İsraildən İrana növbəti xəbərdarlıq - Üçüncüsü sonuncu ola bilərmi? - ednews.net

26 Yanvar, Çərşənbə

İsraildən İrana növbəti xəbərdarlıq - Üçüncüsü sonuncu ola bilərmi?

Analitika A- A A+

İran ətrafında yaranan gərginlik yüksələn xətlə davam edir. Son zamanlar Tehranın nüvə fəaliyyəti ilə bağlı Qərbin narazılığı diqqətin yenidən onun üzərində cəmləşməsinə səbəb olub. Dəfələrlə xəbərdarlıq edilməsinə və sanksiyalar tətbiq olunmasına baxmayaraq dirəniş göstərən İranın nüvə fəaliyyətində israrlı olduğu maraqlı tərəfləri qıcıqlandırır. 

Dekabrın 4-də İrandakı nüvə obyektində partlayış səsi eşidilib. İran tərəfi bunun təlim olduğunu iddia etsə də, Qərb mətbuatında müxtəlif versiyalar irəli sürülür. İddialardan birinə görə, hadisədə İsrailin kəşfiyyat xidməti olan Mossadın birbaşa əli var. İranın barışmaz düşməni olan İsrail mənbələri isə bir qədər də irəli gedərək, rəsmi Tehran üçüncü xəbərdarlıqla üzləşdiyini qeyd edirlər.  

Partlayışın səbəbi hələ də qaranlıq olaraq qalır. Lakin artıq İran şənbə gecəsi ölkənin hava sərhədlərinə, xüsusilə də Nətənzə yaxın ərazilərə pilotsuz uçuş aparatlarının müdaxilə etdiyini etiraf edib. Belə ki, iddiaya görə, İran ərazisinə daxil olan 10-a yaxın PUA 40 dəqiqə ərzində Nətənz üzərində uçuş edib. Onlara İranın “Bavar373”, Rusiyanın isə “S-300” hava hücumundan müdafiə raketlərindən atəş açılsa da, hədəf vurulmayıb. Bir neçə cəhddən sonra İran HHM-nin zərərsizləşdirdiyi PUA-dan biri yaxınlıqdakı kəndlərə düşüb. Bunun ardınca bəzi İran mənbələrində S-300-lərin hədəfi vura bilməməsi tənqid edilib və buna səbəb kimi Rusiyanın həmin sistemə aid bəzi hissələri İrana tam olaraq çatdırmaması göstərilib. 

Bundan əlavə, hadisə zamanı İranın radio elektron mübarizə sistemindən uzun müddət istifadə etməsi ətrafdakı şəbəkələrin dağılmasına səbəb olub. 

Hadisələri ört-basdır etməyə çalışan İran həqiqətənmi istənilən təxribatlar qarşısında acizdir? Yaxud da İsrailin müdaxiləsi olduğu hesab edilən PUA hücumu ilə İrana hansı mesaj ötürülür?

“Hayom” xəbər saytının redaktoru, israilli jurnalist Şmuel Din Elmas məsələ ilə bağlı EDNews.net-ə açıqlama verib. O, İsrailin İrana qarşı hərbi əməliyyatlara əl atmaq məcburiyyətində qalmasının nə dərəcə real olduğunu şərh edib. 

Dean Shmuel Elmas (@ElmasDean) / Twitter

“Bu, çox realdır. Biz İsrailin Yaxın Şərqdə ən güclü olan yerli Hərbi Hava Qüvvələrini necə təkmilləşdirdiyini görürük. İsrail yeni təkmilləşdirilmiş silahını işə salaraq İrana hücum edə bilər. İranın bu dəfə hətta Bayden administrasiyasının “Lütfən, İrana hücum etmə” deyəcəyinin gözləməsi yanlış olacaq. Bu belə deyil və Vaşinqton başa düşməlidir ki, İsrailə kömək etməsə, daim tariximizdə olduğu kimi İsrail yenə də öz işini özü görəcək”.

Şmuel Din Elmas yaxın zamanda Mossad rəhbərinin ABŞ-a səfəri və bunun arxasında dayanan əsas məsələyə aydınlıq gətirib. 

“Cənab David Barneanın böyük təcrübəsi var və mən inanıram ki, o, amerikalı həmkarlarına “hərəkətlərimizə siz yox, biz qərar veririk” sözünü açıq şəkildə çatdıracaq. O, İranı çox yaxşı tanıyır”.

İsrailli jurnalist İranın hücumlara son dərəcə hazırlıqsız olduğu barədə fikrini bildirdi. 

“Heç şübhəsiz İran dərin bir qəflətdədir. Onlar düşünürlər ki, İsrail onların ballistik raket proqramından qorxacaq. Lakin biz niyə qorxmalıyıq? İsrailin əlində dünyada əks-səda yaradan raket əleyhinə texnikası var. Üstəlik, Azərbaycan “Harop”la Ermənistan ordusunu darmadağın etdiyi kimi, bizə hücum qərar verərsə, İsrailin İrana nə edə biləcəyini hamı bilməlidir”.

Elnur Ənvəroğlu 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...