Fransanın Türkiyəyə qarşı sərt mövqeyinin əsl səbəbi nədir? - türk ekspert açıqladı | Eurasia Diary - ednews.net

29 Oktyabr, Cümə axşamı


Fransanın Türkiyəyə qarşı sərt mövqeyinin əsl səbəbi nədir? - türk ekspert açıqladı

Analitika A- A A+

Fransa Prezidenti Emmanuel Makron, ötən gün Türkiyə hökumətinə qarşı kəskin bəyanatla çıxış edərək, "Biz avropalılar, Türk xalqına deyil, (Türkiyə Prezidenti Rəcəb Tayyib) Ərdoğan hökumətinə qarşı açıq və sərt olmalıyıq", söylədi. Makron, "Bu məsələlər yalnız NATO-nun öhdəsinə buraxılmamalı, Avropa ölkələrinin bu mövzularda sərt münasibəti olmalıdır", dedi.

Fransa-Türkiyə münasibətlərindəki gərginliyin səbəblərini öyrənmək üçün Eurasia Diary Türkiyəli politoloq, Afrika regionu üzrə ekspert Engin Özerdən müsahibə alıb.

Makronun Türkiyəyə qarşı çox sərt mövqedən çıxış etməsinin əsas səbəbi nədir?

- Türkiyə 2005-ci ildən bəri Afrikada geosiyasi mövqeyini möhkəmləndirmə siyasəti yürüdür. Bu siyasətin əsasında Afrika ölkələri ilə inkişafa əsaslanan ikitərəfli ticari əməkdaşlığa dair razılaşmalar durur. Bundan da ən çox Fransa ziyan çəkir. Türkiyə Malidən başlayaraq Kamerun və Burkina Fasoya qədər bölgədə Fransanın 14 keçmiş müstəmləkəsi ilə həm diplomatik missiyalarını, həm də Türk Hava Yollarının səfərlərini artıraraq təsir gücünə malikdir. Bu da təbii ki, Fransa üçün ciddi təhdid yaradır. Fransanın Yaxın Şərqdəki Liviya kimi strateji müttəfiqləri də Türkiyənin güclənməsilə mövqelərini dəyişdirdi. Məsələ əsasən Afrika ilə və qismən Yaxın Şərqlə bağlıdır.

Fransa Türkiyə ilə münasibətlərini korlamaqla NATO-ya və dolayısı ilə Tramp administrasiyasına mesajmı verir?

- Makron NATO-nun beyin ölümü yaşadığını deyib. Makronun əsas layihəsi Almaniya ilə bərabər Avropa ordusu qurmaqdır. Bununla yanaşı, “Brexit”dən sonra İngiltərəni kənarlaşdırmaqdır. Makron Avropanın mıərkəzində iki keçmiş imperiyanın yeni ittifaqını yaratmaq haqda düşünür. NATO-nun səmərəsiz olduğunu, Avropanı Rusiyaya qarşı müdafiə edəməyəcəyi, buna paralel olaraq Türkiyənin də etibarsız NATO müttəfiqi olduğunu, NATO-nun ittifaq kimi bütöv olmadığını, Türkiyənin də gələcəkdə Avropa üçün bir təhdid yarada biləcəyini, Avropanın Fransa və Almaniya əsas olmaqla öz ordusunu yaratmasının lazım gəldiyini, NATO-nun dağılmalı olduğunu düşünür. Bu səbəbdən Makron Türkiyəni burada NATO-nun içindəki bölünməni göstərən bir element hesab edir.

Fransanın Avropa İttifaqı daxilində NATO-ya alternativ hərbi ittifaq yaratması üçün hansı şərtlər lazımdır?

- Tramp administrasiyası da NATO-nu tam olaraq ittifaq kimi görmür. NATO qərarvermək baxımdan qeyri-müəyyənlik göstərir. Bunu Ukrayna və Gürcüstan məsələlərində gördük. Türkiyə ilə münasibələri biraz da pozulandan sonra Türkiyənin NATO-dan çıxarılması məsələsi gündəmə gələcək. Lakin NATO-da belə bir mexanizm yoxdur. Bu səbəbdən Belarus və Rusiya ittifaqından sonra qurulacaq böyük dövlətlə bərabər daha böyük təhdid olaraq qəbul ediləcək. Avropanı özünü müdafiə etməsi lazım olduğu vurğulacaq. Son zamanlar ABŞ Almaniyadakı hərbçilərini çıxarıb. NATO-nun böyük bir tərkibi Polşadadır. Buna paralel olaraq xarici güclərə etibar edilməməsi səbəbindən yaxın zamanda Avropa İttifaqı ordusu yaradılacağnı düşünürəm. Lakin bu halda ABŞ-ın NATO daxilindəki etibarlı müttəfiqləri, ən çox da Polşa buna qəti şəkildə qarşı çaxacaq. Lakin bugünki Aİ ölkələri ilə Avropa ordusu qurula bilməz. Daha kiçik əhatədə qurula bilər.

