Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan Azərbaycan-Türkiyə və Ermənistan arasında gizli razılaşmanın əldə olunması və bu razılaşmaya əsasən İrəvanın “erməni soyqırımı” fikrindən əl çəkəcəyi, Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı, Zəngəzur dəhlizinin açılacağı haqda məlumat verib. Bu sadalanan hadisələrin həyata keçirilməsi halında Ermənistanda siyasi bombanın partlayacağı ilə əlaqədar Paşinyan hökumətini təhdid etməyə başlayıb. Vitse-spiker Azərbaycan və Türkiyənin Ermənistana qarşı irəli sürdüyü tələblər sırasında Azərbaycan millətinin qatilləri - Robert Koçaryan, Serj Sarqsayan, Seyran Ohanyan və digərlərinin Azərbaycana təhvil verilməsinin də olduğu barədə heç nə deməyib. Amma ona çox gözəl məlumdur ki, Azərbaycan hüquq mühafizə orqanları başçılarının həm Moskvada, həm də Qazaxıstanda keçirdikləri ikitərəfli və üçtərəfli görüşlərdə bu barədə müzakirələr aparılıb. Nikol Paşinyan prinisip etibarı ilə Ermənistanın Qarabağ klanı başçıları və Xocalı qatillərinin beynəlxalq məhkəməyə və yaxud Azərbaycan hüquq mühafizə orqanlarının əlinə verilməsinə etiraz etmir. Çünki bununla onun Ermənistandakı ən böyük müxalifəti aradan qalxmış olur. Sadəcə Ermənistan Baş naziri bu işin beynəlxalq təşkilatların əli ilə həyata keçirilməsində daha çox israrlıdır.
Bəs elə isə Saqatelyan nədən bu məsələnin üstündən sükutla keçib və Nikol Paşinyan hökumətini Koçaryan və Sarqsyanın Azərbaycana təhvil verilməsi haqqında müzakirələr aparmasında günahlandırmır?
Çünki, Qarabağ klanı başçılarının Azərbaycana təhvil verilməsi və sadə Paşinyan hökumətinin erməniləri bu quldurların əzabından xilas etməsi indiki iqtidarın nüfuzunu daha da artıracaq. İşxan Saqatelyan isə Paşinyanı kütlənin gözündən salmaq və bununla da onu hakimiyyətdən uzaqlaşdırmaq məqsədi güdür.
İstənilən halda, Ermənistan müxalifəti hələ növbədənkənar parlament seçkiləri bitər-bitməz elan etdikləri payız mövsümünə başlaya bilmir və bunu tətikləyəcək ciddi səbəblər axtarırlar. Deyəsən qışın artıq yaxınlaşdığından onların xəbəri yoxdur.
Əlimusa İbrahimov