Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri ilə görüşü zamanı deyib ki, Minsk Qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ssenarilər yazmır, Azərbaycanla Ermənistanın öz aralarında danışa bilməsi üçün şərait yaradır (?!).
Eurasia Diary xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Facebook" səhifəsində deyib.
"Bu nə cəfəng açıqlamadır? Əgər həmsədrlərin səlahiyyəti Lavrovun dediyi kimi yalnız tərəflərin danışması üçün şərait yaratmaqdırsa, onların 25 ildə hazırladıqları müxtəlif həll planları (“mərhələli həll”, “paket həll”, “ümumi dövlət prinsipi” və “Madrid planı”) nədir?
Lavrov bununla yenə Bakıya açıq mesaj göndərir ki, “bizdən münaqişənin həllini gözləməyin”. Siz münaqişəni həll etmək istəmirsinizsə, fəaliyyətiniz nəyə lazımdır? Azərbaycan və Ermənistan rəsmilərinin görüşünü təşkil etmək üçün 3 böyük dövlətin vasitəçiliyinə ehtiyac yoxdur. Rusiya və Gürcüstan arasında olduğu kimi Azərbaycan və Ermənistan rəsmiləri də ara-sıra İsveçrədə görüşüb fikir mübadiləsi apara bilərlər. Bunun üçün həmsədrlərə ehtiyac yoxdur".