Dağlıq Qarabağda yaşayan ermənilər fevralın 20-də Xankəndi şəhərində “Dirçəliş Günü” münasibəti ilə yürüş təşkil edib. Müharibədə az qala yalvararaq kapitulyasiyaya imza atan ermənilərin bu addımı Azərbaycanda. Xüsusilə də, yürüşdə sülhməramlıların hərbi formasını geyinən keşişin iştirakı alovun üstünə benzin tökülməsi effekti yaradıb.
Ermənistanda revanşizm meylləri və sülhməramlıların fəaliyyəti Azərbaycan ictimaiyyətində əsas müzakirə mövzusuna çevrilib.
Eurasia Diary ermənilərin yürüşü və bu hadisədən yaranan səbəblərə aydınlıq gətirmək üçün konfliktoloq Əvəz Həsənovun şərhini alıb.
Konfliktoloq yürüşü qeyri-ciddi adlandıraraq, Azərbaycan hakimiyyəti tərəfindən rəsmi reaksiya verməyi lüzumsuz hesab etdiyini söyləyib: “Hökumət tərəfdən ciddi reaksiya gözlənilməməlidir. Bu tarixdir və orada yaşayan erməni əhalisinin onu necə qeyd etdiyinə görə narahat olmaq, ultimatum göndərmək və ya onları küncə sıxmağa ehtiyac yoxdur. Bunu böyük hadisə hesab etmirəm. İndiki məqamda Azərbaycan hökumətinin əsas marağı həmin bölgənin inteqrasiyası və inkişafı üçün görülən tədbirlərin reallaşdırılmasıdır. Bu yürüşü də dramatikləşdirmək üçün heç bir əsas yoxdur”
Əvəz Həsənov belə məqamlarda hökumətimizin deyil, qeyri-rəsmi adamların, xüsusilə ziyalı təbəqənin hərəkətə keçməsinin önəmindən danışıb.
“Ancaq təbii ki, yürüşə bizim azərbaycanlı tarixçilər, elm adamları və siyasətçilər həmin gün ən azı onlayn mühazirə keçirməklə, müvafiq materialların dərci və konfransların keçirilməsi ilə qeyri formal cavab verə bilərdilər. Lakin elm adamlarımızın, siyasətçilərimiz bu addımı atmadılar. Biz 30 il ərzində bu münaqişənin insanlara necə zərər vurduğuna dair arqumentlərlə çıxış etməliyik. Biz dünyaya göstərməyə çalışmalıyıq ki, regionun böhrandan çıxması üçün hər şey edirik. Əgər bu hadisəni ermənilər etməsəydilər, onlar bu torpaqları xarabazara çevirməsəydilər, görün bu region necə inkişaf edərdi. Bizə həmin günün nə qədər ziyanlı olmasını sübut edən elmi yazılar və filmlərin hazırlanması daxil olmaqla kampaniyalar aparmaq lazımdır”, deyə konfliktoloq bildirib.
Qeyd edək ki, son zamanlar Ermənistanda uşaqlar üçün döyüş düşərgələrinin hazırlanması ilə bağlı xəbərlər dolaşır. Bəziləri bu xəbəri erməni cəmiyyətində revanşizm meyllərinin qızışdırılması kimi qəbul edirlər. Konfliktoloq düşərgə ilə bağlı yayılan informasiyanı və bu cür addımları qeyri-ciddi hesab edir: “Digər tərəfdən bununla revanş mümkün deyil. Daxildə milli əhval-ruhiyyəni gücləndirmək üçün lazım ola bilər. Hal-hazırda Ermənistanda əsas tendensiya siyasi hakimiyyəti ələ keçirməkdir. Hər-hansı qüvvə hakimiyyəti ələ keçirsə belə, görəcək ki, revanş üçün imkan yoxdur. Hətta srağagünkü mitinqdə iştirak edən nümayəndələr qeyd edirdilər ki, Rusiya ilə münasibətləri dərinləşdirmək lazımdır. Belə çıxır ki, Paşinyan hakimiyyətinin irəli sürdüyü bütün mesajları müxalifət də qeyd edir və hakimiyyətə gəlib onları dərinləşdirmək istəyir. Heç bir revanşdan söz edən yoxdur. İndi yalnız hakimiyyətə gəlməkdən danışırlar. Hakimiyyəti ələ alsalar belə, başa düşəcəklər ki, reallıq başqa cürdür. Belə olan halda yalnız öz dövlətlərinin inkişafı barədə düşünəcəklər”.
