Paşinyana qarşı siyasi təzyiqlər və "İskəndər" açıqlaması - Ermənistanda siyasi vəziyyət dalana dirənib | Eurasia Diary - ednews.net

23 Aprel, Cümə


Paşinyana qarşı siyasi təzyiqlər və "İskəndər" açıqlaması - Ermənistanda siyasi vəziyyət dalana dirənib

Analitika A- A A+

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən erməni mətbuatına verdiyi müsahibəsində bir sıra ciddi açıqlamaları ilə diqqəti cəlb edib. O, İkinci Qarabağ müharibəsində “İskəndər” raket sistemindən istifadə olunduğunu rəsmi olaraq etiraf edib. Lakin Paşinyan eyni zamanda bu silahların effektiv olmadığından danışaraq, onun sadəcə 10%-nin işlədiyini bildirib.

Paşinyan raket sisteminin Serj Sarkisyan hakimiyyəti zamanında alındığını nəzərə çatdıraraq, günahı onun üzərinə atıb. Ekspertlərin fikrincə, Baş nazir bu açıqlaması həm müxalifətə, həm də böyük ölçüdə Rusiya silah sənayesinə ünvanlanıb. O, hər ikisinin səmərəsiz olduğunu diqqətə çatdırıb.

Nikol Paşinyanın çıxışları Rusiya Dövlət Dumasının bir sıra üzvləri və rus hərbi ekspertləri tərəfindən qınanılıb. Hətta onun bu sözlərə görə üzr istəməsi tələb edilib.

Eurasia Dairy politoloq Şahin Cəfərlidən Paşinyanın qalmaqallı fikirləri və Ermənistanda mövcud siyasi abı-havanın təhlili üzrə şərhini alıb.

Politoloq ermənilərin müharibə nəticəsində çox ciddi və sarsıdıcı məğlubiyyətlə üzləşdiklərini və bu faktorun ciddi olduğunu bildirib: “Əlbəttə, Ermənistanda məğlubiyyət dönəmində hakimiyyətdə Paşinyan olduğu üçün bütün tənqidlər də məhz bu hökumətə yönəlib. Hökumətin rəhbəri də özünü hansısa şəkildə müdafiə etməlidir. Sonuncu rəy sorğusuna görə, əhalinin 32%-i məğlubiyyətdə keçmiş hakimiyyəti, 28%-i isə Paşinyanı günahkar bilir. Hər-halda Ermənistan hökumətində də məğlubiyyətin səbəbləri ilə bağlı vahid fikir yoxdur. Aydındır ki, hökumət başçısını ittiham edənlərin sayı heç də az deyil. Təbii olaraq Paşinyan da özünü müdafiə etmək üçün hansısa arqumentlər irəli sürməli olur”.

Şahin Cəfərli onun “İskəndər” raket sistemi ilə bağlı açıqlamalarının maraq doğurduğunu qeyd edib. O, bunun Rusiya silahını hörmətdən salan açıqlama olduğunu söyləyib.

“Paşinyan deyir ki, silah açılmadı, açıldısa 10%-i partladı. Hər-halda Rusiyanın öyündüyü yeni bir silah sistemi haqda belə ifadələr işlətməsi diqqəti cəlb edir. Rusiyadan da cavab gecikməyib. Dumanın deputatları çox qəzəbli cavablar veriblər. Aydındır ki, Paşinyan qərbyönlü siyasətçidir və buna şübhə yoxdur. Amma Ermənistanın mövcud durumuna baxsaq, onun köhnə xarici siyasət kursunu davam etdirməyə məhkum olduğunu görərik. Bu, Rusiya ilə müttəfiqliyi davam etdirmək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi kimi təşkilatlarda qalmaq deməkdir. Lakin Paşinyanın  zehniyyəti və baxışları qərbyönlüdür. Bu baxımdan onun Rusiyaya ünvanlanan tənqidləri heç də gözlənilməz deyil. Eyni zamanda, Ermənistandakı revanşist qüvvələrin Rusiyaya bağlılığı və oradan dəstəklənməsi amilinin də Paşinyanın fikirlərinə təsiri var”, deyə politoloq bildirib.

