Fransa Senatında Dağlıq Qarabağın tanınmasına dair qətnamə qəbul edilməsilə əlaqədar gürcü tarixçi Quram Marxuliya "Eurasia Diary"yə açıqlama verib.
Ekspert bildirib ki, Fransa Senatının bu qərarı ilk növbədə Fransa-Azərbaycan, eləcə də Fransa-Türkiyə münasibətlərinə zərbə vuracaq: "Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi ötən müddətdə münaqişənin həlli üçün heç bir şey etməyib və indi münaqişənin tənzimlənməsi prosesində iştirak etməyə çalışır. Senatda belə bir qətnamə qəbul edilməsindən sonra Türkiyə və Azərbaycan çətin ki, Fransaya münaqişənin həllində iştirak etməyə icazə versin".
Onun sözlərinə görə, qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və tövsiyyə xarakteri daşıyır: "Fransa hökuməti beynəlxalq səviyyədə gərginliyin yaranmasından ehtiyat edərək məsələni müzakirəyə çıxarmayacaq. Makron Avropanın digər liderlərindən fərqlənmir və açıqlamalarıyla dünya ictimaiyyətinin diqqətini cəlb etmək istəyir. Buna baxmayaraq, Makronun bəyanatlarından sonra Fransanın kimin tərəfində olduğu aydın oldu".
Ekspert Senatın qərarını populistik qərar adlandırıb: "Erməni diasporası hər şeyi etdi ki, bu məsələ Avropada səs salsın. Sözügedən qətnamənin bundan savayı bir önəmi yoxdur", deyə Q. Marxuliya bildirib.
Rusiyalı politoloq Yuri Mavaşev də Fransa Senatının qəbul etdiyi ədalətsiz qərarla bağlı fikir bildirib: "Bu artıq çox ciddi məsələdir, əziz xanımlar və cənablar. Paşinyan öz fəaliyyəti ilə müharibəni təşviq edərkən açıq-aşkar bu təxribatın baş verməsini gözləyirdi. Fransa, sən münaqişə tərəflərindən birinə dəstək ifadə etməklə Cənubi Qafqazda hər zaman uduzan tərəf olacaqsan! Fransa parlamentinin qərarı Parisə hökm oxunması və Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətinin etirafıdır", Mavaşev qeyd edib.
Xatırladaq ki, ötən gün Fransa Senatı səs çoxluğu ilə hökumətdən qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərar qəbul edib. Qərar tövsiyə xarakteri daşıyır.
Bu gün isə Azərbaycan Milli Məclisi Fransa Senatında Dağlıq Qarabağın tanınmasına dair qətnamə qəbul edilməsinə etiraz olaraq bəyanat qəbul edib.
Gülnar Səlimova