Beynəlxalq münasibətlərdə narahatlıqlar və dünya müharibəsinin qarşısını necə almaq olar? - Zərdüşt Əlizadədən açıqlama | Eurasia Diary - ednews.net

20 Yanvar, Çərşənbə


Beynəlxalq münasibətlərdə narahatlıqlar və dünya müharibəsinin qarşısını necə almaq olar? - Zərdüşt Əlizadədən açıqlama

Analitika A- A A+

Dünyada baş verən son hadisələr həddən artıq çox silahlanma və münaqişələrin çoxluğu beynəlxalq ictimaiyyətə böyük narahatlığa səbəb olub.

Eurasia Diary beynəlxalq münasibətlərin istiqamətinin bu şəkildə dəyişməsi ilə bağlı politoloq Zərdüşt Əlizadənin fikirlərini öyətnib.

Böyük Britaniya Avropa İttifaqından çıxmağı gerçəkləşdirdi və bununla da silahlanma dövrünə başladı. Bunun səbəbini izah edən politoloq Britaniyanın bu üsulla təsir dairəsinin artmasına nail olmağa çalışdığını bildirib.

“Britaniya çalışır ki, ABŞ-a xoş gəlsin. Əvvəl Avropa konstitutsiyasının çərçivəsində hərəkət edirdi, lakin indi isə müstəqil hərəkət etmək istəyir. Bunun üçün də SSRİ-nin dağılmasından sonra hərbi xərclərin azalması ilə də zəifləmiş silahlı qüvvələrini yenidən canlandırmaqla güc alətinə çevrilmək niyyətindədir. Britaniya heç kəsi hədələmir və ona təzyiq göstərilmir. Sadəcə öz gücünü artırmaq üçün də hərbi xərcləri artırır”.

Digər bir məqam isə Almaniyanın uzun müddət kansleri olan Angela Merkelin siyasi səhnədən uzaqlaşmağı da beynəlxalq siyasi arenaya mümkün təsirləri maraq doğurur. Zərdüşt Əlizadə Almaniyanın güclü dövlət institutlarının xarici siyasətdə kəskin dönüşlər yaradılmasına imkan verməyəcəyini düşünür.

“Almaniya sabit demokratik dövlətdir, çox güclü institutları var. Yerli bələdiyyələr, federal torpaqların parlamentləri və s. Şübhəsiz ki, xalq qüvvələri və millətçi qüvvələr kimi bir neçə daxili aktorların güclənməsindən Almaniya sığortalanmayıb. Ancaq bütölükdə Almaniya demokratiyasının mövcudluğuna və Almaniyanın dinc xarici siyasət kursuna çətin ki təsir göstərsin”.

Bir sıra mütəxəssislər isə Türkiyənin və Rusiyanın keçmiş imperiya sərhədləri boyunca aktivlik nümayiş etdirdiyini və keçmiş güclərini bərpa etməyə çalışdıqlarını bəyan edirlər. Politloq bunu həmin dövlətlərin öz sabitliklərini və nizamlarını qorumağa hesablandığını söyləyib.

“İmperial sərhədlərdə ekspansiyanı gördüklərini deyənləri cahil adam hesab edirəm. Rusiya televiziyası Turandan danışır və ya neo-Osmanlıcılıqdan danışır. Bu savadsızlıqdır. Bəşər tarixində heş bir imperiya məhv olmayıb, nə Roma, Ərəb, İngilis nə də Rusiya imperiyası. Rusiya imperiyası cəmi bir dəfə dağılıb və sonra da müstəsna bir şərt ilə bərpa olunub. Lakin sonradan komuist partiyası rəhbəri bu ideyaya xəyanət etdi və Rusiya imperiyası dağıldı. İndi hansı imperiyanın bərpasından danışırlar. Sadəcə regional qüvvələr var, onlar öz iqtisadi və geosiyasi bağlarını müdafiə etmək ilə məşğuldurlar. Misal üçün, Türkiyə çalışır ki, ətafındakı dövlətlərlə münasibətləri normal olsun və onlar Türkiyənin mənafeyini nəzərə alsın. Misal üçün, Türkiyə Aralıq dənizində qaz yatağı aşkar edib və istəyir ki, onun istehsalında iştirak etsin, daha sonra eyniylə Qara dənizdə qaz yatağı aşkar olunub, Türkiyə istəyir onu təkbaşına istismar etsin. Türkiyə istəyir ki, öz sənayesini gücləndirib yeni bazarlara çıxsın. Bu bazarlar isə onun ətrafındakı dövlətlər ola bilər. İstəyir ki, dünya dövlətləri onunla hesablaşsın, burada imperiya maraqları yoxdur. Bunlar ancaq Türkiyə Respublikasının qorunması, saxlanması və inkişafına xidmət edir. Türkiyə kimsənin erməni və ya kürd kartından istifadə edib onu parçalamaq cəhdlərini görmək istəmir və buna çalışır.

Rusiya çalışır ki, sabiq SSRİ ölkələri ilə münasibətlərində öz maraqlarını qorusun və NATO-nun həmin ölkələrdə baza qurmasını istəmir. Bu qanuni istəkdir və burda imperializm siyasıti yoxdur. İmperial metodlar var lakin bu imperiya qurmaq üçün deyil”.

Zərdüşt Əlizadə Rusiyanın Azərbaycan və Suriyadakı fəaliyyətlərinin timsalında onun maraqlarını bu cür ifadə edib:

“Rusiya təbii ki, istəyir ki, Azərbaycanla siyasi və iqtisadi əlaqələri olsun və onun təsir dairəsində qalsın. Böyük dövlətlərin hamısının belə arzuları var, onlar bu arzuları həyata keçirməyə müvəffəq olurlar, lakin kiçik dövlətlər olmurlar. Rusiyanın Suriyadakı fəaliyyətinə gəldikdə isə, o, körfəz qazının İraq, Suriya və daha sonra dənizlərlə Avropaya qatılmasını istəmir. Bu Rusiyanın Avropa bazarındakı mövqeyini zəiflədə bilər. Bəşər Əsəd isə bu qaz layihəsinə qol qoymaq istəmirdi. Ona görə də Rusiya Əsədə dəstək verdi. Bu çox sadə məsələdir. Bütün bunlar sırf iqtisadi maraqların qorunmasıdır”.

Bu il rəsmi statistikalara nəzər yetirdikdə, hərbi xərclər rekord səviyyəyə qalxıb. Bu isə realpolitikin yenidən aktivləşməsi kimi başa düşülür. Eyni zamanda ölkə rəhbəri İlham Əliyev də xalqa müraciəti zamanı beynəlxalq münasibətlərdə güc amilinə diqqət yetirib. Zərdüşt Əlizadə bu nüansı izah edərkən isə Realpolitikin heç bir zaman yoxa çıxmadığını qeyd edib.

“Realpolitik heç zaman getməmişdi. Azərbaycanın gücü az idi, daha sonra güclənib və bundan istifadə edərək Qarabağa qayıtdı. Eləcə də digər ölkələr. SSRİ dağıldıqdan sonra ABŞ da hərbi xərcləri azaltmayıb. Eyzenhover də hakimiyyətdən getdiyi ərəfədə Amerikan xalqına belə bir xəbərdarlıq etmişdi ki, ABŞ-da hərbi sənaye kompleksi çox zəngin kompleksdir. O söyləyirdi ki, ABŞ xəzinəsindən böyük miqdarda pullar bu kompleksin inkişafı üçün xərclənsin və ordu silahlansın və xarici siyasətdə təcavüzkar mövqe tutsun və silahlar satılsın. Rusiya da isətmir ki, Qarabağ münaqişəsi bitsin, istəyir ki, silahlarını satsın, eləcə də Suriyada münaqişə bitməsin və öz silahlarını satsın”.

Dünyada baş verən siyasi hadisələr aqressiv baxışların artıdğını göstərir. Zərdüşt Əlizadi potensial dünya müharibəsi haqqında sualımıza bu cür cavab verib:

“Bu müharibə haqqında ən dəqiq fikri Albert Eynşteyn söyləyib. “Üçüncü dünya haqqında heç nə deyə bilmərəm ancaq dördüncü dünya müharibəsi ox və kamanla olacaq”. Yəni o qədər tənəzzül olacaq ki, bütün bəşəriyyət məhv olacaq və bundan min illər sonra bəşəriyyət müharibəni ox və kamanla edəcək. Dünya ölkələrində o qədər nüvə silahı var ki, bu yer kürəsini 500 dəfə məhv etməyə bəs edər. Bir dəfə məhv etmək kifaətdir ki, yer kürəsi radioaktiv səhraya çevrilsin, bəlkə bundan xırda canlılar sağ qala bilər, ancaq digərləri məhv olacaq. Mən əminəm ki, ağlı başında olan heç bir dövlət rəhbəri bu cür münaqişəyə başlamaz. Başlamaq istəsə onun ətrafındakılar dərhal bunun qarşısını alar.

Dünya iqtisadiyyatında hərbi sənaye kompleksi ilə yanaşı ərzaq kompleksi, əyləncə kompleksi, əczaçılıq və bir sıra komplekslər var. Onlar bəşəriyyət naminə çalışmalıdırlar ki, hərbi sənaye kompleksini məhdudlaşdırsınlar. Buna nail olsunlar ki, müharibə olmasın. Hərbi xərclərin artması xalqların yoxsullaşması deməkdir. Bu pullar insanların rifahına səhiyyəyə, təhsilə və s. xərclənə bilər. Bu bəşəriyyətin özündən asılıdır. Əgər bəşəriyyət öz xeyrini anlasa, bununla da hərbi xərclər azala bilər və silahlanma dayanar”.

Ülvi Əhmədli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...