Sadəcə Qarabağ müharibəsi deyil, ondan əvvəl Türkiyənin Suriya və Liviyada həyata keçirdiyi əməliyyatlarda zərbə dronlarının Rusiya havadan müdafiə sisteminə endirdiyi zərbələr bu texnikaları gözdən salıb. Bu nüansa toxunan politoloq Paşinyanın çıxışlarının da Rusiya silah sənayesinə zərbə vuracağını düşünsə də, Rusiya silahlarına olan tələbatın kifayət qədər olduğunu hesab edir: “İkinci Qarabağ müharibəsindən sonra Rusiya silahının nüfuzuna zərbə dəydi. Ona görə də bütün bu proseslər, həm də Qarabağ müharibəsi Rusiyanın silah ticarətinə mənfi təsir göstərəcək. Amma düşünmürəm ki, bunu çox da şişirtməyə ehtiyac var. Çünki Rusiyanın strateji silah sistemlərinin bazarda alıcıları hələ də mövcuddur. Misal üçün S-400 sistemləri və 5-ci nəsil Su-57 təyyarələrinə tələbat var. ABŞ silah bazarında bu cür hərbi texnikalara nəzarəti ələ almağa çalışır. Hətta qanun da qəbul edib ki, Rusiyadan bu silahları alanlara sanksiya tətbiq edəcək. Düşünürəm ki, Türkiyə zərbə dronlarının Suriya, Liviya və Qarabağdakı göstərdiyi uğurlar Rusiya silahının nüfuzuna müəyyən qədər zərbə vura bilib”.

Rusiya dövlət xadimlərinin sərt reaksiyası mövcud olsa da, Paşinyanın hakimiyyəti Rusiya üçün ciddi təhdid hesab edilmir. Politoloq bu mərhələdə Paşinyanın hakimiyyətdən kənarlaşdırlmasının Rusiya üçün həyati əhəmiyyət kəsb etmədiyini düşündüyünü bildirib.

“Paşinyan qalsa da, Rusiyanın maraqlarına ciddi təhdid göstərə biləcək vəziyyətdə deyil. Paşinyan hökuməti müharibədən zəifləmiş halda çıxıb. Böhran vəziyyətində olan Paşinyan hökumətinin Rusiyaya ciddi təhdid göstərə biləcək imkanları yoxdur. Ancaq Paşinyanın hakimiyyətdə qalmağındansa, Rusiya ona bağlı olan qüvvələrin hakimiyyəti ələ almasında daha çox maraqlıdır. Buna görə də mən düşünürəm ki, Robert Koçaryanın siyasətə qayıtması heç də təsadüfi deyil. O, Moskvanın göstərişi ilə qayıdıb. Bir ara 10-15 partiya toplaşaraq koalisiya təşkil etsə də, uğursuz oldular. Onlar böyük xalq kütlələrini Paşinyanın əleyhinə qaldıra bilmədilər. Mən düşünürəm ki, Rusiya Koçaryan kartını oynamağa məcbur oldu. Buradakı əsas məsələ erkən parlament seçkilərinin keçirilməsidir. Baxmayaraq ki, Paşinyan əvvəl buna razılıq vermişdi, indi isə həvəsli görünmür. Çünki radikal müxalifətin əsas şərti onun istefasından sonra seçkilərin keçirilməsi idi. Müxalifət Paşinyanın baş nazirliyi ilə seçkilərə getmək istəmirdi. Paşinyan isə postu verdikdən sonra seçkilərdə uğur qazanmağın çətinliyini bildiyi üçün istefa verməkdən imtina edib. Ermənistanda bu cür siyasi dalan vəziyyəti yaranıb”, deyə politoloq qeyd edib.

Bir neçə gün öncə Nikol Paşinyanın sui-qəsdə məruz qalması və hətta yaralanması şayiəsi yayılıb. Daha sonra bunun yalan olduğu bildirilsə də, bu məqam ciddi narahatlıq doğurur. Politoloq Ermənistanın siyasi keçmişinə nəzər salaraq, belə bir nüansı istisna etmir.

“Təbii ki, Ermənistanın yaxın keçmişinə baxdıqda siyasi terror hadisələrini də müşahidə edə bilərik. 1999-cu ildə parlamentə hücum nəinki postsovet məkanında, hətta dünya tarixində nadir görünən hadisələrdən biri idi. Ermənistanın keçmişində belə məsələlərin olduğuna görə, Paşinyana da hansısa sui-qəsd və ya hərbi çevriliş cəhdinin ola biləcəyini istisna etmirəm”, deyə Şahin Cəfərli fikrini tamamlayıb.

Ülvi Əhmədli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...