İran öz qazdığı quyuya düşə bilər - Tehranı daha sərt cəza gözəyir - ednews.net

4 Dekabr, Şənbə

İran öz qazdığı quyuya düşə bilər - Tehranı daha sərt cəza gözəyir

Analitika A- A A+

Qərbin Yaxın və Orta Şərqdəki əsas rəqibi olan İran, nüvə proqramını daha böyük əzmlə davam etməkdədir. On ildən artıqdır ki, sanksiyalarla İranı geri oturtmağa çalışan ABŞ, bu sahədə yetəri dərəcədə kəsərli addımlar ata bilməyib. Dirəniş göstərən İran, Qərbin çağırışlarını bir qulağından alıb, o biri qulağından boşa verir. 

Ötən gün yayılan məlumata görə, İran Kərəc şəhəri yaxınlığındakı obyektdə nüvə proqramının əsas komponentlərinin istehsalını bərpa etməyə başlayıb. Müşahidəçilər bildirir ki, bu gedişat seçkilər zamanı İran probleminin həllinə söz verən prezident Co Bayden administrasiyası üçün 2015-ci il razılaşmasına qayıtmaq yolunda böyük maneəyə çevriləcək. Hazırda əsas sual bir illik hakimiyyəti dönəmində siyasi və diplomatik sahədə mühüm dönüş yarada bilməyən Baydenin İranla bir masa arxasında oturmağa çalışacağı, yaxud daha ciddi sanksiyalar və daha kəskin qərar verəcəyi ilə bağlıdır.

EDNews.net məsələ ilə bağlı Orta Şərq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltanın fikirlərini öyrənib. Politoloq İranın nüvə sahəsindəki fəaliyyətinin əsas səbəblərinə toxunub. 

Incident at Iran's nuclear power plant signals of a serious security  problem | Eurasia Diary

“İranın Atom Enerjisi üzrə təşkilatı elan edib ki, 25 kq çəkidə 60%-ə qədər zəngiləşdirilmiş uranı var. Mütəxəssislər hesab edir ki, bu atom bombası və nüvə silahının hazırlanması üçün yetərli ola bilər. İranın bu istiqamətdə fəaliyyəti təbii ki narahatedicidir. İran hakimiyyəti bu fəaliyyəti ilə Qərbi fakt qarşısında qoymağa çalışır. Ölkədə vətəndaşlarla, təqaüdçülərə və müəllimlərə əmək haqqını verməyə çətinlik çəkən hakimiyyət öz iddia və hikkəsini yeritmək üçün bu addımları atmağa çalışır ki, Avropa və bütünlükdə Qərbi danışıqlar zamanı fakt qarşısında qoysun və bu cür vasitə ilə onları sanksiyaları yumşaltmağa məcbur edə bilsin. 

Hesab edirəm, İranın 25 kq uran ehtiyatının olması barədə verdiyi açıqlama sadəcə bir blefdir. Yeri gəlmişkən, bu günlərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Direktoru Rafael Qrossi İrana səfər edəcək. Görünür bu səfər zamanı da İranın nüvə proqramı ilə bağlı qarşı tərəfi maraqlandıran bəzi sirli məqamlar üzə çıxmış olacaq”.

Sədrəddin Soltan həmçinin İranın nüvə sahəsindəki təhlükəli fəaliyyətinə qarşı Baydenin hər hansı bir ciddi tədbirlər görməsi ilə bağlı da fikir bildirib.

“ABŞ prezidenti Cozef Bayden Donald Trampdan qalma qaydaları ləğv etmək xəttini tutmuşdu. Bu, ABŞ-da qarşı tərəfin fəaliyyətinə kölgə salmaq metodudur. Bayden administrasiyası hesab edirdi ki, Donald Tramp İranla bağlı qərar verməkdə yanlış addım atıb. Bu səbəbdən də ortada yekun bir qərar olmasa da, İranla Atom Nüvə Proqramına dair danışıqlar davam edir.

Onu da əlavə edim ki, Bayden administrasiyası hələ ki, danışıqlar prosesini uzatmaqla məşğuldur. İran tərəfi isə ABŞ-ın bu danışıqlarda iştirakını görməzlikdən gəlməyə çalışır. Adətən İran tərəfi Britaniya, Fransa, Rusiya, Çin və Almaniya daxil olmaqla 4+1 çərçivəsində görüşür. Lakin bəllidir ki, ABŞ-ın iştirakı olmasa sanksiyalar ləğv edilə bilməz. İran tərəfi isə bu sanksiyaların cidd-cəhdlə ləğvinə çalışır, lakin hələ də yekun nəticə əldə olunmayıb. Odur ki, 2015-ci ildə qəbul edilmiş əhatəli razılaşma planı hələ ki həyata keçmir və bunun nəticəsidir ki, İran iqtisadiyyatı hələ də ciddi problemlər yaşamaqdadır”.

Politoloq S.Soltan eyni zamanda, mühafizəkar partiyadan olan hazırki prezident İbrahim Rəsinin ABŞ-la danışıqlara meylli olmaması və İranın sərt davranacığı təqdirdə onu hansı aqibətin gözləyəcəyi barədə mümkün versiyalardan söz açıb.  

“Əslində Rəisinin masada oturmamaq kimi davranışı onun mühafizəkar partiyadan olması ilə deyil, onun başının üstündə daha böyük söz sahibinin olmasıdır. Yəni, İranda Rəisi birinci adam sayılmır, ölkənin birinci adamı məlumdur ki, Seyyid Əli Xamneyidir və İbrahim Rəisinin də danışıqlar masasında oturması məsələsini o həll edir. 

ABŞ-a gəlincə, rəsmi Vaşinqton İranı atom nüvə sahəsində şəffaf olmağa çağırır. Bundan başqa, pilotsuz uçuş aparatları, eləcə də raket texnologiyası, insan haqları məsələsi və bu kimi digər kompleks məsələlərdə ABŞ-ın İrana qarşı ciddi iradları var. Bu iradlar təmin olunmadığına görə, 2015-ci ildəki məlum razılaşma öz funksiyasını tam icra etmir. Hesab edirəm İranla ABŞ ortaq razılaşmaya vara bilməsə, qarşıda İrana qarşı daha sərt sanksiyalar tətbiq oluna bilər. Bu sanksiyalar nəyinki İrana, hətta onunla əməkdaşlıq edən şirkət, qurum, təşkilat və aid olduğu dövlətlərə belə təsir edəcək. 

ABŞ-ın İrana qarşı sanksiya barədə proqramı hələ də aktiv olaraq qalır. Çünki rəsmi Tehran bundan əvvəlki sanksiyaların tələblərini icra etməyib. Bu da gələcəkdə onun üçün daha ağır sanksiyaların perspektivdə mövcud olması barədə bir xəbərdarlıq ola bilər”.

Elnur Ənvəroğlu 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...