Keçmişi üçün darıxan Liviya - Qəddafi hakimiyyətə gəlir... - ednews.net

17 Yanvar, Bazar ertəsi

Keçmişi üçün darıxan Liviya - Qəddafi hakimiyyətə gəlir...

Analitika A- A A+

Keçmişini bəyənməyib, rəhbərini linçləyərək öldürən Liviya keçmişinə dönüş etmək istəyir. 

Liviyanın sabiq lideri Müəmmar Qəddafinin öldürülməsindən sonra 6 il həbsdə olan oğlu Saif-əl-İslam (Seyfulislam) Qəddafi dekabrın 24-ü Liviyada keçirilməsi planlaşdırılan prezident seçkilərində öz namizədliyini irəli sürüb. Demokratik seçki yolu ilə hakimiyyətə gəlmək istəyən, lakin Beynəlxalq Məhkəmə tərəfindən hələ də axtarışda olan oğul Qəddafi hazırda ölkəsində geniş seçici auditoriyasına sahibdir. 

Haqqında ölüm hökmü verilsə də, Seyfulislam Qəddafi altı ildən sonra məhkəmənin qərarı ilə bəraət alıb. Lakin bir müddət sonra Haaqa məhkəməsi onu yenidən axtarışa verib. Daha sonra Türkiyəyə sığınaraq bir müddət orada qalıb. 

Bəzi analitiklərin və BMT-nin qənaətinə görə, vətəndaş müharibəsindən əziyyət çəkən hazırki Liviya üçün Saif Qəddafinin hakimiyyətə gəlişi zəruri bir addımdır. Lakin onun bir-biri ilə çəkişən siyasi qruplaşmalar arasında qeyri-sabit siyasi səhnəyə daxil olmasının seçki prosesini daha da çətinləşdirəcəyi qaçılmazdır. 

Hazırda Liviyada kütlələr iki qrupdan ibarətdir. Onların böyük bir qismi mövcud hakimiyyətdən narazıdır və Seyfulislamın hakimiyyətə gəlməsini istəyir. Bu üzdən də Qəddafinin seçilmə şansı çoxdur, lakin qarşıda onun nəticələrini qəbul etmək niyyətində olmayan və buna qarşı etiraz edə biləcək Xəlifə Həftar və Əbdülhəmid Dibeybə kimi müxalif qüvvələr dayanmaqdadır.

Bəs görəsən Seyfulislam Qəddafi hakimiyyətə gələrsə Liviyada nə dəyişəcək. Oğul atanın qisasını alacaq və yaxud Liviya yenə ata Qəddafi dönəminə qayıdacaq? 

Türkiyəli siyasi şərhçi, Türkiyə Kocaəli Universitetinin professoru İrfan Kaya Ülgər proseslərlə bağlı EDNews.net-ə açıqlama verib. 

No description available.  

“Əvvəla qeyd etməliyəm ki, Seyfulislam Qəddafinin qarşıdakı seçkilərdə uğur qazanmaq şansı çox azdır. Baxmayaraq ki, o, 2000-2011-ci illərdə Liviyanın Qərblə yaxınlaşmasında mühüm rol oynayıb, habelə Liviya ilə Qərb arasında siyasi və iqtisadi mübahisələrdə Liviya nümayəndə heyətinin rəhbəri kimi barışdırıcı şəxs qismində çıxış edib, lakin bir siyasi lider olaraq o qədər də nüfuz qazanmayıb”.

İrfan Kaya Sefulislam Qəddafi barədə Beynəlxalq Məhkəmənin ittihamlarına da toxunub. 

“Seyfulislam Qəddafi həm də Qəddafi Fondunun sədri olub. Milyon dollarlıq sərvətinin olması ilə bağlı iddiaları qəbul etməyən oğlu Qəddafinin digər problemi isə hərbi cinayətlər törətməkdə ittiham edilməsidir. Qəddafi barədə “muzdlulardan istifadə” və “qətl” şikayətləri Haaqa məhkəməsinə çatdırılıb”. 

Siyasi analitik həmçinin Qəddafinin hazırki siyasi mövqeyindən də söz açıb.  

“Az öncə qeyd etdiyim kimi Seyfulislam Qəddafinin seçkidə uğur qazanmaq şansı yoxdur. O, həm doktorluq dissertasiyasında siyasi islahat məsələsini müzakirə etsə də, həm də Qərblə sıx əlaqələr qurmaq fikrini dəstəkləsə də, ərəb baharından sonra yaranan yeni şərtlər onun uğur qazanma şansını xeyli azaltdı. Ən mühüm maneə, Liviyanın Qərblə yaxın münasibətlərə malik olması fikrini müdafiə etdiyi üçün atası tərəfindən də tənqid edilən Seyfulislam Qəddafinin ünvanına mənfi ittihamların yağdırılmasıdır.

Liviyanın üzləşdiyi iqtisadi və siyasi problemlər Seyfulislam Qəddafinin prezident seçilməsi üçün uyğun zəmin təşkil etmir, çünki bu, “keçmiş zaman” təəssüratı yaradacaq. Həm də onu da əlavə edim ki, bu seçkilərdə onun rəqibi, hazırki Baş nazir Əbdülhəmid Dibeybə daha şanslı görünür”. 

Elnur Ənvəroğlu

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...