ABŞ senatoru od püskürdü - “Türkiyə B planını işə sala bilər” – Siyasi şərhçi - ednews.net

29 Noyabr, Bazar ertəsi

ABŞ senatoru od püskürdü - “Türkiyə B planını işə sala bilər” – Siyasi şərhçi

Analitika A- A A+

Türkiyənin ABŞ-dan F-16 təyyarələrinin alışı ilə bağlı razılaşma məsələsi hələ də həll olunmaz olaraq qalır. Xatırladaq ki, bu barədə sonuncu dəfə hər iki dövlətin rəhbərliyi arasında danışıqlar da baş tutmuşdu və ABŞ şifahi olaraq Türkiyənin tələbi ilə bağlı öz razılığını bildirmişdi. Lakin görünən budur ki, Ağ Evdən gələn müsbət cavablar heç də son qərar deyil, yəni son sözü deyən Prezident Ərdoğana hərbi salam verən Bayden deyil, maddi və siyasi maraqlar güdən ABŞ Konqresi, daha aydın desək, Bob Menendez kimi tərəfdar senatlardır. 

Daim Türkiyənin yaxasında ilişib qalan Menendez son zamanlar Türkiyə düşmənçiliyini daha da artırıb. Bu dəfə senator Türkiyənin F-16-lar və modernləşdirmə dəstləri almaq təklifinə qarşı çıxıb. Senatın Xarici Əlaqələr Komitəsinin sədri, senator Bob Menendez, Makqueyd Diks Leykhörst (McGuire-Dix-Lakehurst) birgə Bazasına səfəri zamanı “Air Force Magazine” hərbi jurnalına müsaibəsində belə deyib: "Mən şəxsən onlara F-16-ların verilməsini dəstəkləmirəm".

O, Türkiyənin ABŞ-ı Rusiya müdafiə sənayesi ilə əlaqələrini dərinləşdirməklə hədələməsinə qarşı da fikir bildirib: "Mənim həqiqətən onlarla problemim var. Bu, arzuladığımız Türkiyə deyil, əsl NATO müttəfiqi deyil ki, biz irəliyə gedib ona ən müasir döyüş texnikasını verə bilək”. 

Bundan əlavə, Menendez Türkiyənin Rusiyaya yönəlməsinin NATO ilə əlaqələrinə ciddi xələl gətirəcəyinə də toxunub. 

Məsələ ilə bağlı Türkiyəli ekspert Göktuğ Çalışkan EDNews.net-ə şərh verib. 

“ABŞ senatoru Bob Menendezin bu açıqlaması onun sadəcə öz fikirlərindən başqa bir şeyi ifadə etmir. Bundan əlavə, Menendez ABŞ-dakı erməni və yunan lobbilərinə yaxınlığı ilə tanınan senatordur. Bu səbəbdən də əvvəlki kimi indi də Türkiyə əleyhinə açıqlamalar verir. Əgər əvvəllər dedikləri Türkiyə tərəfindən cavablandırılmayıbsa, indi də eyni şəkildə cavabsız qalacaq.  

Ancaq sualınıza gəlincə, 9 gün əvvəl mətbuatda dərc olunan xəbərə görə, Konqres üzvlərindən 41-i Bayden və Blinkenə məktub göndərib. Bu məktubda üzvlər ABŞ-ın F16-ları Türkiyəyə satmamasını zəruri hesab ediblər.  

Konqres üzvlərindən yalnız bir neçəsinin qəbul ediləcək qərara təsiri olmasa da, gələcəkdə bunun sayı artdıqca əks təsiri də arta bilər. Bu həm də Türkiyə-ABŞ münasibətlərinə mənfi təsir göstərə bilər. Çünki F-16 satışı baş tutmasa, Türkiyə alternativ planı işə salacaq”.  

Göktuğ Çalışkan Türkiyənin əks halda işə sala biləcəyi planlara da toxunub.  

“Konqres F-16-nın satışının qarşısını almaq üçün belə bir mövqe tutsa və satış baş tutmasa, Türkiyə F-16 əvəzinə Rusiya, İngiltərə və ya Fransanın oxşar tipli reaktiv təyyarələrinə müraciət edə bilər. Məsələn, yeni nəsil Su-57 və ya Su-35 tipli rus reaktivləri ön planda görülür. Belə olan halda, Rusiya ilə Türkiyə arasında münasibətlərdə müsbət aktivlik olacaq. Bu, ABŞ Konqresinə düşünməyə əsas verir. Bu səbəbdən Konqres üzvləri Türkiyəyə bu mövzuda mühazirə oxumaq, ona qarşı sanksiyalar tətbiq etmək kimi bir addım atmamalıdır. Çünki bu, əks nəticə verə bilər”.

Elnur Ənvəroğlu 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...