İrəvanın gərginliyi artırmaqda məqsədi regiona yeni gücləri cəlb etməkdir - ednews.net

5 Dekabr,

İrəvanın gərginliyi artırmaqda məqsədi regiona yeni gücləri cəlb etməkdir

Analitika A- A A+

Noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı törətdiyi genişmiqyaslı təxribatlar bir daha rəsmi İrəvanın regionda sülhə, sabitliyə başlıca əngəl olan tərəf olduğunu sübut etdi. Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnməyə çalışmaları bu ölkənin nəinki sülhə hazır olmadığını, lazım gəldikdə hər an işğalçı siyasətini davam etdirəcəyini aydın şəkildə gözlər önünə sərir.

Görünür, Ermənistan rəhbərliyində yanlış bir təəssürat formalaşıb ki, 44 günlük müharibə sonrası Azərbaycan arxayınlaşıb, ya da müharibənin bitdiyini düşünür. Elə məhz bu yanlış düşüncə genişmiqyaslı təxribat törətməklə qısamüddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumunu iflasa uğratdı.

Ermənistan regiona digər qüvvələri gətirmək istəyir!

Ermənistanın son təxribatları və Azərbaycanın adekvat cavab tədbirləri sonrası prosesin alovlanması bir sualı yenidən aktuallaşdırdı. Ermənistanın dövlət sərhədində gərginliyi artırmaqda məqsədi nədir? 

Aydın məsələdir ki, Ermənistan hakimiyyəti 44 günlük müharibədə ağır məğlubiyyəti, sonrakı dövrdə uğradığı mövqe itkilərini kompensasiya etmək və öz maraqları naminə regiona havadarı olan digər qüvvələri cəlb etmək istəyir. Təsadüfi deyil ki, Ermənistan Rusiyanı şantaj etməyə də cəhd göstərdi. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlaması bunu bir daha sübut edir. Yəni Ermənistan bu addımı ilə bir daha regionda yaranan yeni reallıqla barışmaq istəmədiyini həmin reallığı öz maraqları naminə formalaşdırmaq üçün alternativ gücləri prosesə cəlb etmək istədiyini bir daha açıq şəkildə bəyan etdi.

Prinsip etibarilə rəsmi İrəvanın bu mövqeyi bizim üçün yad deyil. Ermənistandan fərqli nəsə gözləmirdik də. Bu mənada deyə bilərəm ki, Ermənistanın bu və bu kimi cəhdlərinin heç bir effekti yoxdur. Rəsmi Bakı regionda Ermənistanı hamıdan yaxşı tanıyır və deyə bilərəm İrəvanın atdığı addımları öncədən təxmin edir. Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə Ermənistanın Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atması, noyabrın 16-da genişmiqyaslı hücum həyata keçirməyə cəhd göstərməsi və yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsini çatdırıb. Yəni indiki halda rəsmi Bakının atacağı ən sərt addımlara görə belə heç bir beynəlxalq güc Azərbaycanı iddiham edə bilməz.

Qərbin mövqeyi balanslaşır

Mövcud gərginlik ilə bağlı artıq bir çox dünya dövləti və regionda marağı olan qüvvələr bəyanat verib. Misal üçün, noyabrın 16-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bundan başqa  ABŞ, Rusiya, Fransa, İtaliya və digər ölkələr məsələ ilə bağlı bəyanatlar veriblər. Bəyanatlarda narahatlıq ifadə olunmaqla yanaşı, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara başlamağın vacibliyi vurğulanıb. Yəni bu həm də ondan xəbər verir ki, regionda marağı olan əksər ölkələr gərginliyin artmasında maraqlı deyil. Yəni bu məsələdə həmin dövlətlərin mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşüb. Azərbaycan artıq uzun müddətdir ki, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin bağlanması təşəbbüsü ilə çıxış edir, Ermənistan isə bu çağırışlara reaksiya vermir.

Beynəlxalq ictimaiyyətin mövqeyi göstərdi ki, Ermənistanın növbəti təxribatı, Azərbaycanı günahkar qismində təqdim etmək cəhdi iflasa uğradı.

Turan Rzayev 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...