Müasir dünyanı idarə edən qüvvələr - Psixoloji müharibələr | Eurasia Diary - ednews.net

29 May, Cümə


Müasir dünyanı idarə edən qüvvələr - Psixoloji müharibələr

Analitika A- A A+

Son dövr yaşadıqlarımız bir daha sübut etdi ki, bəşər övladı ilk növbədə hər şeyə psixoloji hazır olmalıdır. Razılaşmaq lazımdır ki, dünya artıq çoxdan kompüterləşmiş, həyatımızın bütün sahələrini müasir informasiya texnologiyaları bürümüşdür. Bir tərəfdən cəmiyyətin informasiyalaşması həyatımızın bir çox məqamlarını asanlaşdırsa da, bəzən arxasınca fərqinə varmadığımız ciddi problemlər doğura bilir. Bu gün hər birimizin evinə qonaq olan internet özü ilə xoş təəssüratlar gətirir, işimizi, ünsiyyətimizi asanlaşdırır, bəlkə də heç vaxt gedə bilməyəcəyimiz yerlərə aparır, əvvəllər bir məlumat əldə etmək üçün evimizi, bəzən elimizi, yurdumuzu tərk etməyə məcbur qalırdıqsa, indi buna ehtiyac yoxdur və s. Lakin hər sahədə olduğu kimi burada da medalyonun ikinci üzü var. Unutmayaq ki, müasir informasiya texnologiyalarının tamamilə həyatımıza daxil olması ilə onun imkanlarından həmçinin müxtəlif qüvvələr, bəzən də dövlətlər maraqlarına çatmaq üçün mahircəsinə istifadə edirlər. Nəticə etibarilə fərdin, cəmiyyətin, dövlətin, regionun, bəzən də bəşəriyyətin manipulyasiyası baş verir. Manipulyasiya – (kütləvi şüurun manipulyasiyası) insanların davranışlarını proqramlaşdırmaqla onlara mənəvi təsir göstərmək və beləliklə də, iradələrinə hakim olmaq və ya yatırmaq yollarından biridir. Bəli, bu gün dünyada böyük psixoloji müharibə gedir.

Bu gün dünyada gedən psixoloji müharibənin məqsədi – insanların şüurunun tamamilə nəzarət altına alınmasıdır. Bu müharibədə daha çox istifadə olunan “İctimai rəyin” manipulyasiyasıdır. Əvvəldə də qeyd etdiyim kimi, bu təsir birbaşa olaraq insanın zehni quruluşuna yönəldilmişdir. O, gizli şəkildə həyata keçirilir və insanların fikirlərinin, motivlərinin və məqsədlərinin istənilən istiqamətə dəyişdirilməsini qarşıya məqsəd qoyur. Bir sözlə, insan (və ya bütövlükdə cəmiyyət) bəzən özü də düşünmədən addım ataraq, xalqının, millətinin gələcək taleyinə böyük zərbə vurmuş olur. Manipulyasiyanın insan şüuruna təsir edən əsas vasitəsi mediadır (televiziya, radio, mətbuat orqanları, saytlar, sosial şəbəkələr və s.). Məhz media vasitəsilə böyük inqilablar yaratmaq və ya istənilən dövlətdə vətəndaş müharibəsi başlatmaq mümkündür ki, buna da yaxın keçmişdə baş verən “Rəngli inqilablar” və “Ərəb baharlarını” misal gətirmək olar. Lakin media bu günkü gücünü əldə etmək üçün özü də bir neçə texnoloji inqilablar yaşamışdır. Bu inqilablar nəticəsində də insanlara təsir etmə qabiliyyəti daha da möhkəmlənmiş və təkmilləşmişdir. Əsrlər boyu mərhələli şəkildə davam edən məlumatların ötürülməsi və hər kəsə açıq olması prosesi bu gün bütün bəşəriyyət üçün təhlükəli silaha çevrilmişdir. Birinci texnoloji nailiyyət kimi alman alimi İohan Quttenberqin XV əsrin ortalarında metal cihaz üzərində kitab çapı üsulunu kəşf etməsi oldu. Onun bu ixtirası sayəsində hər hansı mətni yığıb istənilən sayda çap etmək mümkün oldu. İnformasiyanın daha sürətli çatdırılması və məlumat mübadiləsi üsulunda inqilab edən ikinci texnoloji ixtira telefon oldu. 1876-cı ildə şotland alimi Qrehem Bell aləmə öz kəşfini – dünyada ilk telefonu nümayiş etdirdi. Məlumat üçün bildirim ki, telefonun ikinci dəfə “dünyaya gəlişi” isə XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verdi. Mobil telefonun ixtirası amerikalı mühəndis Martin Kuperin adı ilə bağlıdır. Bu gün yüz milyonlarla insan simli, optik və ya radiotelefon rabitə kanalları və elektron telefon stansiyaları ilə əlaqə qurur – istədikləri zaman fərdi rabitə texnologiyaları məkanını yaradırlar. Məlumatın insanlara çatdırılması sahəsindəki üçüncü inqilab radionun icad edilməsi ilə baş verdi. 1895-ci ildə sovet alimi A.S.Popovun radio ixtirasından əvvəl insana təsir lokal xarakter daşıyırdısa, artıq onun fəaliyyətə başlaması ilə bütün dünya informasiya-psixoloji müharibənin meydanına çevrildi. Növbəti inqilab XX əsrin 20-ci illərində televiziyanın yaranması ilə başlayır. 1923-cü ildə sovet alimi Vladimir Zvorıgin ilk tam elektron televiziya sistemi yaratmışdır. Televiziya insanlara təsir etmək üçün çox güclü və təhlükəli bir vasitədir. Onun vasitəsilə bir insanı yaradıcılığının ən yüksək səviyyəsinə qaldırmaq və ya ən aşağı dərəcəyə endirmək olar. Bu gün böyük təbliğat metodlarından biri məhz televiziyadır. Buna görə də televiziya və xüsusən də orada yayımlanan proqramlara qarşı son dərəcə diqqətli olmaq lazımdır. Növbəti informasiya inqilabı 1946-cı ildə ABŞ-da dünyaya tanıdılan fərdi kompüter və telekommunikasiya şəbəkələri tərəfindən edildi. Fərdi kompüterlərin telekommunikasiya şəbəkələrinə qoşulması yeni texnologiyalarla informasiya texnologiyalarının meydana çıxmasına zəmin yaratdı. Sonralar 1969-cu ildə qlobal şəbəkə – internetin yaranması ilə müasir dünya güclərinin imkanları daha da artdı. Günümüzün kompüter və telekommunikasiya şəbəkələri qlobal hadisə olaraq, artıq dünyanın siyasi xəritəsini və güc mərkəzləri arasındakı mövcud münasibətləri dəyişdirməyə qadirdirlər. Beləliklə müasir informasiya texnologiyaları inkişaf etdikcə medianın insan şüuruna təsiri də artacaqdır.
 
 
ARDI VAR...
 
Elvin Talışınski
politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...