Dağlıq Qarabağda təhlükəsizliyə və sabitliyə cavabdeh olmalı olan Rusiya sülhməramlılarının bu cür hallarda hansı öhdəliklərinin olması və edə biləcəkləri işlər də əsas müzakirə mövzusunu təşkil edir. Qeyd edək ki, sülhməramlılar mütəmadi olaraq Dağlıq Qarabağ ərazisindəki qondarma rejimlə əlaqə saxlayırlar. Əvəz Həsənov sülhməramlıların bu addımlarının müəyyən məntiqə əsaslandığını qeyd edib.
“Sülhməramlılar Qarabağdadırlar və onların əsas təmasda olduğu insanlar oradakı administrasiyanın nümayəndələridir. Sülhməramlıların da orada rəsmi iştirakı yox idi. Sadəcə bir keşişin görüntüləri yayımlanmışdı. Keşiş isə rəsmi adam sayılmır. Onu dəvət ediblər, o da gəlib ora. Sülhməramlılar neytrallığı qorumağa çalışmalıdırlar. Onların maksimum şəkildə buna səy göstərdiyi görünür. Təbii ki, Qarabağdadırlarsa, həmin regionun problemlərinin həll olunması üçün kimləsə bu işi qurmalıdırlar. Onların necə adlandırılması önəmli deyil, əsas odur ki, razılaşmanın şərtlərinə əməl etsinlər. Əgər sülhməramlılar razılaşmanın şərtlərindən kənara çıxsalar, təbii ki, bu halda Azərbaycan hökuməti ciddi reaksiya verə bilər”, deyə konfliktoloq vurğulayıb.
Sülhməramlıların formasını geyinərək əlində gül aparan keşişin görüntüləri Azərbaycanda sosial şəbəkələrdə sürətlə yayılıb və mənfi reaksiyalarla nəticələnib. Konfliktoloq isə nəzərləri bu cür deyil, daha ciddi hadisələrə yetirməyi məsləhət bilib.
“Mənə elə gəlir ki, sosial şəbəkələrdə və bəzi təsadüfi internet saytlarda bunun qızışdırılması oxuyucu toplamaq üçündür. Hansısa bir keşişin Dağlıq Qarabağda keçirilən bir tədbirdə daimi təmasda olduğu administrasiyanın yanında olması ciddi hadisə deyil. Böyük işlərə fikir vermək lazımdır. Azərbaycan hökuməti həmin ərazilərə gələn adamlara sülhməramlılar vasitəsi ilə xəbərdarlıq edir. Fransalı jurnalistləri və amerikalı erməniləri buraxmırlar. Azərbaycan üçün belə qlobal şeylər daha önəmlidir, nəinki keşişin orada iştirak etməsi. Sosial şəbəkələrdə isə bunu şişirdirlər və bunları hökumətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər. Onlar hamısı ucuz və populist oxuyucu kütlənin diqqətini cəlb edib xal qazanmaq istəyirlər. Eyni zamanda hakimiyyətə tənqidi yanaşmaları da bilmirlər. Elə düşünürlər ki, hakimiyyəti tənqid etmək üçün Qarabağ məsələsində çox ciddi arqument olub. Bu, çox mənasız bir işdir”, Əvəz Həsənov deyib.
Ülvi Əhmədli