“Mavi Mərmərə”dən əvvələ geri dönüş - Hər şey növbəti addımlara bağlıdır - ednews.net

20 Yanvar, Cümə axşamı

“Mavi Mərmərə”dən əvvələ geri dönüş - Hər şey növbəti addımlara bağlıdır

Analitika A- A A+

Qəzza bölgəsində İsrail tərəfindən Türkiyəyə məxsus “Mavi Mərmərə” gəmisinin blokadaya alınması və 10 türkün öldürülməsi hadisəsi, Türkiyə-İsrail münasibətləri arasında böyük çatlaq yaratmışdı. Təxminən on bir illik küsülülük iki ölkənin həm diplomatik, həm də iqtisadi əməkdaşlığını gərgin duruma gətirib çıxartmışdı. 

İsraillə Türkiyə arasındakı soyuq münasibətlər həm də Türkiyənin daxilində İsrailin gizli casus əməliyyatları ilə də bağlıdır. Ötən həftə Ankarada israilli cütlüyün Türkiyə prezidentinin iqamətgahını çəkməsinə görə saxlanılması da məhz bu kimi hadisələrin bir hissəsidir. Lakin bu dəfə baş verənlər Türkiyə ilə İsrail arasını açmadı, əksinə iki ölkə arasında bir-birlərinə xoş sözlər deməklə məsələ qapadıldı. 

Öncə prezident iqamətgahının fotosunu çəkən ər-arvad sərbəst buraxıldı. Ardınca isə iki ölkə prezidenti arasında telefon danışığı baş tutdu və bu danışıq məhz Türkiyə prezidenti tərəfindən ilk addım olaraq atıldı. Daha bir maraqlı məqam Türkiyənin İsrailə qarşı yumşalması və prezident Ərdoğanın həmkarının ünvanına xoş sözlər deməsidir. Bu həqiqətən də bundan sonra Türkiyə-İsrail münasibətlərindəki davamlı isti münasibətlərinin təməlləridir?

Yaranan suallarla bağlı EDNews.net-ə açıqlama verən Türkiyəli siyasi şərhçi Göktuğ Çalışqan, prezident Rəcəb Tayyib Ərdoğanla İsrail prezidenti İsaaq Herzoq arasında telefon danışığını və Türkiyənin xoşməramlı addımını belə izah edib: “Prezident Ərdoğanın İsraillə Türkiyə arasında son illərdə yaşanan gərginliyə baxmayaraq, münasibətlərin düzəlməsi üçün ilk addım atması Yaxın Şərqdəki təhlükəsizlik və sabitliklə bağlıdır. Həmçinin Ərdoğanın açıqlamalarına nəzər saldıqda onun Türkiyə-İsrail münasibətlərindəki problemlərin qarşılıqlı anlaşma ilə hərəkət edərək, problemləri minimuma endirilmə ümidlərini görmək mümkündür. Türkiyə heç bir halda müttəfiqlərlə münasibətlərin pisləşməsini istəmir. Lakin Ərdoğan bunun mümkün olmasını Fələstin-İsrail münasibətlərinin normallaşması ilə əlaqələndirib. Hətta bu amili çox vacib hesab edib”.

Göktuğ Çalışqan Türkiyənin İsraillə gələcəkdəki münasibətləri və onun davamlılığına da toxunub. 

“Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması Türkiyənin atdığı addımlarla yanaşı İsrailin də atdığı addımlardan asılıdır. Prezident Ərdoğanın da qeyd etdiyi kimi, “qarşı tərəfdən yaxşı addım olarsa, bu, münasibətlərin düzələcəyinə inamı və ehtimalı artırar”. Bu səbəbdən İsrailin burada atacağı əks addım da önəmlidir”. 

Siyasi analitik məsələnin əks halda necə ola biləcəyini də şərh edib. 

“Qeyd etdiyim kimi, İsrailin atdığı addım vəziyyəti həm mənfi, həm də müsbətə doğru dəyişə bilər. Hazırki duruma görə İsrailin Yaxın Şərqdəki sülh şəraitini bərqərar etməsi o qədər də real görünmür. Bu səbəbdən də Türkiyə qarşıdakı mərhələdə İsraili yaxın müttəfiq kimi görməyə bilər. Çünki münasibətlər uzun müddətdir gərginləşib, ona görə də birdən-birə problemləri bərpa etmək çətin görünür. Yalnız İsrailin yaxın və ya uzaq gələcəkdə atacağı addımlar münasibətlərdə müsbət dönüş yarada bilər”.

Elnur Ənvəroğlu 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...