Azərbaycan Prezidenti Rusiyaya hansı mesajları verdi - Politoloq məsələyə aydınlıq gətirir | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


Azərbaycan Prezidenti Rusiyaya hansı mesajları verdi - Politoloq məsələyə aydınlıq gətirir

Analitika A- A A+

Azərbaycan Prezidenti İlham Əliyev 26 fevralda xarici media qurumları üçün mətbuat konfransı keçirib. Dövlət başçısı 4 saat çıxış edərək bir çox qaranlıq məqamlara aydınlıq gətirib.

Ölkə rəhbərinin çıxışı zamanı diqqəti ən çox çəkən məqamlardan biri də Rusiya sülhməramlılarının fəaliyyəti və Ermənistana edilən dəstəklərlə bağlı olub. O, öz çıxışında Dağlıq Qarabağ ərazisinə əcnəbi şəxslərin gəlməsi və erməni diversiya qüvvələrinin yerləşdirilməsindən dolayı sülhməramlıların fəaliyyətindəki nöqsanları vurğulayıb.

Bundan başqa, İlham Əliyev Rusiya tərəfindən Ermənistan kimi dövlətə hərbi yardımların edilməsinin yanlış olduğunu qeyd edib. Bu addımın gələcəkdə regional təhlükəsizliyə hədə olduğunu bildirib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov Eurasia Diary-yə dövlət başçısının çıxışında Rusiya ilə bağlı önəmli məqamları şərh edib.

Politoloq Azərbaycan Prezidentinin mətbuat konfransı vasitəsi ilə açıq və anlaşılan dildə dünya mediasına və həmin qurumların arxasında duran ölkələrə öz ismarıcını göndərdiyini bildirib: “Ümumiyyətlə, Azərbaycan Prezidentini bir çox dünya liderlərindən fərqləndirən cəhətlərindən biri odur ki, siyasi proseslərdə, xarici ölkələrlə münasibətlərdə olanı deyir. Onun açıq siyasət aparmağı Azərbaycan Prezidentinə inam və etibar yaradır, eyni zamanda isə ölkəmizlə həmin dövlətlər arasında əlaqələrin inkişafına gətirib çıxardıb".

Ölkə rəhbəri dəfələrlə Rusiyaya Ermənistan kimi dövlətə "İskəndər" raketlərinin verilməməsi ilə bağlı fikirlərini söylədiyini dilə gətirib. Daha sonra isə o, Rusiyanın pulsuz silahlar göndərdiyini bildirib. Politoloq qaniçənlərə, cəlladlara və uşaq qatillərinə “İskəndər” raketlərinin, “Osa”ların və “Skad”ların verilməsi regionda təhlükəni daha da artıran məqam olduğunu vurğulayıb: "Biz bilirik ki, Rusiyanın Ermənistanı silahlandırması və ümumilikdə Ermənistanın bu illər ərzində özünü qeyri-konstruktiv və işğalçı kimi aparmasının əsas səbəbi arxasında Rusiyanı hiss etməsidir. 44-günlük müharibə isə göstərdi ki, insanlar kimi dövlətlər də özlərinə güvənsələr daha yaxşı olar. Biz Ermənistanı məğlub edərək göstərdik ki, kiməsə pulsuz silah göndərmək və həmin ordunu müasirləşdirmək olmaz”.

İlham Əliyev sülhməramlıların fəaliyyətinə toxunaraq onların işlərini ümumilikdə qənaətbəxş hesab etdiyini söyləyib. Lakin eyni zamanda sülhməramlıların bəzi nöqsanlarında da toxunub. Politoloq qarşılıqlı dialoqlarla bu problemin həll tapacağını bildirib.

“Təbii ki, sülhməramlılarla bağlı bir sıra sual doğuran məsələlər var. Mən düşünürəm ki, yaxın zamanlarda Azərbaycan-Rusiya, Türkiyə-Rusiya arasında birbaşa dialoqlar nəticəsində bu məsələlər öz həllini tapacaq. Sülhməramlılar unutmasınlar ki, onlar Azərbaycan torpaqlarındadırlar və bu, bizim torpaqlar olduğu üçün onlar bu məsələlərə məsuliyyətlə davranmalıdırlar və başa düşməlidirlər ki, Xankəndində və qonşu rayonlarda ermənilər yaşaya bilər. Lakin orada separatçılar, hansısa siyasi avantüristlər və əlində silah tutanlar olmamalıdırlar. Tezliklə bu məsələlər aradan qaldırılmalıdır. Qarabağ da, Laçın dəhlizi də Azərbaycanındır  və oraya kimin gəlib-getməsini sülhməramlılar deyil, Azərbaycan müəyyən edə bilər. Ona görə də, Azərbaycanın tələblərini qeyd-şərtsiz yerinə yetirmək lazımdır”, deyə Zaur Məmmədov vurğulayıb.

Azərbaycan Prezidenti 10 noyabr bəyanatının icrası ilə bağlı məsələyə də nəzər yetirib. O, Rusiya Prezidentinin imzasını bəyanatın qarantı kimi qeyd edib. Bununla da Ermənistana mesaj verən ölkə rəhbəri öhdəliklərin yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb.

“Ölkə rəhbəri 10 noyabr bəyanatında Rusiyanı qarant kimi göstərib və bir daha bildirmiş olub ki, Ermənistanda sabah kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq dövlətin öhdəliyi var. Bu hansısa bir liderin öhdəliyi deyil. Sabah Paşinyan getsə və digəri gəlsə, o da bu kimi öhdəlikləri yerinə yetirməlidir. Təbii ki, Ermənistan bu kimi öhdəlikləri yerinə yetirməyə də bilər. Lakin bu artıq Azərbaycanın yenidən müharibəyə başlamasına gətirib çıxara bilər ki, İrəvan ordusunun olmadığını anlayaraq bundan çəkinəcək. Ümumiyyətlə artıq gələcəyə baxmaq lazımdır, keçmişdəki o faşizm ideologiyasını və Böyük Ermənistan xülyasını erməni xalqı yaddan çıxartsa,  yaxşı ola bilər. Əks təqdirdə, onların öz dövlətçiliyi təhlükə altında ola bilər”, deyə politoloq fikrini tamamlayıb.

Ülvi Əhmədli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...