Fransanın Suriyada PKK-nı, Liviyada Haftar hökumətini dəstəkləməsinin səbəbləri nədir?

- Fransızların kürdlərlə əlaqələri keçmişə dayanır. Fransua Mitteranın dövründə onun həyat yoldaşının ən böyük PKK dəstəkçisi olduğu deyilirdi. Yəni, bu yeni siyasət deyil. Fransızların PKK ilə əlaqələri çox dərindir. Lakin bu bölgədə qala bilmək üçün fransızların müəyyən qruplarla əməkdaşlıq etməsi lazımdır. Digər islamçı qruplarla əməkdaşlığı mümkün olmadığı üçün bu gün seçimi kürdlərdən yanadır. PKK-nın rəhbərlərinin çoxu Fransada yaşayır. Fransa onları təslim etməz. Bu münasibətlərə uyğun olaraq hərəkət edirlər.

Fransa Liviyada bugünə qədər ikili oyun oynayırdı. Həm Sərrac hökumətini, həm də Həftarı dəstəkləyirdi. Türkiyə Sərrac hökumətinə hərbi yardım etdikdən sonra Fransa Trablus tərəfdə bir az oyundan kənarlaşdırıldı. Qeyd edək ki, Liviya əməliyyatı başlayandan bəri Fransa ən təsirli oyunçudur. Hesab edirəm ki, ABŞ-dan da təsirli oyunçudur. İlk hava hücumunu Fransa etmişdi. Çünki Liviya məsələsini təhrik edən də fransızlar idi. Sadəcə bugün onlar Sərrac hökuməti ilə anlaşa bilmirlər. Onların məqsədi Siirt xəttini tutaraq Niger sərhədinə kimi olan bölgədə Türkiyənin hakim olmasına icazə verməməkdir. Niger Fansanın hərbi əməliyyatlar üçün logistik yoludur. Bu ərazini əllərində saxlamaları lazımdır. Türkiyə bura girərsə bölgədə Fransanın təsiri xeyli azalacaq. Fransanın burada əsas hədəfi neft amili deyil, müstəmləkələrini nəzarətdə saxlamaqdır. Bu Fransa üçün çox böyük təhdiddir. Bu məsələdə Fransanın tam olaraq Həftarı dəstəklədiyini demək doğru olmaz. Burada rus faktoru var. Başqa sözlə rus amilinin olması Türkiyədən daha yaxşı deyil. Fransanın istədiyi Liviyada stabilliyin olmamasıdır, onlar öz təsirlərini sərhədlərin qeyri-müəyyənliyi üzərindən həyata keçirirlər.

Makron, Aİ ilə Türkiyə arasındakı danışıqların hər iki tərəf üçün də faydalı olduğunu, iqtisadi və enerji sahələrində yenidən ortaq mövzuların ola biləcəyini söylədi. Bu haqda nə düşünürsüz?

- Mediada Fransa-Türkiyə gərginliyi çox şişirdildi. Halbuki, Fransa Türkiyənin 150-200 illik ticarət tərəfdaşıdır. Bəzən belə gərginliklər olub. Fransanın bu ölkədə çox böyük investisiyaları var. Türkiyənin də Fransada çox böyük diasporası var. İki ölkə razılaşa bilər. Diplomatik cəhətdən razılaşa biləcəklərini düşünürəm. Aralarındakı problemlər münaqişəyə çevrilmədi. Fransa Liviyada qeyri-stabillik sürməsini  istəyir. Makron üçün bölgədə Türkiyənin üstün olması Rusiyanın üstün olmasından daha pis deyil.   

NATO Yunanıstanla Türkiyə arasında texniki göruş təşkil etməklə vəziyyəti sabitləşdirməyə çalışır, bəs Fransa ilə Türkiyənin münasibətlərinin normallaşması üçün nə lazımdır?

- NATO qərarvermə üçün, yəni mübahisələrin həllində rol oynayacaq bir platforma deyil. İki NATO ölkəsi arasında mübahisə yaşanırsa, bunu NATO həll etmir. Sadəcə tövsiyyə verilə bilər. Yaxın zamanda Yunanıstanla bağlı məsələnin həll ediləcəyini düşünürəm. Şərqi Aralıqda Fransanın itirəcəyi bir şey yoxdur. Fransa ilə problem Liviya və Liviyadakı logistik yolu ilə bağlıdır. Əgər Türkiyə Milli Barışıq Hökumətinin tutduğu yerləri logistik baxımdan istifadə edə bilərsə, Trablus limanından Niger sərhədinə qədər uzanan dəmir yolu ilə Fransanın keçmiş müstəmləkələrinə aparan ortaq ticarət yolu açıla bilər. Bunu da Fransa ilə Türkiyə birlikdə istifadə edə bilərlər.

Türkiyə və Fransa arasında çox ciddi dialoq problemi yaşandı. Hesab edirəm ki, bu sivil toplum vasitəsilə həll edilə bilər. Bunun böhrana çevriləcəyini düşünmürəm.

Gülnar Səlimova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...