Şovinistlərin bağrını yaran türk bayrağı - “Mazandaran gölün”də verilən cavab | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

Şovinistlərin bağrını yaran türk bayrağı - “Mazandaran gölün”də verilən cavab

Analitika A- A A+

Vətən müharibəsindən sonra Azərbaycan artıq ənənəvi balanslaşdırılmış siyasəti bir kənara buraxıb, milli maraqların müdafiəsinə prinsipial mövqeli xarici siyasət yürüdür. Hazırda İranla gərginləşən münasibətlər, Rusiyaya qarşı verilən ardıcıl bəyanatlar da bu siyasətin nəticələridir.

Rəsmi Bakı qeyd etdiyimiz siyasi xətt əsas tutaraq, Qarabağdakı separatçılara Laçın dəhlizi vasitasilə qanunsuz yük daşıyan İrana sözün həqiqi mənasında bir dərs verib. Özü də heç kimin gözləmədiyi formada və məkanda...

Çoxlarının, hətta yerli ictimaiyyətin diqqətindən yayınan bu məsələni İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə açıqlayıb. Belə ki, ötən gün o, Xəzər dənizində Türkiyə-Azərbaycan birgə təlimlərinin (anti-terror təlimlər – red.) keçirilməsini pisləyib. “Xəzər dənizinin hüquqi statusu barədə konvensiya bu məsələyə aydınlıq gətirdi. 5 sahilyanı ölkə kənar ölkələrin dənizdə hərbi mövcudluğunu arzuolunmaz qəbul edib. Məsələ Xarici İşlər Nazirliyində müzakirə olunur”, - deyə nazirlik rəsmisi söyləyib.

Maraqlısı isə bundadır ki, İran parlamenti 12 avqust 2018-ci ildə 5 xəzəryanı ölkə tərəfindən imzalanan Aktau sazişini bu günə qədər ratifikasiya etməyib. Konvensiyanı imzalayan Azərbaycan, Rusiya, Qazaxıstan, hətta Azərbaycanla ciddi problemləri olan Türkmənistan artıq ən yüksək səviyyədə - prezidentlər səviyyəsində imzaladığı konvensiyanı qanuni qüvvəsinə mindirib. İran isə susmaqda davam edir. Buna səbəb dövrün İran Prezidenti Həsən Ruhaninin müqaviləni imzalamasından sonra ölkədə daxilində kəskin tənqidlərə məruz qalmasıdır. Belə ki, İran rəsmi şəkildə Xəzəri dəniz yox, göl hesab edir. Bu müqavilə isə Xəzərə xüsusi bir status qazandırıb və beləliklə, İranın Xəzəri “Mazandaran gölü”nə çevirmək xəyallarının üstündən xətt çəkilib. Buna görə də, İran ictimaiyyəti Ruhanini Xəzəri satmaqda günahlandırıb. Nəticədə İran hökuməti geri addım atıb və İran parlamenti artıq 3 ildir ki, bu müqaviləni ratifikasiya etməkdən yayınır.

Aktau müqaviləsi isə bütün tərəflərin ratifikasiya etməsindən sonra qüvvəyə minir. Belə olan halda İran XİN sözçüsü özlərinin 3 ildir ratifikasiya etmədiyi müqaviləyə əməl etməyi nə üçün rəsmi Bakıdan tələb edib? Ümumiyyətlə, Xəzərdəki təlimlər İranı niyə bu qədər narahat edib?

Diqqət: Türk ordusu NATO ordusudur!

Qarabağdakı separatçılara “peydərpey” naməlum yük daşıyan İrana rəsmi Bakı bir dəfə nota vermişdi. Lakin İran separatçılara yük daşımağa davam etdi. Ən əsası rəsmi Tehran Laçın dəhlizini icazəsiz istifadə etməsinə, Azərbaycan ərazisinə qanunsuz girməsinə görə üzr istəməsi bir yana dursun, heç ermənilərə nə daşıdığını da açıqlamadı. Azərbaycan İrana bir şəkildə cavab verməli idi, cavab Xəzərdən, İranın ən həssas yerindən gəldi.

