tramp üçün hər şey bitməyib. İkinci mərhələ Senatdakı Məhkəmə üslubunda keçiriləcək impiçment səsverməsidir. Bu səsvermədə senatorların 3/2-si impiçmentə səs versə Tramp prezidentlikdən uzaqlaşdırılacaq.
Qeyd edim ki, Tramp tarixdə Nümayəndələr Palatası tərəfindən impiçmentə göndərilən 3-cü prezident olub.
Bununla birlikdə, Trampın Senatdakı səsvermədən zəfərlə ayrılma ehtimalı böyükdür. Çünki Senatda çoxluq Respublikaçılardadır. Yəni, böyük ehtimalla Trampın impiçmenti baş tutmayacaq. Lakin eyni zamanda, ABŞ muxalifəti və parlamenti (Nümayəndələr Palatası) ölkə prezidentinə çox ciddi siyasi zərbə vurdu və Trampa Amerikanın, onun biznes şirkəti olmadığını “izah etdi”. ABŞ isə dünyaya növbəti dəfə demokratiya örnəyi nümayiş etdirdi...
Nicat İSMAYILOV