Türkiyəni anlamasalar, böyük və güclü əməliyyat başlayacaq - Mehmet Babacan - ednews.net

4 Dekabr, Şənbə

Türkiyəni anlamasalar, böyük və güclü əməliyyat başlayacaq - Mehmet Babacan

Analitika A- A A+

Uzun zamandan bəri cənub şərq sərhədindən terror təhdidlərinə məruz qalan Türkiyə növbəti terrorun hədəfi olub. Bu dəfə Suriyadan ölkəyə sızmağa çalışan YPG terrorçu qüvvələri iki Türkiyə xüsusi təyinatlı polisini “Fərat qalxanı” hərəkatı bölgəsində raket zərbəsi  nəticəsində şəhid edib.   

Türkiyəyə qarşı 35 ildən çox davam edən terror kampaniyasında, Türkiyə, ABŞ və Aİ tərəfindən terror təşkilatı olaraq siyahıya alınan PKK, qadınlar, uşaqlar və körpələr də daxil olmaqla ən az 40.000 insanın ölümünə səbəb olub.

Türkiyə 2016-cı ildən bəri mütəşəkkil bir terror dəhlizinin yaranmasının qarşısını almaq və sakinlərin sülh yolu ilə məskunlaşmasını təmin etmək üçün Suriyanın şimalındakı sərhəd boyunca Fərat Qalxanı (2016), Zeytun Dalı (2018) və Sülh Bulağı (2019) adlanan üç uğurlu anti-terror əməliyyatı başladıb. Türkiyə PKK, DAEŞ/İŞİD kimi terror qruplarına qarşı savaşaraq yüzlərcə terrorçunu zərərsizləşdirib. Bundan əlavə, Türkiyə təkcə 2021-ci ildə 153 terror iştirakçısını tərksilah edərək həbs edib.

Son hadisə ilə bağlı “Suriyadan ölkəmizə qarşı terror hücumlarına artıq səbrimiz qalmayıb” deyən ölkə başçısı Rəcəb Tayyib Ərdoğan terrora qarşı daha kəskin və qəti addımlar atacağını ifadə edib. Ərdoğan, həmçinin Ankaranın Suriyanın şimalından gələn təhlükələri ya ölkə olaraq təkbaşına, ya da fəal yerli qüvvələrin dəstəyi ilə ortadan qaldırmaqda qərarlı olduğunu bildirib.

EDNews.net-ə açıqlama verən Türkiyəli siyasi şərhçi Mehmet Babacan məsələ ilə bağlı öz fikirlərini bildirib.

“Türkiyə, əslində çox uzun müddətdir ki,  Suriyanın şimalından gələn təcavüz və təhdidlərə qarşı diplomatiyanı üstün tutan bir yanaşma ilə hərəkət edir. Bundan əlavə, Ankara Türkiyə-Suriya-İran və Soçi Anlaşmalarına xələl gətirmədən incə bir tarazlıqla hərəkət etdi . Ancaq bölgədən gələn son şəhid xəbəri ilə, lazım olanların masada və sahədə edilməsi lazım olduğu gündəmə gəldi və Prezident Ərdoğan açıqlamasında bu vəziyyətə işarə edərək Suriyada ən qısa zamanda lazımi addımların atılmalı olduğu əmrini verdi”.

Babacan həmçinin terrorun arxasında dayanan ünsürlər barədə də söz açıb: “ABŞ tərəfindən maliyyələşdirilən YPG və Türkiyə üçün uzun illərdən bəri böyük təhdidə çevrilən PKK  Türkiyə ordusunun terrordan qoruduğu Fərat Qalxanı əməliyyat bölgəsində yeni hücumlara başlayıb. ABŞ YPG-yə maddi dəstəyini DEASH terror təşkilatı ilə mübarizə üçün olduğunu iddia edir. Lakin bu nöqtədə YPG/PKK-nın da DEAŞ kimi terror təşkilatı olduğuna dair Türkiyənin  tezisinə məhəl qoymur”.

Mehmet Babacan yaxında Türkiyənin hansısa anti-terror əməliyyatına hazırlaşma ehtimalı barədə də açıqlama verib.

“Prezident Ərdoğanın son açıqlamasından sonra ictimai rəyə də əsasən ən qısa zamanda Suriyanın şimalında bir hərbi əməliyyat gözlənilirdi. Lakin hesab edirəm ki, Türkiyə bir müddət diplomatiyaya üstünlük verməyə davam edəcək və bölgədə Rusiya ilə dialoqa əsaslanan əməkdaşlığına zərər verməməyə çalışacaq. Unutmamalıyıq ki, Suriya daxilindəki qarşıdurmalarda İran, İsraıl, Fransa, ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı kimi bir çox regional və qlobal aktorlar səhnənin ön və arxa planında yer almaqdadır və bundan fürsət kimi istifadə etməyə çalışırlar. Təbii ki, ilk növbədə sərhədlərinə qarşı terror təhdidindən və xüsusən də Şimali Suriyadan mümkün olan yeni qaçqın axınına məruz qala biləcək Türkiyənin etirazlarını milli təhlükəsizlik səbəbiylə göz ardı etmək olmaz. Suriyada öz maraqları uğrunda vuruşan regional və qlobal aktorlar, PKK/YPG terror təşkilatının xəyanətkar hücumları nəticəsində şəhid olan Xüsusi Əməliyyat Polisi və əsgərlər kontekstində Türkiyənin narahatlıqlarını anlamalı və bunun üçün cavab verməlidirlər. Əgər belə olmazsa, əsl böyük və güclü əməliyyat başladılacaq”.

Elnur Ənvəroğlu

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...