Nikol Paşinyan noyabrın 23-də xalqa açıqlamasında maraqlı məqama toxunub. Ermənistan Baş naziri mətbuat konfransında bildirib ki, Ermənistan KTMT-dən çıxmaq məsələsinə baxmayacaq.
"Ermənistanın KTMT-dən çıxmaq məsələsinə baxacağını düşünmürəm. Bu təşkilat Rusiya ilə strateji münasibətlərimizdə mühüm platformadır. Sədrliyimizdən istifadə edərək KTMT-nin regionda təhlükəsizliyin təmin edilməsində fəal iştirakına çalışmalıyıq”, - Paşinyan bildirib.
Ermənistan Baş naziri əlavə edib ki, bir neçə faktı qeyd etmək lazımdır. “Məsələn, KTMT-yə üzv ölkələrin bəzilərinin Azərbaycan və Türkiyə ilə türk dünyasının strategiyasına dair sənəd imzalaması faktı. Digər fakt odur ki, Rusiya Ermənistanın strateji tərəfdaşıdır və eyni zamanda, Azərbaycanın düşməni deyil. Ona görə də Rusiya regiondakı problemləri sülh yolu ilə həll etməyə çalışır”, - deyə o bildirib.
"Biz Rusiyanın və ya KTMT üzvü olan ölkələrin hər hansı birinin Azərbaycanla münaqişəyə cəlb olunmasını istəmirik. Biz istəyirik ki, müttəfiqlərimiz və tərəfdaşlarımız siyasi alətlərdən bizim beynəlxalq səviyyədə tanınmış hüquqlarımızı qorumaq üçün istifadə etsinlər", - Paşinyan əlavə edib.
Bununla bağlı politoloq Turab Rzayev EDNews.net -ə açıqlama verib.
“Hamıya bəllidir ki, Paşinyan əslində bu açıqlamalarda səmimi deyil: “Çünki o, dəfələrlə Rusiya ilə Ermənistan ittifaqının sarsılmazlığı haqqında müsbət açıqlamalar versə də, əsas ideyası Ermənistanı mümkün qədər Rusiyadan uzaqlaşdırıb qərb ailəsinə üzv etməkdir. Paşinyan və onun arxasında duran Sorosçu liberal çevrələrinin əsas hədəfi Ermənistanı Rusiyanın orbitindən çıxarmaqdır”.
T. Rzayev qeyd edib ki, Ermənistan sərhədini və hava məkanını Rusiya hərbçiləri qoruyur və Ermənistanda iki rus hərbi bazası var. Buna görə Paşinyan üçün ilk hədəf əslində rus ordusunun Ermənistandan çıxarılması idi.
“Ən son təxribatlarda Paşinyan açıq şəkildə elan etdi ki, Rusiya Qarabağda da bizi qorumur. Ermənistanın özünə də hücum ediləndə rus bazaları onu qorumursa, digər müttəfiqlərə və ya beynəlxalq aləmə kömək üçün müraciət edəcəyik. Bundan sonra noyabrın 9-da prezidentlərin üçtərəfli görüşü olmalı idi. Paşinyan o görüşdən imtina etdi, yekun bəyanatı imzalamaq istəmədiyini bildirdi, əvəzində Avropa İttifaqına müraciət etdi ki, tərəflər arasında vasitəçilik etsin. Burada görürük ki, Paşinyan Rusiyadan mümkün qədər uzaqlaşmağa, Avropanı mümkün qədər bu məsələyə daxil etməyə çalışır. Amma Ermənistan ordusunda köhnə Qarabağ klanına aid şəxslər var. Ermənistanın güc strukturlarında Rusiyadan əmr alan həddən artıq çox şəxs var”.
Ekspert bildirib ki, Paşinyan əslində bu cür ifadələrlə Rusiyanın mövqeyini yumşaltmağa çalışır.
“Putin məcbur etdi ki, noyabrın 26-da Paşinyan Soçiyə getsin, böyük ehtimal yekun bəyanat olacaq, onu elan etsin və yaxud hansısa şərtləri boynuna götürüb imza atsın. Paşinyan əsl hədəfinin guya KTMT-dən çıxmaq olmadığını desə də, onun əsas missiyası Ermənistanı Rusiyadan uzaqlaşdırmaq, qərbə yaxınlaşdırmaq və rus ordusunu Ermənistandan çıxarmaqdır. KTMT-dən çıxmayacağını dedikdə də, əslində Rusiyaya nə zamansa bu məsələyə baxa biləcəkləri ilə bağlı mesaj göndədir”.
Gülnar Səlimova
Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır
6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi