Sonu görünməyən bir il... - Pandemiya bizə nələr "bəxş" etdi | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


Sonu görünməyən bir il... - Pandemiya bizə nələr "bəxş" etdi

Analitika A- A A+

Azərbaycanda COVID-19 pandemiyasının elan olunmasından düz bir il ötür. Azərbaycanda koronavirusa ilk yoluxma halı keçən il fevralın 28-də təsdiqləndi. Martın 12-də isə ölkədə koronavirusdan ilk ölüm halı qeydə alındı. Ardıcıl olaraq əvvəlcə İran, daha sonra Gürcüstan və Türkiyə ilə sərhədlər bağlandı. Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirdi. Martın 31-də isə Azərbaycanda ümumi karantin elan edildi. İnsanlardan şəxsi evlərdə və mənzillərdə, daimi və ya müvəqqəti yaşayış yerlərində qalmaq tələb olundu. Son bir ildə bəzən qismən yumşalmalara gedilməklə xüsusi karantin rejiminin müddəti ilboyu uzadıldı və bəzi hallarda sərt karantin rejimi ilə əvəz edildi.

Bu dövrdə karantinə bağlanan obyektlərin fəaliyyətinin dayandırılması və bununla da orada çalışan insanların dolanışığının çətinləşməsi, bir çox xidmətlərin göstərilməməsi, “Evdə Qal” çağırışı ilə insanların evlərinə qapadılması nəticəsində yaranan psixoloji gərginlik və s. yaşandı. Bütün bunlar nəzərə alınsa, pandemiyanın Azərbaycan iqtisadiyyatına, cəmiyyətinə vurduğu ziyan ölçüyə gəlmir.

“Bütün dünyada olduğu kimi pandemiya Azərbaycana həm makroiqtisadi göstəricilərə, həm sosial problemlərin artmasına görə ciddi təsir göstərdi. Makroiqtisadi göstəricilərə görə Azərbaycan iqtisadiyyatında təqribən 4,5 faiz azalma müşahidə olundu. Bu rəqəm, Azərbaycanda iqtisadiyyatın daralması, ümumi daxili məhsulun aşağı düşməsi baxımından son onilliklərin ən aşağı göstəricisidir”.  

Bunu pandemiyanın sosial-iqtisadi təsirləri barədə Eurasia Diary-yə danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib.

 

Ekspertin sözlərinə görə, pandemiya bir çox sosial məsələləri də üzə çıxartdı: “Keçən ilin mart ayının 1-də, yəni, pandemiya elan olunmamış Azərbaycanda rəsmi olaraq cəmi 90 700 işsizin olduğu qeyd edilirdi. Amma elə bir ay ərzində əvvəl 200 min insana, sonradan bu rəqəm 600 minə qaldırıldı, müavinətin verilməsi ilə bağlı qərar qəbul edildi. 

Təbii ki, ən çox ziyan görən sektorlardan biri turizm sektorudur. Azərbaycanda turizm sektorunda rəsmi rəqəmlərə görə, təqribən 24 min insan çalışırdı. Amma bunlar rəsmi müqavilə ilə çalışan insanlar idi. Turizm sektorunun multiplikativ effekti, yəni digər sahələrlə də ciddi inteqrasiyası, təsirləri var. Qeyri-rəsmi, yəni müqaviləsiz işləyənlərin sayı bu sektorda kifayət qədər çox idi. Bəzi hesablamalara görə rəsmi rəqəmlərdən azı üç dəfə çoxdur. Bu da onu deməyə əsas verir ki, bu sahədə təqribən 70-80 min insan çalışırdı və onların bir çoxu işsiz qaldı. Bundan əlavə, tez-tez “lokdaun”ların, yəni qapanmaların, müəyyən əngəllərin və məhdudiyyətlərin olması xidmət sahəsində də ciddi problemlər yaratdı. Toy biznesinə aid olan sahələr, o cümlədən şadlıq sarayları, ümumiyyətlə paltar kirayəsindən tutmuş, video çəkilişlərə qədər toy biznesi ilə əlaqəli sahələr bir çox insanın işlərinə mənfi təsir göstərdi, gəlirlərini azaltdı, onların işsiz qalmasına səbəb oldu. Yəni pandemiya kifayət qədər sosial-iqtisadi problemlər yaratdı. Həm makroiqtisadi rəsmi göstəricilər, həm ümumi dövriyyə, ümumiyyətlə insanların yaxşı yaşam səviyyəsi və sosial vəziyyəti pandemiyanın Azərbaycana çox böyük ziyan vurduğunu üzə çıxardı”.

Natiq Cəfərli dövlət tərəfindən bu istiqamətdə addımlar atıldığını da qeyd edib: “Qeyd etdiyim kimi, 600 min insana bir neçə ay ərzində 190 manat verildi, özəl sektorda çalışan təqribən 307 minə yaxın insanın maaşlarının ən azı iki ay dövlət tərəfindən ödənildi, müəyyən vergi güzəştləri də tətbiq olundu. Amma bu yetərli oldumu? Təbii ki, xeyir. Çünki orta və kiçik sahibkarlar çox böyük əziyyət çəkdilər. Pandemiya dövründə onlara çox böyük ziyan dəydi.

