Azərbaycan soyuqdan donan Avropanı isidə biləcəkmi? - Neft ölkəsindən qaz ölkəsinə transformasiya - ednews.net

18 Yanvar, Çərşənbə axşamı

Azərbaycan soyuqdan donan Avropanı isidə biləcəkmi? - Neft ölkəsindən qaz ölkəsinə transformasiya

Analitika A- A A+

Prezident İlham Əliyev Brüsseldə NATO Baş katibi ilə görüşdə Azərbaycanın qurumun 4 ölkəsinin etibarlı qaz təminatçısı olduğunu dilə gətirdi. Üstündən bir gün sonra Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində çıxışı zamanı isə yenidən mövzuya qayıdaraq qeyd etdi ki, Azərbaycan qazı artıq Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycanın çıxardığı qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir. Dövlət başçısının sözlərinə görə, baş verən son hadisələr də enerji təhlükəsizliyi baxımından şaxələndirmənin vacibliyini göstərir.

İspaniyanın “El Pais” qəzetinə müsahibəsində isə dövlət başçısı daha konkret rəqəmlər göstərərək, bu il Azərbaycanın Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac etdiyini bildirib: “Gələn il biz 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırırıq”.

Jurnalistin TAP layihəsinin Rusiya qazına alternativ olması və Rusiya Prezidenti Vladimir Putini narahat etməsi sualına cavabında, Əliyev qeyd edib ki, heç vaxt Prezident Putinlə TAP layihəsinə məsələni müzakirə etməyiblər: “Biz Avropaya təbii qazın ənənəvi təchizat marşrutlarından daha qısa marşruta malikik və bizim mənbə Avropa bazarı üçün yenidir. Bizim Avropaya ixracımız rəqabət təşkil etmir və biz heç vaxt buna rəqabət kimi baxmamışıq. Bizim üçün bu, bir kommersiya layihəsi idi”. 

Prezidentin Avropaya iki günlük səfərində qaz tədarükü ilə bağlı məsələni bir neçə dəfə qaldırması diqqət çəkir. Vaxtilə dünyada neft ölkəsi kimi tanınan Azərbaycan, artıq həm də qaz ölkəsinə çevrilir.

Mövzu ilə bağlı EDNews.net-ə danışan araşdırmaçı jurnalist Asif Nərimanlının sözlərinə görə, Prezidentin qaz mövzusunu gündəmə gətirməsi hazırda Avropa bazarındakı vəziyyətlə bağlıdır.

“Avropaya əsas təminat Rusiya tərəfindən yerinə yetirilir. Lakin siyasi proseslərə görə qaz tədarükündə kəsintilər var. Məhz buna görə qazın qiyməti hətta 300 dəfəyə qədər artıb. Yeganə çıxış yolu isə Almaniya və Rusiya arasında imzalanan “Şimal axını-2” layihəsinin işə düşməsidir. Merkeldən sonrakı hökumətdə bununla bağlı fikir ayrılığı var. Yeni kansler məsələyə loyal yanaşsa da, xarici işlər naziri, Yaşıllar hərəkatının lideri bu məsələnin əleyhinə çıxaraq problemi Avropa İttifaqının üzərinə yıxır. Layihəyə lisenziya verməli olan Aİ isə bunu etməyərək prosesin qarşısını alır.

İndiki situasiyada Azərbaycan Prezidenti qaz məsələsini vurğulaması ilə Avropaya “Azərbaycan qazının daha çox alınmasını həyata keçirə bilərsiz” mesajını verir. Lakin qaz neftdən fərli olaraq birbaşa alınıb-satılmır, müqavilə olmalıdır. Təbii ki, bu qaz Avropanın enerji təminatını tam ödəmir, ancaq burada yaranmış faktiki vəziyyətdən istifadə edərək daha çox gəlir əldə etmək niyyətindədir. Azərbaycanın “Nabucco” layihəsindən imtina etməsinin səbəblərindən biri də Rusiya ilə üz-üzə gəlməmək idi. Buna görə Azərbaycan və Türkiyə Cənub qaz dəhlizini icra etdilər”.

Ekspert qeyd edib ki, Azərbaycan qazının Rusiya qazına alternativ olması imkanları zəifdir, çünki Avropa enerji bazarı daha böyükdür.

“Türkmənistan qazı Azərbaycan üzərindən Avropaya çıxarılsa, bu Rusiya qazı qarşısında ciddi alternativ yarada bilər, amma bu da bir qədər regional proseslərdən asılıdır. Qarabağ münaqişəsindən sonra regiondakı vəziyyət, “3+3” formatının yaradılması Rusiyaya qarşı addımlar atılması perspektivini zəiflədir.

Türkmənistan və İran qazının Azərbaycan üzərindən Avropaya çıxarılması perspektivi var. Ancaq fikrimcə, türkmən qazının İran üzərindən Avropa bazarına çıxarılması bir qədər zəif perspektivdir, çünki İrana qarşı davamlı olaraq sanksiyalar var. Bu yalnız nüvə anlaşması əldə olunduğu və sanksiyalar dayandırıldığı halda mümkündür. Çünki Avropa qaz bazarında siyasi baxımdan ABŞ-ın böyük təsir imkanları var. Hələ ki, türkmən qazı region daxilində, yalnız Türkiyə bazarının ehtiyacını təmin edir. Bu bir qədər Trans-Xəzər layihəsini də arxa plana keçirdi və Rusiyanı da sakitləşdirdi. Azərbaycan mesaj verdi ki, məqsəd türkmən qazını almaqla Rusiya qazına alternativ yaratmaq deyil, həm də Trans-Xəzər layihəsini arxa plana keçirib Rusiyanı sakitləşdirməkdir. Amma Türkiyənin Mərkəzi Asiya strategiyasında da Trans-Xəzər layihəsi aktual olaraq qalır. İndiki şərtlər imkan verməsə də, gələcək üçün gündəmdədir”.

Ekspert bildirib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu Avropanın Qarabağ məsələsində də mövqeyinə təsir edir.

“İndiki mərhələdə Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında balansı qoruyur. Bu da Azərbaycanın önəmli ölkə olmasından irəli gəlir. Azərbaycanın müharibədən sonrakı situasiyada heç də Rusiya ilə hər hansı bir məsələdə üz-üzə gəlmək niyyəti yoxdur. Müharibədən sonra Rusiya, Türkiyə və Azərbaycanın region ölkələrini bir çətir altında toplamaq strategiyası var. Bu platformaya qarşı olacaq addımların atılması bir qədər zəif ehtimaldır”.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...