Müharibə qaçılmaz olarsa, hərbi vəziyyət elan oluna bilər - Ukraynalı ekspert - ednews.net

16 Yanvar,

Müharibə qaçılmaz olarsa, hərbi vəziyyət elan oluna bilər - Ukraynalı ekspert

Analitika A- A A+

Ukrayna ilə Rusiya arasında müharibə qaçılmaz vəziyyətə gəlib. Ötən gün müxtəlif mənbələrdən verilən məlumatlar da bunu təsdiq edib ki, Rusiya artıq Ukrayna ilə sərhədləri yaxınlığında irimiqyaslı hərbi texnika qüvvələrini yerləşdirməyə başlayıb. Məlumatlar öncə teleqram kanallarında yerləşdirilsə də, daha sonra Qərb mətbuatı da proseslərə dəqiq video görüntü və peykdən çəkilmiş foto şəkillərlə aydınlıq gətirib.

Bütün bunlara baxmayaraq, rəsmi Kreml göstərilən faktları təkzib edərək, feyk adlandırıb və məsələyə Rusiyanın öz ərazilərində hərbi əməliyyatlar keçməsinin onun suveren hüququ olması ilə əsas gətirib.

Qarşı tərəfə gəlincə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya tərəfindən hər an mümkün ola bilən irimiqyaslı hücum əməliyyatına qarşı hazırlıqlar gördüyü bildirilir. Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisinin keçmiş müavini, general İqor Romanenko “Qlavred” portalı üçün yazdığı məqalədə bildirib ki, Rusiyanın Ukrayna sərhədləri yaxınlığına qoşun cəmləşdirməsi təhlükəli vəziyyət yaradır və zərurət yaranarsa ölkədə hərbi vəziyyət elan edilə bilər.   

Proseslərlə bağlı EDNews.net Ukraynalı beynəlxalq hüquq eksperti, siyasi analitik Vadim Tryuxanın şərhini alıb.

O, Rusiyanın hərbi hazırlığına münasibətdə proseslərə ayrı cür yanaşdığını bildirib.

“Əslində, 7 ildən artıq zaman ərzində Ukraynanın müstəqilliyi uğrunda Rusiya-Ukrayna arasında gedən münaqişədə dövlət sərhədləri yaxınlığında qeyri-adi heç nə baş vermir. Bəli, Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Qərb tərəfdaşlarımızın kəşfiyyat qrupu ilə birgə RF Silahlı Qüvvələrinin nizami bölmələrinin müəyyən hərəkətini daim izləyir. Lakin bu əməliyyatlar genişmiqyaslı hücum üçün tələb olunan ölçüdə aparılmır. Hesab edirəm ki, buna görə həyəcan təbili çalmağa heç bir səbəb yoxdur.

Buna baxmayaraq, nəzərə almaq lazımdır ki, cəbhədə hərbi əməliyyatlar demək olar ki, gündəlik olaraq intensiv hal alır. Və hər həftə insanlar, o cümlədən mülki şəxslər həyatını itirir. Bu, Rusiyanın Ukraynanı rahat buraxmayacağından xəbər verir. Buna görə də, Ukrayna ordusu istənilən ssenariyə, o cümlədən rus işğalçılarının təxribatlarına hazır olmalıdır. Çünki məlumdur ki, Rusiya aviasiya və ballistik raketlərin iştirakı ilə genişmiqyaslı müharibə üçün bəhanə olan “kazus belli” təşkil etməyə çalışır”.

Tryuxan eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisinin sabiq müavini, general İqor Romanenkonun Ukraynada hərbi vəziyyətin elan edilməsi ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib.

Hazırda cənab Romanenko orduda deyil, ona görə də onun fikrinə hökumətin və ya Ali Baş Komandanın mövqeyinin ifadəsi kimi baxmaq olmaz. Bu onun şəxsi fikridir. Buna baxmayaraq, beynəlxalq hüquq eksperti kimi bu fikirlə qismən razılaşa bilərəm. Yəni, daha açıq formada desək, əgər ruslar Ukraynaya qarşı silahlı təcavüzü genişləndirməyə başlasalar, Ukrayna prezidenti ölkədə hərbi vəziyyət tətbiq etməyə məcbur olacaq və Ukrayna Ali Radası (parlament) bunu təsdiq edəcək. Ukraynanın müharibəyə hazır olmasına gəlincə, bu sual öz mahiyyətinə görə çoxdan hipotetik və ya ritorik olmaqdan çıxıb. Ukrayna artıq səkkizinci ildir ki, Putinin ölkəmizin sol sahilində yerləşən səkkiz rayon daxilində qondarma “Novorossiya” yaratmaq planlarını puça çıxararaq, nüvə Rusiyasına qarşı özünü müdafiə edir və ümid edirəm ki, bunu uğurla davam etdirəcək. Bundan əlavə, zaman keçdikcə Ukrayna həm Donbassda, həm də Krım yarımadasında Rusiyanın işğal etdiyi bütün ərazilərini geri qaytaracaq. Eyniylə, Azərbaycanın ötən il bunu etdiyi kimi.

Vadim Tryuxan şərhində həmçinin müharibə olacağı təqdirdə, Ukraynanın Qərb tərəfdarları olan ABŞ və Avropaya nə dərəcə güvənə biləcəyi məsələsinə də toxunub.

“Praktiki olaraq bütün Qərb tərəfdaşlarımız bu və ya digər şəkildə Ukraynaya kömək edir. Onların hər biri bunu özləri üçün məqbul olan dərəcədə edir. Bəzi ölkələr Ukraynaya lazım olan silahları verir, bəziləri ilə biz dəniz qüvvələri daxil olmaqla, hərbi texnikanın müəyyən növlərinin yaradılması proqramlarını həyata keçiririk, bəziləri ilə ordu üçün komanda heyətinin hazırlanması, veteranların reabilitasiyası və s. proqramlar üzərində işləyirik. Bununla belə, Ukraynada kənardan yardımla bağlı həddindən artıq gözləntilər yoxdur. Bizim yerimizə heç kim bizi müdafiə etməyəcək. Buna görə də hökumət Ukrayna ordusu və donanmasının inkişafına, eləcə də ərazi müdafiə sisteminin yaradılmasına üstünlük verir. Proseslərin istənilən, hətta ən pis formasında heç kim təslim olmaq fikrində deyil və bu, Ukraynadakı heç bir təcavüzkar üçün asan olmayacaq. Məncə, Kreml bunu yaxşı bilir. Buna görə də artıq səkkizinci ildir ki, hərbi əməliyyatların genişmiqyaslı eskalasiyası barədə qərar qəbul etmirlər”.

Elnur Ənvəroğlu

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...