Rusiya sülhməramlılarının fəaliyyəti Azərbaycanın suverenliyinə qəsddir - Turab Rzayev - ednews.net

20 Yanvar, Cümə axşamı

Rusiya sülhməramlılarının fəaliyyəti Azərbaycanın suverenliyinə qəsddir - Turab Rzayev

Analitika A- A A+

Dekabrın 1-də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndi şəhərində erməni əsilli rus rəssam İvan (Hovhannes) Ayvazovskinin büstünün açılışı olub. Büstün yaradıcısı rus heykəltəraş Mixail Serdyukovdur. Heykəlin açılışı Rusiya sülhməramlı kontingentinin humanitar cavab mərkəzinin zabiti mayor Sergey Lazevə tapşırılıb.

Xatırladaq ki, noyabrın 10-da Azərbaycanın sülhməramlıların nəzarətində olan Xocalı şəhəri yaxınlığında, hərbi düşərgənin ərazisində “Rusiya Şöhrət Xiyabanı” salınıb. Xiyabanda Rusiyanın tarixi və mədəniyyətinin 10 tanınmış xadiminin – Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstləri qoyulub. Açılışda Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı general-leytenant Rüstəm Muradov iştirak edib. Rusiyanın TASS Agentliyində gedən məlumatda qeyd edilib ki, sözügedən xiyaban sülhməramlı qüvvələrin Qarabağa yerləşdirilməsinin birinci ildönümü münasibətilə yaradılıb. Layihənin müəllifi heykəltəraş Mixail Serdyukovdur. Layihə Rusiya ərazisində silsilə xiyabanlar salınmasını nəzərdə tutur.

Bundan əvvəl isə Xankəndidə yerləşən sülhməramlıların hərbi şəhərciyində Rusiya sülhməramlısına abidə qoyulub. Abidənin açılış mərasiminə Rüstəm Muradov və sülhməramlı kontingentin hazırkı komandanı, general Gennadi Anaşkin qatılıblar. Bürünc abidə tam yaraqlı, çiynində "Kalaşnikov" avtomatı olan hərbçinin və ona gül verən qızcığazın təsvirindən ibarətdir.

Göründüyü kimi, Rusiya sülhməramlıların nəzarət etdikləri ərazilərdəki özbaşınalığı davam edir. Azərbaycanın rəsmi qurumları isə bu barədə hər hansı açıqlama verməyib.

Məsələ ilə bağlı politoloq Turab Rzayev EDNews.net-ə açıqlama verib.

Politoloq bildirib ki, bu, Azərbaycan suverenliyinə qarşı qəsddir.

“Heç bir sülhməramlı Azərbaycan ərazisində Azərbaycan tərəfinin razılığı olmadan bu cür dırnaqarası mədəni sayılacaq fəaliyyət belə göstərə bilməz. Biz isə indiyədək sülhməramlıların sırf provokativ şəkildə davranışını gördük. Bu onların mandatını aşmasının ilk halı deyil. Sülhməramlıların mandatı Azərbaycanlı əsgərlərlə yerli erməni icması arasındakı müharibənin qarşısını almaq, eyni zamanda erməni silahlılarını tərksilah etməkdir. Ancaq biz görürük ki, yenə toqquşmalar baş verir. Burada erməni silahlıları, Ermənistan ordusunun nümayəndələri və keçmiş separatçı qondarma xuntanın qalıqları belə qalıb, orada qondarma müdafiə naziri sifətilə sülhməramlılarla görüşürlər. Erməni silahlıların əllərindəki silahlar yığılmalı və özləri də siyahıya alınmalıdır”.

O qeyd edib ki, sülhməramlılar mandatı olmadıqları halda binalar təmir edir, xəstəxanalar, mədəniyyət obyektləri tikir, qum-çınqıl daşıyır, xəstəxana və məktəbin açılışını edirlər, sanki onların missiyası mədəni quruculuqdur. Bu fəaliyyətlər yalnız Azərbaycan tərəfindən həyata keçirilə bilər. Xüsusilə bizim sülhməramlıların komandiri kimi görmək istəmədiyimiz Muradovun tez-tez ora yenidən qayıdıb fərqli açılışlarda iştirak etməsi, sülhməramlılarla bağlı açıqlama verməsi ümumiyyətlə qəbuledilməzdir.

Azərbaycan üçün həssas olan məqamlarda sülhməramlıların qeyri-adekvat davranışı ilə qarşılaşırıq. Hərbi bazanın ərazisində olsa belə rusların dövlət adamlarının, şairlərinin heykəlləri niyə Xankəndindəki hərbi bazada açılmalıdır? Daha sonra yaralı yerimiz olan, rus ordusunun erməni ordusu ilə birgə Azərbaycan xalqına qarşı soyqırım törətdiyi Xocalıda erməni qızının çiçəyi rus əsgərinin əlinə verdiyi bir abidə qoyurlar. Düşünmürəm ki, sülhməramlıların rəhbəri Muradov və ya başqası bunu edirlər, əlbəttə ki, bu, planlaşdırılmış şəkildə mərkəzdən həyata keçirilir. İndi də Xankəndində hansısa erməni rəssama heykəl qoyurlar. Sülhməramlıların ümumiyyətlə bu heykəl işində nə işi var? Onların mandatı sülhü qorumaqdır, yoxsa heykəl qoymaq? Mən bunu Azərbaycan Respublikasına qarşı hörmətsizlik, eləcə də Rusiyanın özünün də imzaladığı bəyanata hörmətsizlik hesab edirəm. Bu, rus sülhməramlılarının mandatının dəyərini aşağı salır. Bunu açıq şəkildə rus cameəsinə bildirmək lazımdır ki, qoy rus sülhməramlılarının sülhə xidmət etmədiyini və Azərbaycanlılarda ikrah hissi doğurduqlarını bilsinlər”.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...