Ermənistan Rusiyanın gələcək müdaxiləsini əsaslandırmaq üçün zəmin yaradır - Əhməd Əlili | Eurasia Diary - ednews.net

23 Oktyabr, Cümə


Ermənistan Rusiyanın gələcək müdaxiləsini əsaslandırmaq üçün zəmin yaradır - Əhməd Əlili

Analitika A- A A+

Son zamanlar gündəmi Ermənistanın Livandan ermənilərin Dağlıq Qarabağa köçürülməsi ilə bağlı məlumatların zəbt etdiyi müşahidə olunur. Bu mövzu bir sıra siyasi şərhçilər və təqdiqatçılar tərəfindən müzakirə olunur.

Eurasia Diary Ermənistanın bu addımının arxa fonunda nəyin dayandığını müzakirə etmək üçün Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, beynəlxalq idarəetmə üzrə tədqiqatçı Əhməd Əlilinin fikirlərini alıb.

Tədqiqatçı hesab edir ki, bu informasiyanın geniş yayılması Azərbaycanı təxribata çəkmək məqsədi daşıyır.

“Livana ermənilərin köçürülməsi informasiyasının yayılması indiki şəraitdə Azərbaycanı təxribata yönəltmək məqsədi daşıyır. Ermənilər uzun müddət Suriyadan və digər yerlərdən olan erməniləri Dağlıq Qarabağa yerləşdirməyə cəhd ediblər, amma bunu çox gizli formada ediblər. İndi isə çox provakativ formada bəyənat vermələri Azərbaycanı müəyyən mənadə fəaliyyətə təhrik etmək və bununla da Azərbaycanın danışıqlar prosesində əldə etdiyi üstünlükdən məhrum etmək məqsədi daşıyır. Hal-hazırda görürük ki, ermənilər bu istiqamətdə olan işlərdə informasiya aktivliyi nümayiş etdirilər, buna diqqət yetirmək lazımdır”

Əhməd Əlili digər amillərin də burada yer alma ehtimalına da diqqət yetirib. Beləki, o hesab edir ki, bu addımın arxasında Ermənistanın hərbi qarşıdurma olduğu təqdirdə diasporanı cəlb etmək istəyi də dayana bilər.

“Livan ermənilərinin köçürülməsi məsələsində düşünürəm ki, indiki şəraitdə Ermənistanda olan insan potensiyalının azlığını da nəzərə almalıyıq. Ermənistan ordusunda əsgər çatışmazlığı olduğu üçün çox zaman diaspora ermənilərini istifadə ediblər. Hal-hazırda çalışırlar ki, Livandan erməniləri cəlb etməklə özləri üçün müəyyən informasiya hazırlığı görsünlər ki, ehtimalı hərbi əməliyyatlar zamanı Ermənistan tərəfinin istifadə edə biləcəyi insan potensiyalı arasında diasporadan olan nümayəndələri də iştirak edə bilsin. Ona görə də bunu mən müəyyən mənada informasiya hazırlığı kimi dəyərləndirərdim”.

Misirə səfəri zamanı Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Türkiyənin Azərbaycana terrorçular yerləşdiriyini bəyan edib. Təqdiqatçı bunu Rusiyanın təbliğat tərkibinin bir hissəsi kimi qiymətləndirir.

“Mnatsakanyanın bəyənatı daha çox Rusiya təbliğatının tərkib hissəsidir. 90-cı illərdə də Rusiya Azərbaycana qoşun yeridəndə öz məqsədini dini radikalların artımı ilə əlaqələndirmişdi. Beləki, bununla Rusiya onların qarşısını almaq üçün Sovet ordusunu yeritməyə məcbur qaldığını bəyan etmişdi.

Mnatsakanyanın bu bəyənatı bu formada Azərbaycanı ittiham etməklə Azərbaycanda dini radikal qrupların artımının mövcud olduğunu göstərməklə gələcəkdə Rusiyanın bu proseslərdə iştirakına əsaslandırmaq üçün müəyyən dünyəvilik xarakteri vermək məqsədi güdür”.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə işğal edilmiş torpaqlara ermənilərin köçürülməsi məsələsinə fikir bildirməkdən yan ötüb. O, Rusiyanın bu barədə kifayət qədər informasiyasının olmadığını söyləyib.

“Bir çox hallarda Rusiya rəsmiləri və rəsmi orqanları reaksiya verməsələr də Rusiya mediyasında bu məsələlər geniş işıqlandırılır. Düşünürəm ki, yenə də bu Rusiya mediyasında təmsil olunan ermənilər tərəfindən təşkil olunan gündəlikdir. Zaxarovanın bu barədə danışmamasına baxmayaraq, Rusiya mətbuatı bu istiqamətdə çox aktiv formada fon yaradır. Azərbaycanda guya radikal elementlərin mövcudluğu haqda fikir formalaşdırmağa çalışırlar. Dediyim kimi bu bir növ Rusiyanın gələcək müdaxiləsini əsaslandırmaq üçün istifadə olunur”.

Əhməd Əlili yaranmış vəziyyətdən çıxış yolu kimi Azərbaycanın informasiya müharibəsində daha da aktiv fəaliyyət göstərməli olduğunu bildirib.

“Azərbaycan tərəfi bu istiqamətdə informasiya siyasətinin çevikliyinə fikir verməlidir və çalışmalıdır ki, dünyaya onda insan potensiyalının bolluğunu göstərsin və Azərbaycan tərəfinin kənardan döyüşçü cəlb etməyə ehtiyacının olmadığını və əksinə Ermənistanın isə çox ciddi ehtiyacının olduğunu nümayiş etdirə bilsin. Bu istiqamətdə informasiya işini düzgün qurmaq və yenidən nəzərdən keçirmək lazımdır. Düşünürəm ki, Prezident köməkçisi Hikmət Hacıyev də Türkiyə ilə bu istiqamətdə birgə addımların atılmasının müzakirəsi təqdirə layiqdir”.

Ülvi Əhmədli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...