Ermənistan yaxın 10 ildə Qarabağa gözünün ucu ilə belə baxa bilməyəcək - Ekspert | Eurasia Diary - ednews.net

3 Avqust, Çərşənbə axşamı


Ermənistan yaxın 10 ildə Qarabağa gözünün ucu ilə belə baxa bilməyəcək - Ekspert

Analitika A- A A+

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan parlament seçkilər öncəsi revanşist bəyanatlar verməkdə davam edir. Koçaryan Paşinyan hökumətini Ermənistan ordusunu məhv etməkdə ittiham edərək, hakimiyyətə gəldiyi təqdirdə, yaxın 3 ilə onu bərpa edəcəyini bildirib. Həmçinin, o, Hadrutu yenidən “qaytaracağı”na (işğal edəcəyinə) böyük ölçüdə ümid etdiyini və Şuşanın da “qayıdacağına” “qismən inandığını” deyib. Bunun keçmiş və 1991-ci ildə Azərbaycan parlamentinin qərarı ilə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin “sərhədi”nin bərpası ilə bunun mümkün olacağını söyləyib. Onun sözlərinə görə, bu proses iki il vaxt ala bilər.

Qeyd edək ki, seçkilərə iki həftə qalmış Koçaryanla Paşinyan arasındakı reytinq fərqi ciddi şəkildə azalıb. Hazırda Paşinyanı dəstəkləyənlər 22%-ə çatıb. Paşinyanın reytinqi isə hazırda 24%-dir. Ermənistanda əhalinin əksəriyyəti revanşist düşüncədən yaxa qurtarmayıb. Və Koçaryan bu cür bəyanatlarla əhalinin nəbzini tutmağa çalışır. Azərbaycan ordu quruculuğunda indiki səviyyəyə 30 illik bir müddətə çatıb. Ermənistan ordusunu 3 ilə bərpa etmək mümkündürmü? Koçaryan kimin köməyinə arxalanır?

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Eurasia Diary-yə açıqlama verib.

Könüllü döyüşçülərin STATUS “DÜYÜNÜ”: - Region News

“60-70%-i Azərbaycan ordusu tərəfindən məhv edilmiş Ermənistan ordusunun 3 ilə bərpa edilməsi çox astronomik vəzifədir. Ermənistanın real maliyyə imkanları və kənardan verilən bütün dəstəyi də nəzərə alsaq, bu yenə də Ermənistan üçün ən azı yaxın 10 ilin vəzifəsidir. 45-47 yaşında insanları əsgər əvəzinə orduya cəlb edən Ermənistan 3 il ərzində bu nəsildən olan insanları necə tez böyüdüb boya-başa çatdırıb orduya cəlb edə biləcək? Ən maraqlı suallardan biri budur” – deyə hərbi ekspert biıdirib.

Onun sözlərinə görə, Koçaryanın Rusiya ilə münasibətləri kifayət qədər yaxındır: “O, Rusiyanın köməyinə arxalanır. Amma Rusiyanın verəcəyi silahlar zatən yeni bir silah olmayacaq. Rusiyanın özü bu dəqiqə çətin vəziyyətdədir. Məgər 30 il ərzində həmin Koçaryana, Sarkisyana və Paşinyana silah verilmirdi? O silahlar regionda nəyisə dəyişdimi? “İskəndər”lər, qadağan olunmuş raketlər, nüvə silahı daşıya bilən başlığa malik “İskəndər-M” versiyası, Rusiyanın istehsalında hazırda ən üstün silahı olan “Su-30” qırıcıları, “Smerç”lər, radiolektron rabitə sistemləri verilmişdi. Bunların hansı biri hərbi balansı Ermənistanın xeyrinə dəyişə bildi?”

