Bakının KTMT üzvlüyü - Rusiya Xankəndi və ətrafını girov saxlayır | Eurasia Diary - ednews.net

28 Sentyabr, Çərşənbə axşamı

Bakının KTMT üzvlüyü - Rusiya Xankəndi və ətrafını girov saxlayır

Analitika A- A A+

Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı gündəmə gəlib. Bu məqsədlə təşkilatda “tərəfdaş ölkə” institutu yaradılması təklif olunub. Rusiya Dövlət Dumasının Avrasiya inteqrasiyası üzrə Komitəsinin sədri Leonid Kalaşnikov iddia edib ki, bu formata ən çox maraq göstərən ölkələr Azərbaycan və Pakistandır. (Daha əvvəl Rusiya xarici işlər nazirini müavini Rudenko da Azərbaycanın KTMT-yə qoşulması məsələsini gündəmə gətirmişdi.)

Prinsipcə, qeyri-adi heç nə baş vermir. 10 noyabr Bəyanatının imzalandığı gün yazmışdıq ki, Rusiya Azərbaycanın Avrasiya İqtisadi İttifaqı və KTMT-yə qoşulması məsələsini qaldıracaq. Bu sənəd, eləcə də onun davamı olan 11 yanvar 2021-ci il tarixli razılaşma həm də Azərbaycanın Avrasiya inteqrasiya layihələrinə qoşulmasının bir növ, yol xəritəsidir. Təbii ki, tamhüquqlu üzvlük ilk mərhələdə qeyri-mümkündür, çünki hələlik Ermənisanla probemlər çözülməyib, ona görə də “müşahidəçi”, “tərəfdaş” kimi aralıq statuslar gündəmə gətirilir. Kommunikasiyalar açıldıqdan, nəqliyyat əlaqələri bərpa edildikdən (Zəngəzur yolu da daxil olmaqla), sərhəd ixtilafı çözüldükdən və iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra Ermənistanla eyni hərbi ittifaqda, vahid iqtisadi məkanda təmsil olunmağın önündəki əngəllər qalxmış olacaq. Bütün bunlar prezident Putinin 2016-cı ildə irəli sürdüyü Böyük Avrasiya Tərəfdaşlığı təşəbbüsünün tərkib hissəsidir. Rusiyanın ötən il Azərbaycanın öz torpaqlarını azad etməsinə mane olmamasının təməl səbəbi də budur. Moskva konflikti dondurulmuş, bölgəni inteqrasiyaya qapalı “boz ərazi” statusunda saxlamağın artıq onun maraqlarına zərər verməyə başladığının fərqinə vararaq böyük düşünməyə başladı və konflikt yaradıb donduran “oyun pozucu” rolundan “oyun qurucu” roluna keçid etdi. İndi Avrasiya İqtisadi İttifaqının bazasında təkcə postsovet məkanını əhatə etməyən daha geniş inteqrasiya modeli formalaşdırılmasına start verilib. İranın, Pakistanın, Çinin, Hindistanın da burada iştirakı nəzərdə tutulur. Moskva ümidlidir ki, Türkiyə də bu inteqrativ proseslərə qoşula bilər,

Ankaranın Qarabağ məsələsinin həllinə qismən cəlb olunması da bununla əlaqədardır. Britaniyanın bu prosesi (Avrasiya inteqrasiyasını) dəstəklədiyinə dair fikirlərin əsası yoxdur. Əksinə, anqlo-sakson ittifaqı və onların liderliyindəki NATO-nun Əfqanıstandan çəkilməsi Çin və Rusiya ətrafında qeyri-sabitlik və xaos zolağı yaratma, onlar üçün maliyətləri artırma (oyun pozucu) niyyətinə xidmət edir. Nəticə? Bu prosesin bizim üçün müsbət tərəfi odur ki, Rusiya işğaldakı ərazilərin böyük hissəsini geri qaytarmağımıza şərait yaratdı. Xankəndi və çevrəsini isə girov kimi əlində saxlayır ki, birdən tərəflərdən biri cızılan çərçivənin xaricinə çıxmaq istəsə, ona qarşı istifadə etsin. İstisna deyil ki, dünənki atəşkəs pozuntusu siyasi xarakter daşıyır və Bakıya xəbərdarlıq, yaxud xatırlatma məqsədli siqnaldır. Prosesin mənfi tərəfi isə odur ki, Azərbaycan yenidən Moskvanın orbitinə qayıdır. (Bunu neqativ qiymətləndirməyim subyektiv qənaətimdir, çünki ölkəmizdə Rusiya ilə dərin inteqrasiyanı dəstəkləyənlər də var) Çin totalitarizmi və Rusiya avtokratiya modelinin hegemon olduğu Avrasiya coğrafiyası və dəyərlər sisteminə inteqrasiya o deməkdir ki, ölkəmizdə hüquq və azadlıqlara əsaslanan demokratik sistem qurmaq əvvəlkindən daha çətin bir vəzifəyə çevrilə bilər.

Şahin Cəfərli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...