Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərin alternativi olmadığını başa düşüb - Anar Əliyev - ednews.net

27 Noyabr, Şənbə

Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərin alternativi olmadığını başa düşüb - Anar Əliyev

Analitika A- A A+

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Tbilisinin vasitəçiliyi ilə Ankara və Yerevan arasında dialoq prosesini başlatmağa dair sorğu göndərib. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Prezident Ərdoğan deyib ki, əgər Nikol Paşinyan mənimlə görüşmək istəyirsə, Ermənistanın müsbət addımlar atması lazımdır: “Gürcüstan baş naziri Ermənistan baş naziri Nikol Paşinyanın görüş keçirilməsi ilə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atması lazımdır”. Ərdoğan görüşün ilkin şərti kimi Zəngəzur dəhlizinin açılmasını göstərərək, bu dəhlizin açılmasının Azərbaycan və Ermənistan arasındakı münasibətlərdəki çətinliyi aradan qaldıracağına ümid etdiyini bildirib.

Bu gün isə Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi bildirib ki, Ermənistan hökuməti Türkiyə ilə təmaslara başlamağa hazırdır. Mətbuat katibi işlər səmərələri olacağı halda, yüksək səviyyədə görüşlərə də hazır olduqlarını bəyan edib.

Aydındır ki, Gürcüstan regionda yaranmış yeni reallıqda qazancının və belə desək payının olmasını istəyir. Xüsusilə, Türkiyə ilə Ermənistan arasında təmasların bərpası Gürcüstanın tranzit rolunu artıracaq. Lakin bu vasitəçilik bir növ simvolik xarakter daşıyır. Görünür, rəsmi İrəvan artıq hər şeyi götür-qoy edib və Ermənistan Türkiyə ilə münasibətləri bərpa etməkdə maraqlı olduğu üçün Zəngəzur dəhlizi ilə bağlı qarşısında qoyulan şərti yerinə yetirməkdə tərəddüd etməyəcək. Ancaq Ermənistanın xüsusilə Rusiya və Türkiyə arasında diplomatik manevrlərində nə dərəcədə çevik ola biləcəyini zaman göstərəcək.  

Məsələ ilə bağlı politoloq Anar Əliyev EDNews.net-ə açıqlama verib.

Azərbaycan qarşı tərəfi məcbur etmək qüdrətindədir” POLİTOLOQDAN SƏRT TƏPKİ

“Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Ərdoğana BMT Baş Assambleyasının keçirildiyi ərəfədə Amerikada görüşməyi təklif edib. Ərdoğan da Amerikaya səfər etmədən öncə mətbuata bunu bilərəkdən açıqladı. Türkiyənin, həm də Azərbaycanın maraqlarına uyğun olan şərtlərini açıqlamış oldu. Ərdoğan açıq şəkildə bəyan etdi ki, Türkiyə Ermənistan tərəfi ilə dialoqa hazırdır. Lakin bunun üçün əməli addımların atılması zəruridir. Bu, xüsusilə 10 Noyabr bəyannaməsində öz əksini tapan və Azərbaycanın qərb rayonlarını Naxçıvan bölgəmizlə birləşdirəcək kommunikasiya tədbirlərinin açılması ilə bağlıdır. Bildiyimiz kimi, bir müddət bundan öncə Paşinyan Ermənistan parlamentində çıxışı zamanı gələcəklə bağlı planlarını açıqlayarkən Azərbaycan və Türkiyə ilə əlaqələrinin qurulması, eyni zamanda Ermənistanın Azərbaycan üzərindən İran və Rusiya ilə birləşdirəcək kommunikasiya xətlərinin açılması ilə bağlı fikirlərini, planlarını açıqladı. Qeyd etdi ki, bu kommunikasiya əlaqələrinin açılması yalnız Türkiyə və Azərbaycanın maraqlarına deyil, xüsusilə Ermənistanın maraqlarına xidmət edir”.

Politoloqun sözlərinə görə, bir neçə gün bundan öncə Azərbaycanın tranzit uçuşları üçün (Naxçıvandan Gəncəyə təyyarə uçuşları) Ermənistan hava məkanının açılması göstərir ki, Ermənistan artıq regionda baş verən hadisələrin real mahiyyətini düzgün dərk etmək yolundadır: “Ermənistan siyasi elitası gözəl dərk edir ki, Cənubi Qafqazda baş verən hadisələrin iştirakçısına çevrilmək üçün yalnız Türkiyə və Azərbaycanla əlaqələrin qurulması və Azərbaycanın razılıq verəcəyi təqdirdə bu proseslərdə iştirakçıya çevrilmək imkanları var. Əks halda, digər iştirakçıların, qərbi Avropa havadarlarının, həmin dövlətlərdən olan havadarlarının eləcə də, Şimal qonşumuz Rusiyanın bəyanatlarının dəstəyinin Ermənistanın düşdüyü vəziyyətdən xilası üçün demək olar ki, heç bir praktik nəticəsi yoxdur. Xüsusilə də məhv olmuş, dağıdılmış Ermənistan ordusunun qurulması ilə bağlı Avropadakı müttəfiqlərindən heç bir dəstək görə bilməyən Ermənistanda yalnız sözdə, bəyanatlarda müdafiə olunduqlarını, praktik davranışlarda heç bir dəstək ala bilmədiklərini dərk edirlər. Buna görə də, artıq Azərbaycan və Türkiyə ilə real praktik addımlara, əməkdaşlığa məcbur olduğunu anlayır və bu addımlar istiqamətində növbəti gedişlərini edirlər”.

