Türkiyədə dövlət çevrilişinə cəhd hazırlanır? | Eurasia Diary - ednews.net

29 May, Cümə


Türkiyədə dövlət çevrilişinə cəhd hazırlanır?

Analitika A- A A+

2020-ci ilin ilk beş ayında Türkiyədə ən çox müzakirə olunan mövzulardan biri də hərbi çevriliş iddialarıdır. Bu iddiaların ilin trend mövzularının başında gəlməsi bir neçə faktorla bağlıdır. Lakin bu iddiaları bu il ilk dəfə ortaya atan ABŞ mərkəzi araşdırma qurumu olan RAND Corporation oldu. 2020-ci ilin fevral ayında yayımlanan qurumun Türkiyə ilə əlaqədar hazırlanmış hesabatında qeyd edildi ki, Türk ordusunda xüsusilə orta rütbəli zabitlər ölkədə baş verən proseslərdən bərk narahatdır. RAND-ın hesabatında yer alan hipotezaya görə bu Türkiyədə hərbi çevrilişə yol aça bilər.

İlin digər bir ciddi çevriliş iddiası ilə Türkiyənin əsas müxalifət partiyası CHP-nin İstanbul təşkilatının rəhbəri, tanınmış siyasətçi Canan Kaftançıoğlu çıxış etdi. Daha doğrusu Kaftancıoğlunun açıqlamaları Ərdoğan iqtidarı tərəfindən “çevriliş iddiası” kimi cəmiyyətə təqdim edildi.

C.Kaftancıoğlu: “Belə bir reallıq var ki, qorxuları ağılla deyil, qəzəb və eqoyla, bir şəxsin iradəsi əsasında aradan qaldırmağa çalışması mövcud iqtidarı heç də yaxşı bir yerə aparmır. Qarşımızdakı seçkilərdə, növbədənkənar seçkilərdə və ya başqa bir şəkildə bu ölkənin, həqiqətən də xalqın gözü açıldı. Xalq kimin özünəxidmət üçün çalışdığını bilir. Bir iqtidar dəyişikliyi, hətta bir sistem dəyişikliyinin olacağını düşünürəm”.

Kaftancıoğlunun açıqlamalarındakı “və ya başqa bir şəkildə” ifadəsi Türkiyədə iqtidara yaxın mətbuat orqanları tərəfindən hərbi çevrilişə işarə kimi şərh edildi. Hətta dövlət başçısı Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” hesabında çevriliş iddialarına reaksiya verdi:

Ərdoğan: “Bizim Allaha can, millətimizə xidmət borcumuzdan başqa heç kimə “eyvallah”ımız yoxdur. Nə edirlər etsinlər. Biz bu yoldan dönməyəcəyik”.

CHP lideri Kamal Kılıçdaroğlu isə Türkiyədə CHP-nin iqtidara gəlməyə yaxın olduğu hər dövrdə belə iddiaların gündəmə gətirildiyini bildirərək açıqca iqtidar alternativi deyil, iqtidar namizədi olduğunu vurğuladı.

Beləliklə, bir siyasətçinin açıqlamalarının iqtidara yaxın media qurumları tərəfindən “yozulması” məsələyə ölkə prezidentinin qarışmasına, reaksiya verməsinə səbəb olur və nəticədə adi bir fikir az qala bütün türk ictimaiyyətinin müzakirə mövzusuna çevrilir. Bu Türkiyədə iqtidarın həyata keçirdiyi mükəmməl siyasi manipulyasiya taktikasının bir örnəyidir.

Siyasi manipuliyasiya siyasi aktorların (partiya, lider və s.) cəmiyyəti bir istiqamət və ya düşüncədən digərinə, əks istiqamətdə yönləndirmə üsuludur. Xüsusilə, iqtidarlar geniş informasiya resursları və şəxsi populyarlıqlarından istifadə edərək geniş xalq kütlələrinin fikrini yayındırmaq, ölkə gündəmini dəyişdirmək və ya vətəndaşları istəmədikləri bir işi görməyə məcbur etmək üçün bu tipli taktikalardan tez-tez istifadə edirlər.