Ə. Verdiyev Koçaryanın Hadrut və Şuşa ilə bağlı səsləndirdiyi fikrə də münasibət bildirib: “Koçaryan xəritəni önünə qoyub üstündə sağdan-soldan uzun xətlər çəkməklə ABŞ-ı belə, gedib ala bilər. Amma reallıq buna imkan verirmi? Düşünmürəm ki, bu mümkün olsun. Rusiyanın edəcəyi kömək də ciddi bir dəyişikliyə səbəb olmayacaq. Çünki artıq ölkələr arasında silahlı müharibə metodlarında böyük fərq yaranıb. Biz peykdən, ağıllı sistemlərdən, ağıllı raketlərdən, PUA-lardan, süni zəkadan istifadə edib qələbə qazandığımız halda, Ermənistan hələ də nəyin necə baş verdiyini özü üçün araşdıra bilmir. Koçaryan, belə bəyanatları səsləndirməzdən əvvəl sağına-soluna baxsın, başını yuxarı qaldırıb Şuşada dalğalanan bayrağa bir baxsın, bəlkə o zaman onun xəstə təxəyyülü bu reallıqları qəbul edə bildi.

Hadrut və Şuşa ərazilərini yenidən işğal etməsi barədə verdiyi bəyanatlara gəldikdə isə görünür, Koçaryan bu müharibədə erməni qoşunlarının hansı fəlakət və ağrı-acıyla qarşılaşdığını tam təsəvvür etmir. Şuşanın və Hadrutun qaytarılması bütün Ermənistan xalqının müharibəyə qoşulacağı təqdirdə belə mümkün deyil. Birincisi, hansı ordu ilə onu qaytaracaqlar? Azərbaycan ordusu hazırda son iki yüz ildə olan ən yüksək mənəvi-psixoloji ruh yüksəkliyinə malikdir. Digər tərəfdən, 10 min kvadrat kilometrdən çox ərazini azad edən Azərbaycan ordusunun döyüş ruhu hansısa ərazilərin nəinki ermənilərə, hətta onların hansısa havadarlarına belə, güzəştə getməyə imkan verməz. İkincisi, biz heç zaman yalnız Ermənistanla savaşmadıq. Biz bu savaşda Ermənistanın yanında olan və ondan on, yüz dəfələrlə artıq gücdə olan qüvvələrlə savaşdıq və torpaqlarımızı işğaldan azad etdik. Bundan sonra da Ermənistan yaxın 10 ildə Qarabağ tərəfə gözünün ucu ilə belə baxmağa qadir olan ordu yarada bilməyəcək. Bütün bu səslənənlər boş bəyanatlardır. Artıq zaman o zaman deyil və ordumuz Koçaryanın düşündüyü 90-cı illərin ordusu deyil. Koçaryanın səsləndirdiyi bəyanatlar yalnız və yalnız erməni xalqının xoşuna gələcək ifadələrdən istifadə etməklə seçkilərdə müəyyən bir nəticə əldə etmək üçündür. Bundan o tərəfə heç nə yoxdur”, - deyə ekspert əlavə edib.

O, qeyd edib ki, Koçaryan, Paşinyanın rəqibi olaraq reytinqini xeyli artırıb: "Bunu beynəlxalq təşkilatlar da təsdiqləyir və baş verən hadisələr də göstərir. Əvvəl Paşinyan bir neçə dəfə ondan irəlidə idisə, Koçaryan bu cür bəyanatlar hesabına Paşinyana yaxınlaşıb. Təbii ki, Koçaryan seçilmək üçün məğlub olmuş, döyülüb-söyülmüş, zorlanmış erməni cəmiyyətinin qulağına xoş gələcək bəyanatlar səsləndirməlidir. Müxalifət olaraq, o, Paşinyanı nə korrupsiyada, nə seçki saxtakarlığında, nə də digər məsələlərdə çox ciddi şəkildə günahlandıra bilmir. Paşinyanın yeganə çatışmazlığı Qarabağ ərazisindəki məğlubiyyət, ordunun bərbad vəziyyətə düşməsi və ərazilərin itirilməsi ilə bağlıdır. Bu isə Koçaryanın istifadə edəcəyi yeganə mexanizmdir. Buna görə o, bütün çıxışlarını bunun üzərində qurur. Digər tərəfdən, düşünmürəm ki, onun bütün bu çıxışları özü tərəfindən hazırlanır. Bu sahədə Rusiyanın siyasi texnoloqlarının da fəaliyyətlərinin izləri görünməkdədir”.

Gülnar Səlimova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...