Azərbaycan ilə İran arasında yeni gərginliyin baş verə biləcəyi ehtimalı var - Sədrəddin Soltan - ednews.net

2 Dekabr, Cümə axşamı

Azərbaycan ilə İran arasında yeni gərginliyin baş verə biləcəyi ehtimalı var - Sədrəddin Soltan

Analitika A- A A+

İranın Xarici İşlər naziri Hüseyn Əmirabdullahian oktyabrın 27-də Tehranda Əfqanıstanın qonşularının toplantısının yekununa həsr edilən mətbuat konfransında bildirib ki, Azərbaycanla İran arasındakı aşkar gərginlik mərhələsi başa çatıb.

“Bizim Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla təmaslarımız olub. Fikrimcə, açıq gərginlik mərhələsini başa vurmuşuq. İki ölkə arasında olan problemlərin tədricən həll olunacağını ehtimal edirəm”, - nazir vuruğulayıb.

İran rəsmisinin açıqlamasından belə anlaşılır ki, tərəflər ortada olan və hələ də davam edən gərginlik barədə açıq şəkildə danışmamaq barədə razılığa gəliblər. O, həmçinin gərginliyin başa çatmadığını, sadəcə örtülü qaldığını da dilə gətirib.

Məsələ ilə bağlı EDNews.net-ə açıqlama verən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan da gərginliyin qismən azaldığını bildirib.

“Məlum olduğu kimi, İranın Azərbaycana qarşı bir sıra yersiz iddiaları var idi. Məsələn, İsrailin Azərbaycanda fəaliyyətinə dair. Azərbaycan tərəfi də bunu açıq şəkildə İrana və bütün beynəlxalq ictimaiyyətə çatdırdı ki, İsrailin Azərbaycanda heç bir hərbi birləşməsi və s. kimi fəaliyyəti yoxdur. Azərbaycan İsrail və başqa dövlətlərlə qurduğu əlaqələr səviyyəsində əməkdaşlığı davam etdirir. Bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Bakıda səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində də bildirib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə söhbətində bu məsələyə aydınlıq gətirilib. R. T. Ərdoğan öz bəyanatı ilə İranı Azərbaycanla əməkdaşlığa çağırıb. Azərbaycan tərəfinin isə İrana qarşı irəli sürdüyü iddialar da var. Bu, Gorus-Qafan yolunda İran sürücülərinin və vətəndaşlarının Azərbaycan ərazisində qanunsuz fəaliyyəti idi. Yəni hər iki məsələyə aydınlıq gətirilib. İran öz sürücülərinə və iş adamlarına Azərbaycan ərazisində qanunsuz fəaliyyətlə məşğul olmamağa çağırıb. Azərbaycan tərəfi də İsrail ilə bağlı bəyanat verərək bildirdi ki, İsrailin Azərbaycanda hərbi bazası yoxdur və Azərbaycan bütün dövlətlərlə eyni səviyyədə münasibətlər qurur, o cümlədən İranla da əməkdaşlıq davam etdirilir”.

Ekspertin fikrincə, Azərbaycan ilə İran arasında perspektivdə yeni gərginliyin baş verə biləcəyi ehtimalı var: “Çünki hələ regionda Ermənistan faktoru pozucu olaraq qalmaqdadır, İran isə bu məsələdə Ermənistanı dəstəkləməyəcəyini açıqlamır. Sadəcə Azərbaycanla görünən gərginlik aradan qalxıb. Fikrimcə, İran Xarici İşlər naziri də bu məsələni nəzərdə tutur. Bundan sonrakı mərhələnin heç şübhəsiz, diplomatik danışıqlar yolu ilə həll edilməsi arzuolunandır”.

Politoloq bildirib ki, əvvəlki səviyyədə gərginlik qalmayıb: “Artıq tərəflər bir-birlərinə qarşı istəklərini bəyan ediblər. Bu istəklər və tələblər kimin daha çox haqlı olduğunu təsdiqləyir. Məsələn bəlli oldu ki, gərginliyin yaranmasında İran tərəfi haqsızdır. Azərbaycanda heç bir İsrail hərbi bazası fəaliyyət göstərmir. Ona görə də İran tərəfi yaratdığı yersiz gərginliyi azaltmağa məcbur oldu”.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...