Ərdoğan iqtidarı da öz növbəsində hər dəfə çətinə düşəndə türk xalqının “çevriliş” fobiyasına sığınır. Türkiyə Cümhuriyyətinin siyasi tarixində 4 dəfə uğurlu dövlət çevrilişi baş tutub və bunları Türk Silahlı Qüvvələri həyata keçirib. 1960-cı il hərbi çevrilişində dövrün baş naziri Adnan Menderesin edam olunması, 1971-ci il çevrilişindən sonra kütləvi həbslərin yaşanması, 1980 çevrilişində repressiya skandalları, edamlar, 1997-ci il çevrilişində isə ölkədəki siyasi islamçıların, o cümlədən, geniş xalq kütlələrin dəstəklədiyi Ərbakanın az qala bütün ömrü boyu apardığı mübarizədən sonra hədəflərinə çatmağa az qalmış istefaya məcbur edilməsi türk xalqının ictimai təfəkküründə “çevriliş fobiyası”nı yerləşdirib. Təbii ki, 400-dən çox türk vətəndaşının həyatını itirməsinə səbəb olan 2016-cı il FETÖ çevriliş cəhdi bu fobiyanı daha da gücləndirib və xalqın mütləq əksəriyyətini anti-çevrilişçiyə çevirib.

Türkiyədə xüsusilə FETÖ çevriliş cəhdi türk xalqının hərbi çevrilişə qarşı antipatiyasını artırmış, eyni zamanda çevrilişə qarşı milli həmrəyliyin zəminini hazırlamışdır. Ona görə də bu gün günü-gündən nüfuzu zəifləyən iqtidar “çevriliş manipuliyasiyası”ndan istifadə etməklə alt təbəqənin özünə olan dəstəyini bərpa etmək və ölkə ictimaiyyətinin diqqətini sosial-iqtisadi problemlemlərdən uzaqlaşdırmağa çalışır. Təbii ki, bunlar yaxın gələcəyə dair planın hədəfləridir.

Uzunmüddətli planda isə 2023-cü ildə ikinci prezidentlik dövrünün sonuna çatacaq Ərdoğanın iqtidar ömrünü uzatmaq arzusu var. Türk konstitusiyasına görə prezident üçüncü dəfə seçilə bilməz. Ərdoğanın yoxluğu isə AKP-nin yoxluğu mənasına gəlir. Bu səbəbdən bütün AKP qurumları, siyasətçilər, millət vəkilləri, mətbuat nümayəndələri AKP-nin və Ərdoğanın iqtidar ömrünü uzatmaq üçün formulalar axtarır. Türkiyədəki iqtidarın siyasi manipulyasiyalarının uzunmüddətli hədəfi Ərdoğanın üçüncü dəfə seçilə biləcəyi yeni bir formata zəmin hazırlamaqdır.

Qeyd edək ki, hazırda Türkiyədə lirənin dollar qarşısında dəyərdən düşməsi prosesi davam edir. Bir dollar təxminən 7 lirədir. Türkiyə dünyada ən çox koronavirusa yoluxma faktı aşkarlanan 8-ci ölkədir və son iki ayda 3894 nəfər türk vətəndaşı pandemiyanın qurbanı olub. Eyni zamanda pandemiya ilə bağlı həyata keçirilən sosial izolyasiya tədbirləri ölkədə bir çox iş yerlərinin fəaliyyətinin dayandırmasına səbəb olub. Hazırda Türkiyədə təqribi olaraq hər dörd gəncdən biri işsizdir. Digər tərəfdən isə ölkədə 4 milyondan artıq suriyalı qaçqın yaşayır. Xarici siyasətdə isə Türkiyə Rusiya və ABŞ arasında balansı saxlaya bilməməklə birlikdə geopolitik fərariyə çevrilib. Türkiyənin hansı regionda hansı qlobal güclə müttəfiq olduğu məlum deyil. Misir, Yunanıstan, Suriya, BƏƏ, Səudiyyə Ərəbistanı kimi dövlətlərlə "qanlı-bıçaq” olan Ankara, ABŞ və Rusiya ilə dəyişkən, İranla soyuq, Çinlə mülayim, Avropa ilə isə gərgin münasibətlərə sahibdir. Mürəkkəb və bir o qədər də uğursuz xarici siyasət strategiyası Suriya böhranında görüldüyü kimi ölkə daxilində iqtidara yeni problemlər yaradır.

Beləliklə, Ərdoğan iqtidarı üzləşdiyi (yaratdığı) daxili və xarici problemlərlə boğuşarkən, bir yandan da iqtidarda qalma yollarını axtarır və gündəm dəyişir. Türkiyədəki çevriliş iddialarının məğzi bundan ibarətdir...

Nicat İSMAYILOV

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...