Azərbaycanda təəssüf ki, belə araşdırmalar aparılmır. Ancaq sistem olaraq bənzərliklər olan Rusiyada aparılan araşdırmalara görə, burada hər orta və kiçik 10 sahibkarın doqquzuna az və ya çox ziyan dəyib. Hər on sahibkarın azı yarısının 2021-ci ildə biznesini davam etdirib-etdirməyəcəyi sual altına düşdü. Onların özlərinin açıqlamalarına görə, pandemiya ilində kifayət qədər ciddi problemlər yaşandı və post-pandemiya dövrü üçün indi müəyyən hazırlıqlar görülür. Ancaq həm dünyadakı proseslər, həm Azərbaycandakı iqtisadi vəziyyət onu deməyə əsas verir ki, iqtisadi canlanma üçün hələ kifayət qədər problemlər var. Yəni iqtisadi canlanmaya nail olmaq və post-pandemiya dövrünə qayıtmaq üçün həll edilməsi gərəkən ciddi problemlər mövcuddur”.

Pandemiyanın psixoloji təsirləri ilə bağlı psixoloq, psixoterapevt Elmir Əkbər saytımıza bildirib ki, may ayının sonu, iyun ayında Bexterev Psixoterapiya Assosiasiyasının proqnozlaşdığı kimi bu il depressiyalar və digər müxtəlif psixoloji pozuntular, ailə konfliktləri, ailə dağılmaları, ailədə valideyn və övlad arasında olan problemlər kritik həddə qalxıb:

“Bütün dünyada psixoterapevtlər, klinik tibbi psixoloqlar səfərbər şəkildə işləyirdilər, onlayn konsultasiyalar aparırdılar. Əfsus ki, bizim respublikada bu xidmət yoxdur. Klinik tibbi psixoloq barmaq sayında azdır. Ölkədə həkim psixoterapevt maksimum iki ya üç nəfər ola, ya olmaya. Söhbət təbii ki təhsili olan əsl mütəxəssisdən gedir, yalandan bu adı özünə qoyanlardan getmir. Ona görə də Azərbaycanda vəziyyət daha ciddidir. İntiharlar, ailə konfliktləri kritik həddə çatıb, ailələr boşanır, valideyn övlad münasibətləri çox pisləşib. Gənc və yeniyetmələrin evdən qaçma halları, qız və oğlanların narkotikə, spirtli içkiyə qurşanmaqhalları da çoxalıb. Depressiya halları kəskin artıb. Ailədə həyat yoldaşları arasında, valideynlə övlad arasında konfliktlər qırmızı həddi artıq çoxdan keçib”.   

Psixoloq tövsiyə edir ki, insanlar özlərində və ya yaxınlarında bu əlamətlər hiss edən kimi təcili mütəxəssisə müraciət etsinlər:

“Əgər insan əvvəllər zövq aldığı şeydən indi zövq ala bilmirsə, həyatın dadı, ləzzəti qaçıbsa, rənglər sanki solubsa, insan deyirsə ki, həyatın mənasını itirib və bilmir niyə yaşayır, onsuz da hamı öləcək, niyə əziyyət çəkirik kimi düşüncələr gəlirsə bu artıq çox təhlükəli durumdan xəbər verir. İnsanlarda maskalanmış gizli depressiya yayılıb. Onun əlaməti kimi yuxunun, qidalanmanın pozulması və digər fizioloji ehtiyacların özünü qeyri normal şəkildə göstərməsidir. Artıq çəkidən əziyyət çəkən insanların sayı həddən artıq çoxalıb. Çünki artıq qidalanma psixoloji problemdir. İnsanlar əsəbini, stressini, psixoloji gərginliyini qidalanma ilə çıxmaq istəyir. Bulemiya və kompulsiv qidalanma çox geniş yayılıb. İllərlə özünü istədiyi çəkiyə salan insanlar bərbad günə düşüblər. İdman zallarının bütün dünyadan fərqli olaraq təkcə Azərbaycanda fəaliyyət göstərməməsi də öz ağır zərbəsini vurub. Yaşanan ağır psixi problemləri saymaqla bitirmək olmaz”.

Bundan başqa, Elmir Əkbər həyəcan, təşviş probleminin də artdığını deyir:

“Panik ataklar artıb. Beynəlxalq təşkilatların bildirdiyi kimi, bəzən COVID-dən yaşlı olmayan gənc insanlar, əlavə xəstəliyi olmayan insanlar da dünyalarını dəyişdilər. Çünki onların ölməsinə səbəb tək COVID-in olması deyil, onunla paralel qorxu, təşviş, həyəcan, panik atak da yaşamalarıdır. Çünki COVID-də də insan tənəffüs problemi yaşayır, panik atak da tənəffüs problemi yaradır. Bu isə üst-üstə gələndə insanlar dünyasını dəyişirlər. Təsəvvür edin, insan reanimasiya şəraitinə düşür, tənəffüs problemi, ətrafda baş verənlər ona təsir göstərir. Psixoloji, psixoterapevtik vəziyyəti əvvəldən bərbad olan insanlar orda panik atak tutur. Onsuz da tutulmuş tənəffüs bir az da pozulur və insan dünyasını dəyişir. İnsanlar mümkün qədər öz əsəblərini, psixi aparatlarını, psixi durumlarını qorumağa çalışmalıdırlar”.

Gülnar Səlimova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...