Ruslar Qarabağdakı döyüşlərdən istifadə edib Azərbaycanı necə işğal etdi? - 100 il əvvəl 48 min azərbaycanlı rus-bolşevik terrorunun qurbanı oldu... | Eurasia Diary - ednews.net

29 May, Cümə


Ruslar Qarabağdakı döyüşlərdən istifadə edib Azərbaycanı necə işğal etdi? - 100 il əvvəl 48 min azərbaycanlı rus-bolşevik terrorunun qurbanı oldu...

Analitika A- A A+

100 il əvvəl, 1920-ci ilin bu günü Azərbaycanın və müsəlman şərqinin ilk demokratik cumhuriyyəti Rusiya-bolşevik ordusu tərəfindən ərazisi işğal edilməklə süquta uğradıldı. Bu dövlət eyni zamanda Azərbaycanın 200 il fasilədən sonra yenidən milli dövlətçilik məfkurəsinin bərpasını və Azərbaycan xalqının milli-siyasi birliyini təmin etmişdi. 1920-ci ilin 28 mayında bu çağa Cümhuriyyətin 2 yaşı tamam olacaqdı. Lakin fürsət vermədilər, müstəqilliyimizi və hürriyətimizi qundaqda boğdular.

Mövzuyla bağlı tarix elmləri üzrə fəlsəfə doktoru Rafiq İsmayılov "Ednews.net"ə eksklüziv müsahibə verib:

- 1920-ci il, 28 aprel hadisəsi əslində nə idi, işğal, yoxsa, çevriliş?

- 28 aprel hadisəsini bolşevik çevrilişi kimi adlandıranlar yalnız Sovet tarixşünaslığının miflərinə inanan insanlar ola bilər. Məhz Sovet tarixşünaslığında bu hadisəyə XI Qızıl ordu tərəfindən Azərbaycanın işğalı hadisəsinə kimi yox, Azərbaycanda Sovet hakimiyyətinin qurulması kontekstində baxılırdı. Sovet tarixşünaslığında Rusiyanın keçmiş milli ucqarlarında "Sovet hakimiyyətinin zəfər yürüşü" mifi mərkəzi yer alırdı. Bununla yanaşı Sovet tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu faktiki inkar edilirdirsə və ya xarici imperialistlərin kor aləti kimi adlandırılırdısa müasir Rusiya tarixçilərinin bir sıra əsərlərində də Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu ya inkar edilir, ya da ANTANTA dövlətlərinin Rusiyaya qarşı yaradılan sanitar kordonu kimi adlandırılır. Yəni mahiyyətcə heç nə dəyişməyib. Və bu yanaşma təkcə Azərbaycana qarşı yox, Rusiya İmperiyasının ərazisində yaranmış digər milli dövlətlərə qarşı da tətbiq edilir. Təbii ki, işğaldan sonra bu hadisənin xalq üsyanının nəticəsi kimi təqdim edilirdi. Və bu məqsədlə hətta işğal ərəfəsində fəhlələrdən ibarət silahlı dəstələri hadisəyə inqilabi hərəkatı fonunun verilməsi üçün fəallıq göstərirdilər. Lakin aydındır ki, bolşevik Rusiya ordusunun iştirakı olmadan AXC-nin süqutu mümkün deyildi. Bunun üçün heç bir şərait mövcud deyildi. Xarici silahlı qüvvə tərəfindən milli dövlətə təcavüz edilməsi nəticəsində onun ərazisinin ələ keçirilməsi isə işğal adlandırılır. Bunun başqa adı yoxdur.

- Bəs bu işğala qarşı milli müqavimət mövcud idimi? Ölkə rəhbərliyi, ordu və xalq işğala qarşı dirəniş göstərdimi?

Təəssüflər olsun ki, işğal məhz milli ordu tərəfindən ciddi müqavimətin olmaması səbəbindən mümkün olmuşdur. Lakin bunun da əsas səbəbi ondaydı ki, o dövrdə milli ordunun əsas hissələri Qarabağda Ermənistanın silahlı qüvvələrinə qarşı döyüşürdülər. Və qeyd etmək lazımdır ki, o ərəfələrdə Qarabağın ərazisi artıq demək olar ki, tam AXC-nin silahlı qüvvələri tərəfindən nəzarət edilirdi, yəni o zaman Qarabağın işğalının qarşısı alınmışdı. Bu dövrün tədqiqatçıları - N.Nəsibli və Ə.Nəzərli yazırlar ki, işğal ərəfəsində Ermənistanın nümayəndə heyəti Moskvaya səfər edib Qarabağda silahlı münaqişənin qızışdırılması nəticəsində Azərbaycanın silahlı qüvvələrinin Qarabağa çəkilməsinə şərait yaradılmasına dair öhdəlik götürmüşdür. Bununla da işğalın maneəsiz həyata keçirilməsi üçün şərait yaradılmışdır. 28 apreldən sonra işğala qarşı ən güclü üsyan Gəncədə baş vermişdir və bolşeviklər tərəfindən yalnız əlavə qüvvələrinin yeridilməsi nəticəsində bu üsyanın yatırdılması mümkün olmuşdur. Bundan sonra da lokal üsyanlar baş verirdi, lakin artıq vəziyyəti dəyişmək mümkünsüz idi.  

- İşğal öncəsi Azərbaycanda hökumətin və parlamentin siyasi durumu necə idi? İşğal təhlükəsi öncədən proqnozlaşdırılmışdımı?

