Belarusda 9 Avqust tarixində keçirilən seçkilər bir sıra iğtişaşlara və suallara səbəb olub. Qeyd edək ki, seçkilər zamanı müxalif namizəd Svetlana Tixanovskaya nəticələrin saxta olduğunu bəyan edib. Müxalifət tərəfdarları baş vermiş hadisəyə etiraz olaraq yürüşlər və mitinqlər keçirməyə başlayıb. Bu yürüşlərdə polis qüvvələri ilə etirazçılar arasında ciddi insidentlər baş verib.
Seçki prosesi zamanı Belarusun prezidenti Aleksandr Lukaşenko 80 faiz səs çoxluğu ilə qalib olaraq növbəti dəfə də öz hakimiyyətini qoruyub. Lakin baş verənlər və onun mümkün nəticələri Azərbaycan tərəfindən də ciddi şəkildə təhlil olunur. Belarusda seçkilərin keçirilməsi bir çox məqamlara diqqəti cəlb etdi. Beləki, əsas sual Belarusda keçirilən seçkilərin və gələcəkdə mümkün hakimiyyət dəyişikliklərinin Azərbaycanla əlaqələrə necə təsir etməsidir. Bu barədə EDNews.net Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikirlərini alıb.
Politoloq Belarusun Azərbaycan üçün önəmini qeyd edərək hadisələrin mümkün təsirlərini izah edib.
“Belarus Azərbaycan üçün çox vacib ölkə və tərəfdaşdır. Bunu bir neçə səbəbdən izah etmək olar. İlk öncə qeyd edək ki, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Ermənistan bəzən yanlış olaraq düşünür ki, KTMT və onun üzv dövlətləri Ermənistanın işğalçı siyasətini dəstəkləməlidir. Hətta təxribatlara yol verdikdə və Azərbaycana hücum təşkil etdikdə guya bu təşkilat onun mövqeyini dəstəkləməlidir. Amma Belarus heç bir zaman Ermənistanın işğalçı siyasətini dəstəkləməyib, əksinə Azərbaycanla tərəfdaşlığa önəm verir, baxmayaraq ki, biz KTMT üzvü deyilik”.
Elxan Şahinoğlu iki ölkə liderləri arasında da sıx münasibətlərin mövcudluğunu da vurğulayıb. Bundan əlavə olaraq, o, ölkələr arasında da əlaqələrin perspektivlərinə aydınlıq gətirib.
“Digər əsas səbəb isə budur ki, biz Belarusdan hərbi texnika da alırırq. Bu da Azərbaycan üçün vacibdir. Biz hansı ölkədən hərbi texnika alırıqsa o dövlət bizim əsas tərəfdaşlarımızdan birinə çevrilir. Belarus bizə zamanında vacib raket sistemləri satıb və bu, Ermənistanın ciddi narahatlığına səbəb olsa da, onlar bunun qarşısını ala bilməyib. Eyni zamanda iqtisadi istiqamətdə də əməkdaşlıq davam edir.”
Politoloq düşünür ki, hadisələrin inkişafı Lukaşenkonun hakimiyyətdən getməyəcəyini göstərir..
“Düzdür müxalifət etiraz mitinqləri və yürüşlər keçirdib və Lukaşenkoya təzyiq artır. Lakin o, hakimiyyətini qoruyur və düşünürəm ki, o, həm daxili imkanlara hesabən həm də Rusiyadan dəstək hesabına hakimiyyətini bir müddət saxlamağa çalışacaq."
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Belarus rəhbərliyinin Azərbaycanla əlaqələrə təsirinə də toxunaraq Gürcüstan misalı ilə müqayisə edib.
“Dövlətlərarası münasibətlərdə liderlərdən də çox şey asılıdır. Misal üçün Saakaşvili prezident olanda Azərbaycan-Gürcüstan strateji əlaqələri üst səviyyədə idi, amma indi görürük ki, bəzən Gürcüstanın indiki hakimiyyəti Azərbaycanla Ermənistan arasında bərabərlik işarəsi qoyur. Hətta Ermənistanla sərhəddəki son insidentdən sonra Gürcüstan prezidentinin dırnaqarası balanslı açıqlamaları bizdə haqlı narahatlıqlar doğurdu. Buna görə əlbəttə Lukaşenko hakimyyətdən getsə və qərbpərəst lider gəlsə biz bilmirik ki, o, Azərbaycana əvvəlki kimi əhəmiyyət verəcəkmi”.
Politoloq hesab edir ki, Belarusa hər zaman Azərbaycan kimi tərəfdaş lazımdır və bu, bir sıra səbəblərə dayanır.
“Amma məncə Belarusa hər zaman Azərbaycan kimi tərəfdaş lazımdır, çünki bizim kreditlər onlar üçün faydalıdır, Azərbaycanın Belarusdan hərbi texnikalar alması da onların gəlirlərinin artması deməkdir, nəzərə alsaq ki, Belarusun maliyyə imkanları o qədər də geniş deyil. Yəni hansı lider gəlir gəlsin, məncə Azərbaycanla tərəfdaşlığı arxa plana atmayacaq.”
Elxan Şahinoğlu son olaraq fikirlərini Ukrayna misalına toxunub.
“Misal üçün Ukraynının bütün liderlərinin Azərbaycanla sıx münasibətləri olub. Poroşenko da və Zelenski də Azərbaycana önəm verib. Təsadüfi deyil ki, Zelenski Cənubi Qafqaz səfərində ilk olaraq Azərbaycana gəlmişdi. Sərhəd insidentində də ən çox dəstək aldığımız ölkələrdən biri də Ukrayna idi. Eynilə Belarusda da hakimiyyət dəyişsə də yeni gələn rəhbərlik Azərbaycanla münasibətlərdə tərəfdaşlığı nəzərə almağa məcburdu.”
Ülvi Əhmədli