“Google maps”la qlobal "oyun" - Torpağı işğaldan azad etdik, indi adların azad edilməsi vaxtıdır - ednews.net

17 Yanvar, Bazar ertəsi

“Google maps”la qlobal "oyun" - Torpağı işğaldan azad etdik, indi adların azad edilməsi vaxtıdır

Analitika A- A A+

Azərbaycan Xarici İşlər Nazirliyi “Google maps” tətbiqində Azərbaycanın Qarabağ bölgəsinin adlarının rəsmi adları ilə Azərbaycan dilində göstərilməsi ilə yanaşı, saxta adlarla erməni dilində göstərilməsi məsələsini rəsmi diplomatik kanallarla “Google” şirkəti qarşısında qaldırıb. Nazirlik Azərbaycan ərazilərinin adlarının təhrif edilməsi ilə bağlı şirkət rəhbərliyinə məktub ünvanlayıb və ölkəmizin müvafiq ərazilərinin rəsmi coğrafi adlarının siyahısı qarşı tərəfə təqdim edilib.

Həmçinin, XİN-dən verilən açıqlamada bildirilib ki, “Google maps” platforması istifadəçilərin fərdi müraciətləri və yanaşmaları prinsipi əsasında fəaliyyət göstərir. “Bu baxımdan vətəndaşlarımızın, habelə qeyri-hökumət qurumlarının mövzu ilə bağlı fəal şəkildə fikirlərini şirkətə yazmaları çox önəmlidir”, - deyə açıqlamada qeyd olunur.

Azərbaycan XİN doğru, düzgün və hətta bir qədər gecikmiş addım atıb. Bəs, “Google” şirkəti Azərbaycanın haqlı tələbini qulaq ardına vuraraq, “neytral” mövqedən çıxış edib adları həm Azərbaycan, həm də erməni dilində qeyd etməkdə davam edərsə, Azərbaycan tərəfi hansı addımları ata bilər? Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bununla bağlı EDNews.net-ə açıqlama verib.

“Nəhayət ki, XİN bu haqda, yanılmıramsa ilk dəfə olaraq açıqlama verdi. Qurum “Google maps” tətbiqində Azərbaycanın Qarabağ bölgəsinin adlarının rəsmi adları ilə Azərbaycan dilində göstərilməsi ilə yanaşı, saxta adlarla erməni dilində göstərilməsi məsələsini rəsmi diplomatik kanallarla “Google” şirkəti qarşısında qaldırıb. Azərbaycanın ərazilərinin adlarının təhrif edilməsi ilə bağlı şirkət rəhbərliyinə məktub ünvanlanıb və ölkəmizin müvafiq ərazilərinin rəsmi coğrafi adlarının siyahısı qarşı tərəfə təqdim edilib. Məktubda 4589 yaşayış məntəqəsinin Azərbaycan, ingilis və rus dillərində rəsmi qaydada standartlaşdırılmış və təsdiq edilmiş adlarını əks etdirən siyahı, habelə Ermənistan-Azərbaycan münaqişəsinin təsirinə məruz qalmış ərazilərimizdə yerləşən və təhrif edildiyi müəyyən edilmiş 125 coğrafi obyektin adı göstərilib”.

Osman Gündüzün sözlərinə görə, ölkədə bununla bağlı bir çox səlahiyyətlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasında olsa da, Nazirlər Kabinetinin qərarıyla qlobal xəritə xidmətləri qarşısında bu məsələnin həlli XİN-ə tapşırılıb.

“XİN qanunvericiliyə uyğun olaraq hazırlanmış milli xəritə datalarının əldə edilməsi üçün qlobal şirkətlərlə kommunikasiyaları gücləndirməlidir.

Bu məqsədlə internet ictimaiyyətinin, diasporanın potensialından effektiv istifadə edilməlidir. Düşünürəm ki, internet ictimaiyyətinin, İnternet istifadəçilərinin də təhrif olunan coğrafi adlarla bağlı, adların iki dildə yazılmasının qarşının alınması ilə bağlı dövlət tərəfindən müəyyən olunun dəqiq coğrafi adlarımıza istinad etməklə qlobal xəritə şirkətlərinə müraciətlər etməsi faydalı olardı. İşğaldan azad edilən rayonlarımızın adlarının da azad edilməsi, adların düzgün yazılışı, Azərbaycan dilinin qlobal dünyada düzgün istifadəsi üçün dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin səylərinin gücləndirilməsinə ciddi ehtiyac var”.

Ekspert qeyd edib ki, bundan əlavə, qlobal xəritə xidmətləri verən şirkətlərlə - “Google”, “Yandex”, “Apple” və s. işlər gücləndirilməli, konkret qurumlar yaradılmalıdır ki, onlarla müntəzəm işlər aparılsın.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...