- Ümumiyyətlə Rusiyada vətəndaş müharibəsində iştirak edən qüvvələrinin gələcəkdə Rusiyanı keçmiş sərhədlər çərçivəsində bərpa edilməsi məqsədləri AXC hakimiyyəti üçün sirr deyildi. Məhz bu səbəbə görə Gürcüstanla Dinikinin təcavüzü təqdirdə ona qarşı birgə mübarizənin aparılmasına dair ittifaq sazişi imzalanmışdı. Hərbi nazir Mehmandarov hələ 1919-cu ilin aprelində Baş nazir Usubbəyova ünvanlanmış məktubda Azərbaycanda fəaliyyət göstərən bolşevik qüvvələrinin əsas hədəfi kimi son nəticədə AXC hakimiyyətinin devrilməsi və Sovet hakimiyyətinin qurulmasını göstərmişdi. 1920-ci ilin əvvəlində Usubbəyov deyirdi ki, müstəqilliyimizə qarşı Rusiyada mübarizə aparan həm sağçı, həm solçu qüvvələr tərəfindən təhlükələr var. Sağçılara qarşı mübarizəmizi aparsaq da hazırda solçular tərəfindən təhlükə artmaqdadır. Onu da qeyd etmək lazımdır ki, həm Gürcüstan həm Azərbaycan İngiltərənin dəstəyinə ümid edirdi. Xoyski Topşubaşova yazdığı məktubda şimaldan olan təhlükə ilə əlaqədar İngilislərdən silahların alınmasına dair cəhdlərdən yazır. Və həqiqətən İngiltərənin nümayəndəsi Stoks 1920-ci ilin martında Azərbaycan ordusunun ehtiyacları barədə məlumatlar toplayırdı. Lakin artıq gec idi. Eyni zamanda Rus bolşevikləri də hadisələri tələsdirirdi, çünki yaxın gələcəkdə Polşa ilə müharibə qaçılmaz idi.       

- İşğal necə başladı? Bolşevik ordusunun Anadoluya yardım bəhanəsi nə qədər real idi?

- 1920-ci ilin martın 28-də Rusiyanın silahlı qüvvələrinin Baş komandanı Kamenev Leninə Qrozi şəhərinin ələ keçirilməsi barədə məruzə edərkən növbəti hədəf kimi Bakı istiqamətində əməliyyatların aparılmasını göstərmişdir. Sonradan bu plana dəyişiklik edildi. Belə ki, Tuxaçevski və Orjonikidzenin 23 aprel tarixində XI-cı Qızıl ordunun komandanı Levandovskiyə göndərilən direktivdə məqsəd kimi təkcə keçmiş Bakı quberniyasının işğalı yox, bütün Azərbaycan ərazisinin işğalı qeyd olunmuşdur. Aprelin 26-dan 27-nə keçən gecək Rusiyanın işğalçı ordusu Azərbaycanla sərhədi artıq keçmişdir. Bu qüvvəyə arxalanan AKP-nin Mərkəzi Komitəsi və Qafqaz bürosunun Bakı Komitəsi eləcə də hələ yaradılmamış Sovet Azərbaycanının hərbi donanmasının komandanı Çingiz Yıldırım tərəfindən AXC hökumətinə və parlamentinə hakimiyyətinin təhvil verilməsinə dair ultimatumlar təqdim edilmişdir. Parlamentdə keçirilən qısa müzakirədən sonra Rəsulzadənin müqavimətinə baxmayaraq hakimiyyətin yenicə yaranmış Azərbaycan İnqilab Komitəsinə verilməsi barədə qərar qəbul edildi. Son Parlament iclasında çıxış edən Rəsulzadə rus ordusunun Türkiyəyə yardım məqsədilə Azərbaycandan keçəcəyi barədə məlumatın yalan olduğunu, bu ordunu işğalçı adlandırır və onun Azərbaycanı tərk etməyəcəyini qeyd edir. 

- İşğaldan sonra Azərbaycan xalqı hansı təzyiq və repressiyalara məruz qaldı?

- İşğaldan sonra yeni hökumət azərbaycanlılardan formalaşsa da faktiki olaraq hakimiyyət partiya strukturlarında, xüsusi ilə də Bakı Komitəsində idi. Orada isə əsas rəhbər vəzifələrdə qeyri millətlər, əsasən erməni, gürcü və ruslar idi. Bunu Nərimanov da öz məktublarında təsdiq edirdi. Aprel işğalından sonra Xalq təsərrüfatı Sovetinin sədri vəzifəsinə təyin edilmiş N.Solovyev Leninə yazdığı hesabatda AKP MK-də olan erməni qruplaşması tərəfindən həyata keçirilən repressiyaların əsasən müsəlmanlara aid olduğunu qeyd edir. Solovyevun sözlərinə görə ermənilər müsəlmənlardan sanki qisas almaq istəyirlər. Aprel işğalı Azərbaycana böyük repressiya fəlakətini gətirdi. AXC dövründə ictimai fəaliyyətlə məşğul olan on minlərlə insanlar məhv olundu. Təkcə 1920-ci ilin aprelin 28-dən 1921-ci ilin avqustuna qədər olan dövrdə 48 min insan siyasi fəaliyyətdə günahlandırılaraq bolşevik terrorunun qurbanları olmuşdur.   

Nicat İsmayılov

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...