Rusiya mesaj verməkdən başqa heç bir addım ata bilməz - Türkiyəli siyasi analitik - ednews.net

2 Dekabr, Cümə axşamı

Rusiya mesaj verməkdən başqa heç bir addım ata bilməz - Türkiyəli siyasi analitik

Analitika A- A A+

Ukraynanın Türkiyədən aldığı “Bayraktar TB2” hücum dronlarından istifadə etməsi rəsmi Kremli şok vəziyyətə salıb. Bunu Rusiyanın ərazi bütövlüyünə qarşı təhdid hesab edən Kremlin sözçüsü Peskov, Türkiyə dronlarının Ukraynanın şərqində sabitsizlik riski yaratdığını deyib.

Xatırladaq ki, oktyabrın 26-da Ukrayna hökumət qüvvələri ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçıların mövqeyinə Türkiyə istehsalı olan “Bayraktar TB2” dronu ilə zərbə endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən videogörüntülər də yayılıb. Dron zərbəsiylə qarşı tərəfin bir artilleriya qurğusunun məhv edildiyi bildirilir.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bütün dünyanı bu məsələyə diqqət yetirməyə çağırıb: “Ukraynanın Donbasda Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatından (PUA) istifadə etməsi Kiyevi silahlandıranlar üçün siqnal olacaq”.

Diplomat həmçinin öz bəyanatında həm rəsmi Kiyevə, həm də “Bayraktar TB2”-ləri satan Türkiyə tərəfinə xəbərdarlıq mesajı verib: “Prinsipcə, tarix, Ukraynanın sabah NATO-ya qəbul edilməsi ilə bağlı şıltaq tələblərinə hə deyənləri unutmamalıdır. Və təbii ki, neonasistlərin nəzarətində olan Kiyev rejimini silahlandıranları bu barədə düşünməyə vadar etmək lazımdır”.

Rusiya rəsmisinin bu xəbərdarlığı nəyə işarət edir? Bundan sonra Rusiyanın Kiyevə cavabı nə olacaq və onu PUA-larla təmin edən Türkiyəyə qarşı münasibəti hansı formada dəyişəcək?

EDNews.net baş verənlərlə bağlı türkiyəli siyasi analitik Göktuğ Çalışqanla həmsöhbət olub. 

Ekspert öncə “Bayraktar”lardan istifadə edilməsindən öncə baş verənlərə toxunub: “Bilirsiniz, hadisə Rusiyaya bağlı separatçıların atəşkəs zonasında açdığı atəş nəticəsində bir ukraynalı əsgərin ölümü və iki nəfərin yaralanması ilə başlanan konfliktdən qaynaqlanır. Hesab edirəm ki, bu addım Rusiyadan daha çox regionda fəaliyyət göstərən separatçılara doğru atılan addımdır. Çünki heç bir dövlət bölgədə öz əsgərlərinə qarşı hücumlara tolerant yanaşmır.  

Rusiya Ukraynanın Türkiyədən aldığı “Bayraktar TB2”nin regionda sabitliyi pozan bir vasitə olduğunu deyir. Lakin rusiyalı diplomat  rus separatçılarının bölgədəki hərəkətlərini şərh etməyi unudur.  

Ukraynanın cavab atəşinə gəlincə, burada təxribatçı bir şey görmürəm. Ona görə də, Rusiyanın bu məsələdə xəbərdarlıqdan başqa hər hansı bir addım atacağını düşünmürəm.  Atəşkəsi pozmağın heç kimə faydası olmayacaq”.  

Göktuğ Çalışqan həmçinin Lavrovun Türkiyəyə göndərdiyi mesaja da münasibət bildirib. 

“Az öncə qeyd etdiyim kimi Lavrovun verdiyi mesaj sadəcə diplomatiyaya xas olan bir mesajdır. Düşünürəm ki, bu vəziyyət hələlik Rusiyanın Türkiyə ilə münasibətlərinə təsir etməyəcək. Çünki Türkiyənin “Bayraktar TB2”-ləri Ukraynaya satmaqda yeganə məqsədi öz ticarətini yaxşılaşdırmaq və Ukraynaya özünü müdafiə etməkdə yardım etməkdir. Rusiya bir çox bölgədəki ölkələrə silah satdığı kimi, Türkiyə də regionda və regiondan kənarda silah satışı həyata keçirmək haqqına sahibdir.  Bu səbəbdən də hadisələrin hazırda Rusiya-Türkiyə münasibətlərinə təsir edəcəyini düşünmürəm”.

Elnur Ənvəroğlu 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...