Azərbaycan və Türkiyə hərbçiləri təlimlərini məhz Xüsusi Təyinatlı Qüvvələrin bazasında, Xəzər sahilində təşkil etdi. Yer təsadüfi seçilməmişdi. Xəzərdə türk bayrağı və əsgərini görən İran sözün həqiqi mənasında diksinib, haray-həşir salsa da, bir şeyi unutmuşdu. Nə Xəzərdə Türkiyə gəmisi var idi, nə də müqaviləni ratifikasiya etməmiş İranın bu məsələyə qarışmaq haqqı..!

Diqqət edin, Azərbaycandan savayı 4 xəzəryanı ölkədən sadəcə İran bu təlimlərə reaksiya verdi. Niyə? 3 əsas səbəbə görə:

1.Türkiyə NATO üzvü, NATO-nun əsas vurucu güclərindən biridir.

 Türkiyə NATO ilə, daha doğrusu, ABŞ-la razılaşmadan Azərbaycana generallar göndərir, Xəzərdə təlimlərə qatılır, Azərbaycan ordusunun təkmilləşdirilməsi və moderinizatsiyasını təşkil edir? Əlbəttə yox. İranı bu məsələdə əsas qıcıqlandıran məqam NATO-nun burnunun ucuna qədər girməsidir. Bu gün türk əsgərinin təlim üçün iştirak etdiyi dənizin İrandakı fars şovinistləri tərəfindən “Mazandaran gölü” adlandırdıldığını unutmaq olmaz.

2. İran siyasi sisteminin zirvəsinə hazırda iki qrup siyasi elita rəhbərlik edir.

Biri Xamenei imamətindəki inqilabçı teokrat elita, digəri isə Rəfsəncani dövründən bu yana aktivliyini günü-gündən artıran, Məhəmməd Cavad Zərif kimi funksional bürokratlardan təşkil edilən fars şovinisti elitası. Ola bilər ki, inqilabçılar üçün Xəzərdə türk əsgərini görmək bir o qədər də narahatlıq doğurmasın, lakin fars millətçisi olan hər İran bürokratı türk düşməni və Azərbaycan əleyhdarıdır. Ona görə də fars şovinisti iranlı bürokratlar Xəzərdə türk əsgərinin varlığına dözüm göstərə bilmir.

3.İran bu təlimləri özünə qarşı verilmiş reaksiya kimi qiymətləndirir.

Belə ki, Azərbaycan hökuməti separatçılara yük daşıyan rəsmi Tehrana dəfələrlə xəbərdarlıq etmiş, hətta nota belə vermişdi. Lakin İran öz əməlindən əl çəkməmiş, separatçılarla iqtisadi əlaqələrinə davam etmişdi. Nəticədə bir gün Xəzərdə türk əsgərləri peyda oldu. Rəsmi Tehran mesajın ona qarşı yönəldiyini anladı. Mesaj isə açıq idi: Əgər “molla”lar erməniləri dəstəkləməyə davam edərsə, türk komutanlar da Xəzərdə boy göstərməyə davam edəcək. İranı qıcıqlandıran əsas faktorlardan biri də bu mesaj oldu.

Beləliklə, bütün bu hadisələrin fonunda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Söz yox ki, Hikmət müəllim verilən diplomatik dərsin qısa icmalını İran səfirinin diqqətinə çatdırıb.

Qısası, rəsmi Bakının İrana keçdiyi diplomatik dərsin qısa məzmunu belədir: İran Azərbaycanın Cənubi Qafqazın lideri olduğu gerçəyini qəbul etməli və Azərbaycana “xor baxma” siyasətindən imtina etməlidir. Azərbaycan Cənubi Qafqazda tək söz sahibidir, onun icazəsi olmadan İran TIR deyil, heç bir həb belə nə Qarabağa, nə də Ermənistana keçirə bilməz. Keçirərsə də qarşılığını mütləq görər, görür və görəcəkdir...

Nicat İsmayılov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...