Ekspert hesab edir ki, çox qısa bir müddət ərzində həm də Ermənistan ərazisində Zəngəzur dəhlizinin açılması ilə bağlı praktik addımların şahidi ola biləcəyik: “Bu, əslində Azərbaycan və Türkiyənin birgə irəli sürdüyü Cənubi Qafqazda sülh, barış platformasının və Ermənistan, Azərbaycan və Türkiyə üçlüyünün formalaşması və inkişaf etdirilməsinə gətirib çıxara biləcək praktik nəticələr və addımlardır. Ərdoğanın da səsləndirdiyi kimi, Türkiyə və Ermənistan arasında yüksək səviyyədə görüşlər keçirilməsi mümkündür. Hesab edirəm ki, Ərdoğanın da səsləndirdiyi kimi Türkiyə və Ermənistan arasında ən yüksək səviyyədə görüşlər keçirmək mümkündür. Rəsmi İrəvan da bu gün açıq şəkildə qeyd etdi ki, Ermənistan buna hazırdır. Lakin Ərdoğanın dediyi kimi söz və bayanatlardan çıxıb praktik addımlara başlamaq lazımdır”.

A. Əliyev hesab edir ki, Türkiyə və Ermənistan arasında münasibətlərin formalaşması regionumuz üçün nə qədər müsbət nəticələr doğuracaqsa, xüsusilə Azərbaycan, Ermənistan və Türkiyənin, eyni zamanda Gürcüstanın maraqlarına xidmət etsə də, şimal və cənub qonşularımızın maraqları ilə ziddiyyət təşkil edir: “Bu davranışların mümkün qədər alınmaması, pozulması üçün Ermənistana Rusiya və İran tərəfindən müxtəlif istiqamətli həm təzyiqlər, təsirlər, həm də şirnikləndirici addımların atılması gözləniləndir. Ermənistan bu addımı atmaqla ikibaşlı oyun oynayır. Həm Türkiyə və Azərbaycanla münasibətlərin formalaşması istəyində olduğunu beynəlxalq ictimaiyyətə və region dövlətlərinə çatdırmaq istəyir. Eyni zamanda, Nikol Paşinyan həm də Ermənistanı növbəti dəfə bazarlığa çıxarmış olur. Rusiya və İrana mesajlarını ötürmüş olur ki, sizdən istədiklərimizi almasaq, biz Türkiyə və Azərbaycanla münasibətləri qurmaq məcburiyyətində qalacağıq. Hesab edirəm ki, növbəti mərhələlərdə İran və Rusiya tərəfindən də Ermənistana yönəlik bir sıra addımların və gedişlərin şahidi ola bilərik.

Digər tərəfdən, altılıq platformasından birmənalı şəkildə imtina etmiş Gürcüstanın fəallığını qeyd etməliyik. Bildiyiniz kimi, Amerika da Gürcüstan vasitəsilə Ağdamın mina xəritələrinin Ermənistandan alınıb Azərbaycana verilməsi prosesində iştirak edərək mühüm vasitəçi rolunu yerinə yetirmişdi. Bu gün də Gürcüstan Ermənistan və Türkiyə arasında yüksək səviyyəli dialoqun baş tutmasına vasitəçilik missiyasını həyata keçirir. Bu münasibətlərdə Gürcüstanın özünün də dövlət maraqları mövcuddur. Xüsusilə də, Ermənistanın Rusiya təzyiq və təsirindən kənarlaşdırılıb daha çox qlobal gücə çevrilməkdə olan Türkiyənin nəzarəti və çətiri altında bir Qafqaz birliyinin formalaşması Gürcüstanın da maraqlarına xidmət edir və həm də regional iqtisadi inkişafın təmin olunmasına öz müsbət təsirini göstərə bilər”.

Politoloq həmçinin əlavə edib ki, Nikol Paşinyanın səsləndirdiyi bu fikirlər müsbətə doğru atıla biləcək bir addımdır və Ermənistan bu addımlarda səmimi olduğunu və bu bəyanatlarını praktik addımlarla əlavə qatqılar gətirəcəksə tezliklə biz Cənubi Qafqaz dövlətlərinin əməkdaşlığın yeni üst mərhələsinə şahidi olacağıq.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...