Həmvətənlərimizə qarşı təhqirlərin ardı-arası kəsilmir - Dövlət nə etməli? | Eurasia Diary - ednews.net

29 May, Cümə


Həmvətənlərimizə qarşı təhqirlərin ardı-arası kəsilmir - Dövlət nə etməli?

Analitika A- A A+

Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin məşhur bir fikri var:

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.

H.Əliyev bu sözləri Dünya Azərbaycanlılarının Birinci Qurultayında demişdi. Onun hədəfi dünya azərbaycanlıları ilə Azərbaycan Respublikası arasındakı həmrəyliyi qurmaq, onlara soy köklərini xatırlatmaq və gələcəkdə bu azərbaycanlıları Azərbaycan dövlətinin milli maraqları naminə xidmət edən, Azərbaycana bağlı olan lobbiçilərə çevirmək idi. Ömrü vəfa etmədi və bu çıxışından 2 il sonra dünyasını dəyişdi. Üstündən 17 il keçdi, bəs bu gün dünya azərbaycanlıları ilə Azərbaycan Respublikası arasındakı münasibətlər necədir? Onlarla necə iş aparılır? Onların problemlərinə rəsmi Bakı necə yanaşır?

Hazırkı durumu izah etmək üçün son illərdə baş verən bir neçə hadisəni ardıcıl sadalamaqda fayda var:

2011-ci il, Güney Azərbaycan, Urmiya. 5 azərbaycanlı məhkəmə qərarı ilə edam edilir. “BBC”nin məlumatlarına görə edam edilən azərbaycanlıların məhkəmə işi kortəbii aparılıb. Onların cinayət törətdikləri sübuta yetirilməyib.

2014-cü il, Rusiya Dövlət Duması, LDPR partiyasının sədri Jirinovski azərbaycanlıları təhqir edir, ümumiyyətlə belə bir xalqın mövcud olmadığını iddia edir. 2017-ci ildə isə Rusiyadakı azərbaycanlılara qarşı təzyiqlər artır. Bazarlarda çalışan yüzlərlə həmyerlimiz “OMON” basqınları nəticəsində saxlanılır, döyülür, deportasiya edilir.

2015-ci il, İran dövlət televiziyasının yayımladığı “Fitilieh” verlişində azərbaycanılar təhqir edilir.

2019-cu il, Gürcüstan, Samtsxe-Cavaxeti rayonu. 1990-cı illərdə Qarabağda döyüşmüş, Azərbaycan torpaqlarının işğalında bilavasitə iştirak etmiş, yüzlərlə günahsız azərbaycanlını qətlə yetirmiş erməni terrorçu Mixail Avagyana heykəl ucaldılır, həm də Azərbaycanlıların milli hüzn günü olan 20 yanvar tarixində.

Və 2020-ci il. 15 martda Türkiyədə Azərbaycanlı iş adamı, messenat Mübariz Mənsimov "fetö" terror təşkilatı ilə əməkdaşlıqda ittiham edilərək həbs edilir. 30 apreldə Qazaxıstan sərhədçiləri sərhəddi pozan 4 azərbaycanlı balıqçıya atəş açır, biri ölür, ikisi yaralanır. 3 mayda Gürcüstan Əlyazmalar İnstitutunun rəhbəri Zaza Abaşidze Marneuildə yaşayan azərbaycanlıları təhqir edir.

Azərbaycanın yaradılış fəlsəfəsi

Gələk əsas məsələyə. Hazırda vətəndaşı olduğumuz dövlətin adı bilirsinizmi niyə Azərbaycandır? Cümhuriyyət yaranan ərəfələrdə Böyük Öndər Məhəmməd Əmin Rəsulzadə liderliyində müstəqil dövlətimizi qurmağa çalışan ziyalılarımız dövlətin adının nə olacağını uzun zaman müzakirə etmişdilər. “Türküstan”, “Azadıstan” kimi adlar gündəmə gətirilirdi. Lakin Rəsulzadə başda olmaqla “Qurucu Baba”larımız dövlətin adının məhz Azərbaycan olmasında israr etdilər. Çünki onlar bu dövlətin dünyada yaşayan bütün azərbaycanlıların hamisi olmasını arzu etmişdilər. İranda, İraqda, Gürcüstanda, Türkiyədə, Ermənistanda və dünyanın istənilən yerində soykökü Azərbaycana bağlı olan hər kəsin dövləti olacaqdı Azərbaycan Cümhuriyyəti...

Ona görə də bu gün vətəndaşı olub-olmamasından asılı olmayaraq, Azərbaycan bütün dünya azərbaycanlılarının hamisi, qoruyucusu, "dövlət baba"sı omağı bacarmalıdır. Çünki Rəsulzadə öndərliyində qurulan dövlətin yaradılış fəlsəfəsi məhz bundan ibarətdir. Dünyanın istənilən ölkəsində yaşayan azərbaycanlı, dərdi, problemi olduğu zaman Azərbaycan Respublikasını arxasında bir dayaq kimi görməli, hiss etməlidir. Təbii ki, bunun üçün əvvəl dövlət öz daxilindəki vətəndaşların problemlərini və bu problemlərə səbəb olan amilləri həll etməlidir.

Bəs nə etməli?

Tez bir zamanda dünya azərbaycanlıları ilə iş üzrə Milli Məclis Komitəsi yaradılmalıdır. Bu komitə mütəmadi olaraq dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılarla əlaqələr qurmalı, onların problemlərini dinləməli, qayğılarına qalmalı və başqa dövlətlərin daxili işlərinə qarışmadan problemlərin həlli yollarını axtarmalıdır.

Xarici İşlər Nazirliyi həmvətənlərimizə qarşı edilən hörmətsizlik hallarına operativ və sərt reaksiya verməlidir. Xüsusilə Qazaxıstan örnəyində olduğu kimi belə hallar aşkarlanan zaman gecikmədən ölkənin səfiri XİN-ə çağırılmalı və nota verilməlidir. Eyni zamanda Azərbaycanın xüsusilə qonşu dövlətlərdəki səfirlikləri vətəndaşlığından asılı olmayaraq azərbaycanlıların pənah yerinə çevrilməlidir. Bunun üçün isə professional və millətpərvər diplomatlara ehtiyac var. 

Xüsusilə ölkədən kənarda faliyyət göstərən azərbaycanlı iş adamları ilə dövlətin əməkdaşlığı gücləndirilməlidir. Müxtəlif ölkələrdə biznes şəbəkələri olan iş adamlarının əlverişli şərtlərlə Azərbaycana investisiya qoyması təşviq edilməlidir. Azərbaycan iş adamlarının isə dünyaya inteqrasiyası dövlət tərəfindən dəstəklənməlidir.

Təbii ki, dünyadakı bütün soydaşlarımızın hamisinə çevrilmək dövlətimiz üçün müəyyən risk və təhdidlər də doğura bilər. Lakin İsrail modelində gördüyümüz kimi, soydaşlarına sahib çıxmaq siyasəti gələcəkdə ölkəyə çox böyük siyasi və iqtisadi dividentlər qazandırır. Dünya azərbaycanlıları ilə qurulan uğurlu iş ən əsası Avropada və Rusiyada erməni lobbisi və digər anti-milli ünsürlərin dövlətçiliyimiz əleyhinə fəaliyyətinin qarşısını ala bilər.

Nicat İSMAYILOV (TÜRKEŞ)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...