Azərbaycan post-AKP dövrünə hazırdırmı?! - ŞƏRH - ednews.net

21 Yanvar, Cümə

Azərbaycan post-AKP dövrünə hazırdırmı?! - ŞƏRH

Analitika A- A A+

Azərbaycan və Türkiyə bu gün münasibətlərindəki, ən pik nöqtəni yaşayırlar.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk olaraq Türkiyə Cumhuriyyəti tərəfindən müstəqilliyi tanındı. Lakin buna baxmayaraq iki dövlət arasındakı münasibət bugünkü səviyyədə heç vaxt olmayıb. Ulu öndər Heydər Əliyev tərəfindən "Bir millət, iki dövlət" deyimi bu gün artıq əsl reallığa cevrilmiş və ən yüksək həddə qardaşlıq, tərəfdaşlıq, dostluq həddinə çatıb.

Qarabağ savaşı zamanı Türkiyənin Azərbaycana  verdiyi dəstəkdən sonra bu münasibətlər artıq geriyə dönüşü olmayan bir münasibət müstəvisinə keçdi. Təbii ki, bu münasibətlər hər zaman bu səviyyədə olmayıb. Qarabağ savaşının yeni başlandığı vaxtlarda yəni ermənilərin torpaqlarımızı işğal edib azərbaycanlılara qarşı soyqırım törətdikləri zaman o vaxt hakimiyyətdə olan Elçibəy insanları Qarabağdan çıxarmaq üçün Türkiyədən helikopter istədi, lakin Türkiyənin o vaxtkı rəhbərliyi tərəfindən rədd cavabı verildi. Bu gün vəziyyət tam başqadır.

AKP hakimiyyəti bu münasibətləri və bu vəziyyəti kökündən dəyişdi. Lakin unutmayaq ki, Türkiyə dövləti öz dərin və qədim seçki siyasəti ilə də tanınır. Yəni 2023-cü il Türkiyə üçün seçim ilidir. Türkiyə 2023-cü ildə yeni Prezident seçməlidir. Türkiyə mətbuatı son zamanlarda seçim məsələsini çox danışır. Türkiyədə son baş verən hadisələr yəni iqtisadi geriləmə, dolların həddən artıq qalxması, lirənin düşməsi, hər sahədə olan bahalaşmanın getdikcə artması Türkiyə cəmiyyətində narazılığa səbəb olur və seçimlərdə AKP səs toplaya biləcəkmi məsələsi getdikcə daha çox müzakirə mövzusuna çevrilir. Seçkinin daha öncəyə, yəni seçki tarixinin daha irəliyə keçirilməsi barədə də fikirlər mövcuddur.

Əslində Türkiyə üçün və onun dünyada yürütdüyü siyasət bu gün Ərdoğansız rejimin nə cür fəsadlara gətirib çıxara biləcəyindən də danışılır. Bunu   da qeyd etmək lazımdır ki AKP nin son 5 ildə daxili siyasətdəki problemlər bu partiyanı gələcək üçün perspektivsiz etdi, yəni ard-arda kadr dəyişikliyi (köhnə kadrlar öz işlərinin daha çox peşəkarları sayılırdı) tək lider siyasətinin üstün tutulması, Ərdoğandan sonra bu partiyadan heç bir güclü kadrın olmaması əslində Türkiyə üçün yeni bir imic və siyasət oldu. Bu da son illərdə xarici və daxildəki siyasətdə böyük dəyişikliklərə gətirib çıxardı. Bugün bu siyasətin mənfi tərəflərindən biridir ki, Türkiyənin iqtisadi vəziyyəti çətinliklərlə üzləşir. Bəs Azərbaycan post-AKP dövrünə hazırdırmı?!

Bu gün iki ölkə arasında  münasibətlər həm siyasi, həm iqtisadi həm də hərbi baxımdan yüksək olsa da digər dövlətin, Turkiyənin içində gedən proseslərə bizim müdaxilə etməyimizə imkanımız olmadığı kimi, seçkilərdə də kimin qalib gələcəyini bəzən bilməkdə çətinlik çəkilir və ya sürprizlərlə də üzləşə bilirik. Azərbaycan tam olaraq AKP simasında Ərdoğanla və Ərdoğan Türkiyəsi ilə tərəfdaşlıq etməkdədir. Təbii ki, bu iki dövlət başçısının şəxsi münasibətləri iki dövlətin bugün regiona verdikləri töhvə, Türk birliyinin birləşməsi və qurulması kimi fəaliyyətlər danılmazdır. Lakin post-AKP dönəmi Azərbaycan üçün çətinliklər də yarada bilər, Azərbaycan Türkiyə cəmiyyətinə demək olar ki, heç bir sahəsində və siyasətində inteqrasiya olmayıb, dayaqlarını necə deyərlər tam bərkitməyib. Çünki AKP-dən başqa heç bir siyasi qurumlarla, partiyalarla nə iqtidar, nə də müxalifət nümayəndələrinin əlaqəsi yoxdur. Əslində müxalifətin heç AKP ilə də əlaqəsi yoxdur, çünki onlarla əlaqə tək iqtidara aiddir. Bu da əslində gələcək seçkilərdən sonra münasibətlərdəki natarazlığı yarada bilər. Ərdoğan daha 2023-cü ilə və ya seçki qabağa çəkilsə 2022-ci ilin sonlarına qədər iqtidardadır. Təbii ki, bizimkilər rəisin getməyindən razı deyillər, lakin axır qismətin oyunu bir başqadır.

Beləliklə, post-AKP dövrünə Azərbaycan da heç hazır deyil, onu həm siyasi həm də iqtisadi baxımdan nələrin gözlədiyinə dair təsəvvürü belə yoxdur. Çünki Qərb yönümlü bir prezident hal-hazırki sərbəst siyasət yürüdən Ərdoğandan tamamilə fərqli olacaq. Demək, Azərbaycan bu məsələdə çox geniş işlər aparmağa başlamalıdır, ən azından cəmiyyət arasında, siyasi baxımdan, təbii ki, bir millət iki dövlət olmağımız yaxşıdır, lakin necə deyərlər qardaşlığımız öz yerində, amma siyasi maraqlar daha vacibdir.

Ramiyə Məmmədova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...