İki helikopter, 16 nəfərlik ekipaj və faciə... - Şəhid pilotlarla bağlı bəzi məqamlara aydınlıq gətirildi - ednews.net

19 Yanvar, Çərşənbə

İki helikopter, 16 nəfərlik ekipaj və faciə... - Şəhid pilotlarla bağlı bəzi məqamlara aydınlıq gətirildi

Analitika A- A A+

Noyabrın 30-u Azərbaycanda daha bir faciə günü kimi tarixə düşdü. Qaraheybət aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 helikopterinin eniş zamanı qəzaya uğraması nəticəsində 14 zabit şəhid oldu, ikisi yaralandı.

Qəza ilə bağlı sosial seqmentdə, insanlar arasında dərhal söz-söhbət yayıldı. Bu qəzanın Qarakənd faciəsinin 30-cu il dönümünə təsadüf etməsi (Qarakənddə vertolyot faciəsi 1991-ci il noyabrın 20-də baş verib), Soçi zirvəsindən 4, Aşqabad sammitindən isə 2 gün sonra baş verməsi bir sıra məsuliyyətsiz KİV-lərdə spekulasiyaların yayılmasına səbəb oldu. Bəziləri qəzada xarici dövlətlərin izini axtardı, digərləri isə bunun ordumuzun daxilindəki casus şəbəkəsi tərəfindən törədildiyi kimi absurd iddialar səsləndirdi. Cavabı axtarılan ən ciddi sual isə 16 yüksək rütbəli professional zabitin eyni zamanda bir helikopterdə nə etdiyi ilə bağlı idi.

Bu və digər suallara cavab vermək üçün EDNews.net hazırda hərbi xidməti davam edən iki təcrübəli hərbi pilotdan eksklüziv açıqlamalar alıb.

Təcrübəli hərbi pilot M.M. (məlum səbəblərdən rütbə və adı çəkilmir) qeyd edib ki, Mİ-17 tipli hərbi helikopterdən nəqliyyat vasitəsi kimi istifadə ordumuzda çox geniş yayılıb:

“Helikopterlər təlim-məşq toplantılarına qısa vaxtda və gecikmədən çatmaq üçün ən etibarlı vasitələrdir. Qəzaya uğrayan Mi-17 tipli helikopterdə 24 nəfər hərbçi daşına bilir. Ona görə də xüsusi toplanışlara gedən yüksək rütbəli şəxsi heyət adətən helikopterlər vasitəsilə səfərlər edir. Xüsusilə Hərbi Hava Qüvvələrində bu praktika geniş yayılıb. Aerodromdan aerodroma uçan şəxsi heyət belə, daim helikopterdən istifadə edir.

Hətta aviasiyada belə bir deyim var: Hava həmişə yerdən daha təhlükəsizdir. Vaxtaşırı hərbçilərimiz bu və ya digər səbəbdən həlak olublar. Yəni, qurudakı qəzalara nəzərən, havadakı qəzalar çox nadirən baş verir.

Lakin helikopterlərin bir mənfi tərəfi var ki, qırıcılara nəzərən onları idarə etmək daha çətindir. Belə ki, helikopterlərdə birtərəfli hərəkət var. Ona görə də adətən hərbi aerodromlarda helikopterlərin enişi üçün xüsusi qəza halları nəzərə alınmaqla torpaqlı palasa nəzərdə tutulur. Əgər havada, uçuş zamanı helikopterin mühərriki xarab oldusa, onu idarə etmək mümkünsüz hala gəlir və sanki bir daş kimi havadan sərt formada yerə çırpılır.

Qaldı ki, DSX-ya məxsus hərbi vertolyotu idarə edən, qəzada şəhid olan pilotlara, onlar birinci dərəcəli usta pilotlar idi. Onlar Hərbi Hava Qüvvələrinin mənsublarıdır və biz illərlə onlarla çiyin-çiyinə işləmişik. General Faiq Məmmədov Hərbi Hava Qüvvələrindən DSX-ya keçəndən sonra polkovnik Fizuli Cavadovu da öz yanına dəvət etmişdi. Cavadov əfsanəvi pilotlardan biri idi və hər iki Qarabağ müharibəsində böyük şücaət göstərmişdi. Qəzada şəhid olan Elçin Nəbiyev də Hava qüvvələrinin sabiq əməkdaşı idi. O, Su-24 tipli, olduqca təhlükəli təyyarənin uzun illər baş şturmanı vəzifəsində çalışmış, yüzlərlə çətin uçuşlarda iştirak etmişdi. Bir dəfə belə qəzaya uğramamışdı, indi mülki işçi kimi çalışdığı DSX-da adi bir qəzada şəhid oldu. Çox heyf...”

Digər təcrübəli hərbi pilot F.İ. isə qeyd edir ki, təlimlərdə hər zaman şəxsi heyət helikopterlər vasitəsilə daşınıb. Orada texniki işçilər, pilotlar, tibb xidmətinin əməkdaşları da olub. Bu isə onu göstərir ki, şəxsi heyət kompleks şəkildə təlimə yollanıb.

“Qəzanın nə səbəbdən baş verdiyi aydın deyil, bu araşdırmalar nəticəsində müəyyənləşəcək. Lakin texniki nasazlıq olmadığı aydındır. Ümumiyyətlə, konkret cavab kimi deyə bilərəm ki, Mi-17 və Mi-24 helikopterləri ən universal hərbi texnikalardan biri hesab olunur. Ən əsası, bu texnikalar müharibədə düşmən üzərində qələbədə də böyük rol oynayıb. 44 günlük Vətən müharibəsində bir ədəd belə, helikopterimiz qəzaya uğramayıb. Pilotlar isə döyüş təcrübəsi olan hərbçilərdir və ən çətin, ekstremal şəraitdə döyüş tapşırıqlarını uğurla həyata keçiriblər. Bizdə olan məlumata görə, şəxsi heyətin sayı və hava durumu ilə bağlı da kvota aşılmayıb. Havada isə bir yox, iki helikopter olub. Biri salamat enib, digəri qəzaya uğrayıb. Pilot səhlənkarlığına isə inanmaram. Hər halda bu ağır faciənin səbəbini öyrənməyimiz üçün ekspertlərin ciddi araşdırmalarının ilkin nəticəsini gözləməyimiz gərəkir. Çox ağır itkidir, Allah rəhmət eləsin!”

Nicat İsmayılov

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...