“Fransanın məqsədi regionda Türkiyənin təsirinin artmasına mane olmaqdır” - ekspert | Eurasia Diary - ednews.net

15 Yanvar, Cümə


“Fransanın məqsədi regionda Türkiyənin təsirinin artmasına mane olmaqdır” - ekspert

Analitika A- A A+

Fransa Prezidenti Emmanuel Makron erməni icması ilə görüşdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi. Qarabağ münaqişəsinin həllində həmsədr dövlət olaraq neytrallığı qorumayan Fransa prezidentinin hazırda belə açıqlama verməsinin səbəbi nədir? Münaqişənin tənzimlənməsi prosesindən kənarda qalan Fransa və ABŞ sonrakı mərhələdə hansı rolu oynaya bilərlər?

Politoloq Qalib Məmmədov Eurasia Diary-ə açıqlamasında bu və digər məsələlərə aydınlıq gətirib.

“Fransa Prezidenti Emmanuel Makron tərəfindən Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın ərazi bütövlüyü kimi qəbul edilməsi onun mövqeyinin yumşalması kimi qəbul edilsə də, əslində bu belə deyil. Makron tərəfindən qeyd olunan çıxış beynəlxalq hüququn tələbidir, çünki həmin ərazilərin Azərbaycana məxsus olmamasını demək, hüquqi və siyasi nöqteyi-nəzərdən düzgün olmaz. Avropanın özündə də, bir çox ölkələrin bir-birinə qarşı ərazi iddiaları və separatizm meylləri var. Beynəlxalq hüquqla qorunan ərazi bütövlüyünün tanınmaması həmin Avropa ölkələrinin özlərinin ziyanına olar. Belə ki, Avropada separatizm dalğası geniş vüsət alar”, o bildirib.

Ekspert qeyd edib ki, sadəcə olaraq Makron, əvvəl Azərbaycanın ərazi bütövlüyü məsələsini görməzdən gəlirdisə, indi bu məsələni aydın şəkildə vurğulayır: “Fransa hökuməti Ermənistanı açıq dəstəkləməklə və Azərbaycana və Türkiyəyə qarşı sərt bəyanatlarla çıxış etməklə Qarabağ məsələsində obyektivliyini itirdi və məsələyə təsiri zəiflədi. Lakin, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa tərəfindən obyektivliyin qorunması zəruri idi. Makron hazırda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüququn tələblərini dilə gətirməklə, məsələyə öz təsirini artırmaq istəyir. Fransa hökümətinin əsas məqsədi isə öz təsirini gücləndirməklə, regionda Türkiyənin təsirinin artmasına mane olmaqdan ibarətdir”, o deyib.

Q. Məmmədov bildirib ki, münaqişənin həlli prosesindən kənarda qalan Fransa və ABŞ-ın Cənubi Qafqazda gedən proseslərə təsirinin zəifləməsi onların başının öz daxili məsələlərinə qarışmasından irəli gəlir: “ABŞ-da baş tutan seçkilər, Fransada sarı jiletlilərin aksiyaları onları daxili siyasətə daha çox diqqət yetirməyə vadar edir. Hazırda onlar regionda tənzimləyici rol oynayan Rusiyanı və həmin rolu Rusiya ilə birlikdə öz üzərinə götürməyə çalışan Türkiyəni izləməklə yetinirlər. Lakin Fransa və ABŞ-ın məsələlərə fiziki müdaxilə edəcəyi o qədər də real görünmür. Rusiyanın artıq imzalanmış bəyanatın müddəalarının dəyişdirilməsi ilə məsələn, Fransa sülhməramlılarının regiona gəlməsinə göz yumacağı inandırıcı deyil", o bildirib.

Buna baxmayaraq, ekspert, gələcək görüşlərin Paris və Vaşinqtonda da keçiriləcəyini istisna etmir: “Fransa və Amerika hökümətləri münaqişə tərəflərini öz ölkələrində danışıqlara dəvət etməklə, dünyaya proseslərdə iştirak etdikləri mesajını verə bilərlər. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında görüşlərin bəhrə vermədiyini, lakin belə görüşlərdə iştirakın əhəmiyyətli olduğu mesajını vermişdir. Belə ki, Azərbaycan tərəfi belə görüşlərdə aktiv iştirak edəcək. Lakin hesab edirəm ki, Fransa və ABŞ-ın real təsiri həmin görüşlərlə məhdudlaşacaq və proseslərin gələcək prespektivi münaqişə tərəfləri, həmçinin Rusiya və Türkiyə kimi regional güclərdən asılı olacaqdır”, o vurğulayaraq qeyd edib.

Ekspert Ermənistanda hələ ki, istefa vermək fikrində olmayan sorosçu Baş nazir Paşinyan və Qərbin regiondakı siyasi proseslərə baxışını izah edib: “Nikol Paşinyanı qərbyönümlü baş nazir adlandırmaq doğru olmazdı. Belə ki, onun hakimiyyətə gəldiyi dövrdən ölkədə demokratiyanın inkişafında sürətlənmə müşahidə edilməmişdir. Paşinyan sadəcə olaraq, SOROS-un layihəsi olmaqla, Ermənistanda və regionda onun maraqlarını güdən bir fiqurdur. Paşinyanın hazırki acınacaqlı vəziyyətdə Fransa, ABŞ və Rusiyanın regiondakı siyasətinə təsir göstərə biləcəyi inandırıcı deyil. Ermənistan hazırki vəziyyətdə tamamilə Rusiyadan asılı vəziyyətdədir. Bu asılılıq son müharibə nəticəsində daha da dərinləşdi. Fransanın Ermənistana münasibəti bəllidir. Belə ki, hər bir halda Fransa Ermənistanı dəstəkləyəcək. ABŞ-da yeni prezidentin Paşinyanla deyil, SOROS-la münasibətləri araşdırılmalıdır. Belə ki, Paşinyan və hökuməti ABŞ üçün tərəf deyil. Ermənistanın müharibə nəticəsində düşdüyü acınacaqlı durum, gələcəkdə Fransanın və ABŞ-ın bu ölkəni lazımsız investisiya kimi görməsinə, Rusiyanın isə Ermənistana öz müstəmləkəsi kimi baxmasına səbəb olacaq”, deyə o fikrini tamamlayıb.

Gülnar Səlimova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...