İranda prezident seçkiləri - Ruhanini kim əvəz edəcək? | Eurasia Diary - ednews.net

24 İyul, Şənbə


İranda prezident seçkiləri - Ruhanini kim əvəz edəcək?

Analitika A- A A+

İyun 18-də iran vətəndaşları 13-cü dəfə prezident seçmək üçün seçki məntəqələrinə üz tutacaqlar. Seçkidə iştirak etməyə buraxılmış 7 namizəd içərisində Qərb dairələrində xüsusi maraq doğuran iki namizəd mövcuddur. Bunlardan biri 66 yaşlı iqtisadçı Mərkəzi Bankın sədri Əbdülnasir Himməti, digəri isə keçmiş vitse-prezident Möhsin Mehrəlizadədır.

İbrahim Rəisinin seçki marofonunda sona qədər mübarizə apararaq qalib gələcəyi proqnozlaşdırılır. Çünki prezident seçkisində potensial namizədlər hesab olunan keçmiş parlament spikeri Əli Laricani və hazırki vitse-prezident İshaq Cahangiri Konstitusaiya Nəzarət Şurası tərəfində seçkiyə buraxılmayıb. Bununla da Rəisinin qələbəyə yolu təmizlənib.

60 yaşlı İbrahim Rəisi dini lider Ayətullah Əli Xameneyinin də ciddi şəkildə müdafiə etdiyi namizəd hesab olunur. 2019-cu ildə ali dini rəhbər onu İran Məhkəməsinin sədri kimi yüksək vəzifəyə təyin etmişdi.

Rəisi İraq şiələrinin dini lideri olan Əli əl-Sistani ilə görüşmək məqsədi ilə bir neçə dəfə Nəcəfə səfər etsə də Sistani onu qəbul etməmiş və bununla da İran mühafizəkarlarına münasibətini bildirmişdir.

Amerika Birləşmiş Ştatları 2019-cu ildə Rəsi və ali dini liderin yaxın ətrafında olan şəxslərə sanksiyalar tətbiq edib.

O, 1960-cı ildə İranın ikinci böyük şəhəri hesab olunan Məşhəd yaxınlığındakı kiçik kənddə anadan olub. Kiçik yaşlarında Qumda dini məktəbə daxil olub Xameneinin rəhbərliyi altında təhsil alır. Tələbəlik illərində şaha qarşı mitinqlərin fəal iştirakçısı olur.

1981-ci ildə Kərəc şəhərinin prokuroru təyin olunmaqla hüquq mühafizə orqanlarında fəaliyyətinə başlayır. 1985-ci ildə Tehran prokurorunun müavini olur.

Himməti İran Mərkəzi Bankının müstəqilliyi, dövlətin iqtisadiyyata müdaxiləsinin azaldılması və eyni zamanda Şərq-Qərb münasibətlərinin inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir.

Mühsin Mehrəlizadə 2017-2018-ci illərdə qubernator vəzifəsində çalışıb, 2005-ci illərdəki prezident seçkilərində namizədliyini verib. Seçkiqabağı platformasında Mehrəlizadə su çatışmazlığı problemlərini həll etmək üçün kənd təsərrüfatını müasirləşdirmək, siyasi həyatın şəffaflaşdırılması və ucuz yaşayış yerlərinin tikilməsi məsələlərini irəli sürür.

Bu iki şəxs reformaçılar qanadına mənsub və İranda sayı müxtəlif məlumatlara əsasən 40 milyon nəfərə qədər hesablanan türk millətinin nümayəndələri olduqları üçün diqqəti cəlb edirlər. Dövlət televiziyasında debat zamanı mühafizəkar qanadı təmsil edən namizəd İbrahim Rəisi ilə      Mehrəlizadə arasında baş verən dioloq bu baxımdan builki seçkiyə öz damğasını vurub. O, ölkənin müxtəlif bölgələrində yaşayan “azərbaycanlılara” dəstəyə görə minnətdarlıq edərkən Mehrəlizadə ona etiraz edərək bildirib: “Hörmətli İbrahim Rəisi, siz deyirsiniz” azərbaycan dilində danışan əhali sizə müraciət edərək minnətdarlıq və sevgilərini ifadə edir. Amma mən “azəri” kəlməsi ilə bağlı düzəliş etmək istəyirəm. Çünki ölkəmizdə Qərbi və Şərqi Azərbaycan, Həmədan, Zənzibar, İsfahan, Ərdəbil, Horasan və Xuzistanda yaşayan əhali sizin  ifadə etdiyiniz kimi “azəri dilində” deyil, “türk dilində” danışırlar. Hörmətli İbrahim Rəisi “azəri” kəlməsini ifadə edərkən bir qədər ehtiyatlı olmanız lazımdır”.

Bu hadisə çox böyük geosiyasi məna daşıyan məsələlərdən xəbər verir və bu vaxta qədər keçirilən seçkilərin heç birində namizədlərin dövlət televiziyasında debatında müzakirə səviyyəsinə qədər qaldırılmamışdı. İran müxtəlif etnik tərkibə malik ölkədir. Orada yaşayan əhali dil faktoruna görə iki hissəyə bölünür - fars dilində və türk dilində danışanlar. Fars dilində danışanlara farslar, kürdlər, lurlar, talışlar daxildir. Türk dilində danışanların isə sayı 40 milyona çatan azərbaycanlılar və digər türk tayfalarıdır.

İran qanunvericiliyində və rəsmi siyasi leksikonda “milli azlıq” məfhumu qadağan olunub və İranda yaşayan əhalinin hamısı “iranlı” adlandırılır. Amma xristian (erməni) yəhudi, atəşpərəstləri müəyyən etmək üçün “dini azlıq” terminindən istifadə olunur. “Dini azlıq” hesab olunan çox kiçik qrup konstitusiyada təsbit olunmuş hüquqlarına görə milli azlıqda olan əhalidən daha geniş səlahiyyətlərə malikdir. Bu da müasir şəraitdə kənar qüvvələrin İrana qarşı istifadə edəcəyi gərginlik mənbəyidir.

Əlimusa İbrahimov

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...