14 sentyabr Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin yeni Milli Təhlükəsizlik Strategiyasının qəbulu ilə bağlı fərman imzalayıb.
Yeni strategiyaya görə Azərbaycan və Türkiyə 5 strateji tərəfdaş sırasına daxil olunub. Eurasia Dairy Ukrayna Siyasəti Elmləri Mərkəzinin direktoru Maksim Semyonovla Ukraynanın yeni Milli Təhlükəsizlik Strategiyası çərçivəsində Azərbaycan ilə yeni tərəfdaşlığına dair müsahibə alıb.
Politoloq hazırkı zamanda tərəflər arasında hərbi-texniki əməkdaşlığın artıq mövcud olduğunu qeyd edib. Mövcud sazişə görə bir ay əvvəl Ukrayna Azərbaycanın “Kolçuqa” sistemlərinin təmir işlərini həyata keçirib.
“Bizim tərəflər arasında həm də hərbi təchizat və tank, BTR və digər hərbi texnikaların modernizasiyası əməliyyatı aparılır. Həm də ölkələrimiz arasında hava hücumundan müdafiə sistemlərinin birgə inkişafı barədə razılaşma olub. Strateji tərəfdaşlıq Azərbaycan və Ukrayna hərbçiləri arasında təcrübə mübadiləsini təmin edir, çünki ordularımız müharibə vəziyyətindədir (Qarabağ və Donbas münaqişələri). İnanıram ki, bu iki ölkənin hərbiçiləri üçün bu istiqamətdə əməkdaşlıq etmək maraqlı olacaq.
Biz başa düşürük ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər çox dərindən inkişaf etmişdir və bu münasibətlər Ukrayna ilə Türkiyə arasında da yaxşı inkişaf etmişdir. Burada Qara dənizdə təhlükəsizliyin təmin edilməsindən, Türk pilotsuz təyyarələrinin tədarükündən və s. haqqında danışırıq” deyə politoloq bildirib.
Ölkələrimiz arasında belə bir tərəfdaşlığın səbəblərindən danışan Semyonov qeyd edib ki:
“Azərbaycanla Ukrayna arasında belə bir tərəfdaşlıq bağlamasının səbələrindən biri də budur: hər iki ölkənin həll olunmamış ərazi bütövlüyü məsələsi var, yəni Ukrayna ilə Azərbaycan bu məsələdə ortaq vəziyyətə sahibdirlər”.
Volodimir Zelenskinin 2019-cu ilin dekabrında Bakıya səfərinin məqsədini və bu il iyul ayında, Dağlıq Qarabağ münaqişəsinin gərginləşdiyi dövrdə Ukrayna liderinin iki dəfə (dekabrda olduğu kimi, həm də bu ilin iyulunda) birbaşa Azərbaycanın ərazi bütövlüyünü vurğulaması kimi məqamlara toxunan politoloq bunları ölkələrimiz üçün əhəmiyyətli hadisələr adlandırıb.
“Üstəlik, Ukrayna Azərbaycan üçün hərbi nöqteyi-nəzərdən çox maraqlı tərəfdaşdır. Öz növbəsində, Azərbaycan Ukrayna iqtisadiyyatına sərmayəçi və neft tədarükçüsüdür”.
Ekspert həm də bu tərəfdaşlığın iştirakçılarının mümkün genişlənməsinə də toxunub.
"Ukrayna nöqteyi-nəzərindən vəziyyət sadə deyil. Çünki Ukraynada hazırda dolğun xarici siyasət qurulmayıb, bu istiqamətdə Zelenski rəhbərliyinin çox böyük problemləri var. Yeni müttəfiqlərin axtarışı prioritet deyil, bizə mövcud olanlarla əlaqələri saxlamaq vacibdir. Misal üçün, Belarus məsələsində, Kuleba (Ukrayna Xarici İşlər naziri) və Zelenskinin sərt açıqlamaları tərəfdaş-dost olan ölkə ilə münasibətlərin "soyumasına" səbəb ola bilər.
Ukraynanın digər tərəfdaşlarına gəlincə, düşünürəm ki, mövcud münasibətlərin inkişafına daha çox diqqət yetiriləcəkdir. Yeni ortaq kim ola bilər? Gürcüstan o qədər güclü tərəfdaş deyil, Ukrayna Azərbaycana dəstək verdikdən sonra Ermənistan ümumiyyətlə Ukraynanın ortağı ola bilməz. Buna görə mənə elə gəlir ki, burdakı tərəfdaşların siyahısı qətiliklə məhduddur ”.
Xatırlayaq ki, Ukrayna NATO üzvlüyünə namizəd ölkədir.
Politoloq yaxın perspektivdə tərəfdaşlıq çərçivəsində tərəflər arasında hərbi bazaların yerləşdirməsinin az ehtimal olunduğunu bildirib.
“Orta-müddət üçün hesablasaq belə bu ehtimal azdır, çünki Ukraynanın resursları xarici ölkədə baza yerləşdirməsinə imkan vermir. Azərbaycan haqqında deyə bilmərəm, çünki belə bir informasiyaya sahib deyiləm”.
O, NATO-nun Ukrayna ərazisində hərbi baza yerləşdirə biləcəyini qeyd edib.
“Gələcəkdə (yaxın 5-7 ildə) bu reallaşa bilər, çünki NATO müşahidə məntəqəsi artıq tikilməkdədir. Ukraynada 5 ildən sonra nə olacaq, deyə bilmərik”.
“Türkiyənin hərbi dəniz bazası yerləşdirməyinə gəlincə isə, bu Türkiyə Rusiya münasibətlərində qarşıdurmanı şiddətləndirə bilər,Türkiyəyə bu lazımdırmı? Şübhə edirəm. Türkiyəyə Rusiya ilə Yaxın Şərqdə maraqlarının toqquşması kifayət edir, Suriyada, Liviyada. Ona görə də düşünmürəm ki, orta müddətdə belə, hərbi bazaların yerləşdirilməsi mümkün olsun”.
Politoloq eyni zamanda qonşu dövlətlərin belə bir birliyə mümkün reaksiyaslarına da toxunub.
“Şübhəsiz ki, Rusiya bunu mənfi qiymətləndirəcək, çünki Rusiya üçün bu milli təhlükəsizlik sistemində yeni bir çağırışdır.
Ənənəvi olaraq, Rusiya Qara dənizdə tək olmasada əsas qüvvə olmuşdur. İndi Ukrayna ilə Türkiyə, Ukrayna və Azərbaycan arasındakı münasibətlərin inkişafı vəziyyətində, bu, onu qüvvələr balansını yaratmaq üçün ciddi şəkildə hərəkətə gətirə bilər. Rusiya üçün bu yeni bir təhdiddir, hansı ki indi buna heç ehtiyac yox idi, onsuz da mövcud vəziyyət kifayət edirdi”, deyə politoloq bildirib.
Mətni hazırladı: Sədrəddin Ağcayev
Tərcümə etdi: Ülvi Əhmədli