İran Suriyada Türkiyə ilə qarşı-qarşıya gələ bilməz - Politoloq - ednews.net

19 Yanvar, Çərşənbə

İran Suriyada Türkiyə ilə qarşı-qarşıya gələ bilməz - Politoloq

Analitika A- A A+

Uzun müddətdən bəri öz sərhədlərinin təhlükəsizliyi üçün Suriyada hərbi əməliyyatlar aparan Türkiyə yenidən böyük əməliyyata hazırlaşır. Hər gün minlərlə hərbçinin və zirehli texnikanın Suriya ərazisinə atıldığı barədə xəbərlər gəlməkdədir. 

İdlib və Təl-Rəfat adlanan ikinci bir istiqaməti Türkiyənin bufer zonası kimi tanıyan Rusiya, Türkiyənin əməliyyatlara start verməsi ilə əlaqədar öz qüvvələrini geri çəkib. Lakin mühüm olan Rusiyadan fərqli olaraq İranın Hizbullaha bağlı olan döyüşçülərini ərazidən geri çəkməməsidir. 

Türkiyənin TGRT kanalına danışan Türkiyənin təhlükəsizlik məsələsi üzrə eksperti Abdullah Ağar, İran qüvvələrinin Hələbin şimalındakı Təl-Rəfatdan geri çəkilməyəcəyi təqdirdə, Türkiyə və İranın həmin ərazidə toqquşacağını deyib.   

Bəs görəsən İranın həmin zonaya müdaxilə etməkdə məqsədi nədir? İran həqiqətənmi Türkiyə ilə qarşı-qarşı gəlməkdə israrlıdır? 

Siyasi analitik, Orta Şərq Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan məsələ ilə bağlı EDNews.net-ə açıqlama verib. 

Sədrəddin Soltan: “Hadisələrin gedişi ali rəhbərin verəcəyi komandadan  asılı olacaq”

O, Suriyada İranla Türkiyə arasında açıq qarşıdurmanın yarana bilmə ehtimalına toxunaraq bildirib ki, Türkiyə Rusiya və İran Suriyanın İdlib bölgəsində birgə monitorinq qrupu yaradıblar. 

“Hesab edirəm ki, Türkiyənin nə Rusiya, nə də İranla toqquşma ehtimalı ola bilər. Çünki burada məqsəd Suriyanın, Türkiyənin və dolayı yolla İranın ərazi bütövlüyü məsələsidir. Suriyada, yaxud İraqda yeni quruluşlu hər hansı bir dövlət adında bir təşkilatın qurulması həm İranın, həm Suriyanın, İraqın və Türkiyənin ərazi bütövlüyünün təhdid olunmasıdır. Bu xüsusda Türkiyə həm İrana, həm də Rusiyaya xəbərdarlıq edərək öz narahatlığını bildirir ki, Türkiyə ərazilərinə qarşı təhdidlər var”. 

“Düzdür, İranın dəstəklədiyi hansısa qüvvələr, o cümlədən Bəşər Əsədə bağlı silahlılar Türkiyə hərbçiləri üçün vaxtilə problemlər yaradıblar. Əvvəllər də bu istiqamətdə müəyyən cəhdlər olub, hətta Türkiyəyə qarşı PKK, YPG və PYD qruplaşmaları ilə Bəşər Əsəd arasında anlaşmanın olduğu belə deyilirdi. Türkiyəyə qarşı mübarizə aparmaq üçün hətta PKK, YPG və PYD İŞİD-lə belə əməkdaşlıq etmişdi. Yəni bunlar hamısı vaxtilə olub. Lakin hazırki şəraitdə İranın Türkiyəyə qarşı hərbi əməliyyatlarda fəal iştirak etməsi İran üçün arzuedilməzdir. Bu o deməkdir ki, İran Qərbə açıq olan, eyni zamanda NATO üzvü olan, həmçinin İranla xoş münasibətdə olan Türkiyə kimi bir qapını öz üzünə bağlayır. Və bunu bilavasitə özü bağlayır. 

Bundan əlavə İran Türkiyə ilə qarşı-qarşıya gələ bilməz, çünki bu onun üçün daxili problem də yarada bilər. İran vaxtilə İraqla provokasiyaya gedərək bu cür yanlış addımı atıb və böyük itkilər verib. Bu səbəbdən də İranla Türkiyənin hazırki dövrdə bu tip məsələlərə görə qarşı-qarşıya gəlməsi qeyri-realdır” – deyə o, əlavə edib.

Sədrəddin Soltan həmçinin Suriyadakı İranpərəst qüvvələrin Türkiyəyə qarşı fəaliyyətinə də toxunub. 

“Hizbullah istər Livanda, istər Suriyada həmişəki kimi pozuculuq fəaliyyəti ilə məşğul olub və bu tip fəaliyyət yenə də dolayı yolla İranın zərərinə işləyir. Çünki Hizbullahı İranın dəstəklədiyi sirr deyil və Hizbullahın Türkiyəyə qarşı, yaxud Türkiyənin dəstəklədiyi Suriya Azadlıq ordusuna qarşı hər hansı hərbi əməliyyatı İran üçün problem yarada bilər”.

Politoloq eyni zamanda İranın həmin zonaya müdaxilə etməkdə məqsədi barədə də söz açıb. 

“Hələbi və ona yaxın əraziləri İran Bəşər Əsədin nəzarəti altına salmaq istəyir. Ora strateji bir ərazidir və Aralıq dənizinə çıxış üçün çox yaxındır. Terrorçu qüvvələr həmin əraziyə nəzarət etməklə Hatay bölgəsindən hücum etməyi planlaşdırsalar da, Türkiyə həmin koridoru zərərsizləşdirərək onların planının qarşısını aldı. İran da bu yolla dənizə çıxış əldə etmək üçü Türkiyənin Hatay bölgəsində həm Əsəd qüvvələrinin, həm də PKK-nın vasitəsilə dənizdən problem yaratamağı nəzərdə tutur”.

Elnur Ənvəroğlu 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...