Ermənistanın Türkiyəyə gedən yolu Azərbaycandan keçir - Hamının anladığı həqiqət - ednews.net

17 Yanvar, Bazar ertəsi

Ermənistanın Türkiyəyə gedən yolu Azərbaycandan keçir - Hamının anladığı həqiqət

Analitika A- A A+

Regionda tək qalmaq siyasətinin fəlakətə apardığını başa düşən və bu səbəbdən Türkiyənin münasibətləri normallaşdırmaq üçün uzatdığı əlini ikiəlli sıxmağa hazır olan Ermənistan bununla bağlı nəinki rəsmi Ankara, hətta Bakı ilə də danışmağa hazır olduğunu bildirib.

Ötən gün Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakı və Ankaraya paralel olaraq səfər etməyə hazır olduğunu bildirib. O, erməni tərəfinin regional məsələlərin müzakirəsi üçün hər iki tərəflə əlaqə saxlamağı və bunun üçün rəsmi səfərin təşkil olunmasını zəruri hesab edib.

“Biz Ermənistan-Türkiyə münasibətlərinin ikitərəfli formatda müzakirəsini görürük, lakin bu məsələnin “3+3” formatında müzakirəsi üçün əsas olarsa, bu fürsətdən istifadə edərək bir-birimizin mövqelərini aydınlaşdıracağıq. Lazım gələrsə, biz həm Ankaraya, həm Bakıya getməyə, həmçinin bu ölkələrin nümayəndə heyətlərini İrəvanda qəbul etməyə hazırıq”, - deyə katib deyib.

Bu bəyanat onu deməyə əsas verir ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasının Azərbaycandan keçdiyini, Bakının razılığı olmadan bunun baş tutmayacağını anlayır. Ən azı ona görə ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanla əlaqələrin qurulması barədə hər açıqlamasında bütün məsələləsin Azərbaycanla razılaşdırıldığını qeyd edir. Həm də ona görə ki, Ermənistanın müstəqillik əldə etməsindən keçən 30 il ərzində sərhədlərin qapalı qalması və diplomatik əlaqələr qurulmaması ilk növbədə İrəvanın Qarabağdakı işğalçı siyasəti ilə bağlı idi.  

AMEA-nın əməkdaşı, politoloq Sübhan Talıblı Armen Qriqoryanın bəyanatı ilə bağlı EDNews.net-ə şərh verib.

Sübhan Talıblı — Vikipediya

“Ermənistan artıq anlayır ki, nə Türkiyə əvvəlki Türkiyədir, nə də Azərbaycan əvvəlki Azərbaycandır. Ermənistanda hazırki hakimiyyətin bundan başqa çıxış yolu da yoxdur. Çünki ölkə olaraq müstəqil olmağın, o cümlədən inkişaf etməyin tək yolu irəliyə doğru gedən qonşulara dost olmaq və ya ən azından neytrallıq nümayiş etdirməkdir. Ermənistan hazırda bu yolu tutub və neytrallığı nümayiş etdirməyə çalışır.

Bundan əlavə, Ermənistan Rusiyanın da əvvəlki qüdrətə sahib olmadığını çox yaxşı anlayır. Rusiyanın hökmü region dövlətləri üzərində əvvəlki kimi keçərli hesab edilmir. Həm də Ermənistan regionda Türkiyə və Azərbaycansız təklənmiş olduğunu və iki tərəflə əlaqələr olmadığı halda əl-qol ata bilməyəcəyini yaxşı bilir. Armen Qriqoryanın açıqlaması da məhz bundan qaynaqlana bilər. O anlayır ki, Türkiyəyə açılan yol mütləq Azərbaycandan keçməlidir”.

Sübhan Talıblı İrəvan-Ankara və İrəvan-Bakı münasibətlərində hər iki tərəfin Ermənistan qarşısında qoyacağı şərtlərə də toxunub.

“Hesab edirəm ki, tərəflər Ermənistanı münasibətlər qurmaq üçün qəbul etsələr, bu şərtsiz ötüşməyəcək. İlk olaraq Türkiyə Ermənistan qarşısında soyqırım və ərazi iddiaları ilə bağlı iddiaları geri çəkməsini tələb edə bilər. Bunun cavabı isə hazırki şərait üçün bəllidir. Biz bilirik ki, Ermənistan daxilində, o cümlədən xaricdə hələ də güclü millətçi və separatçı qüvvələr var. Bunların əksəriyyəti ABŞ Konqresində yüksək mövqedə qərarlaşmış şəxslərdir. Həmçinin ölkənin daxilində də Ermənistanın geri addım atmasını bəzi müxalif qruplar birmənalı qarşılamayacaq. Hökumət isə bir qədər neytral mövqe tutaraq ehtiyatlı davranmağa çalışır. Bu səbəbdən də Ermənistan hakimiyyətinin qoyulan şərtləri dərhal qəbul etməsi o qədər də real görünmür.

Digər şərtlərə gəlincə, bu Azərbaycan tərəfindən Ermənistanın Qarabağdakı bir çox qanunsuz əməllər, qətllər və ərazilərin viran edilməsi qarşılığında təzminat tələb edilməsi ola bilər. Azərbaycanın buna həm mənəvi, həm də maddi hüququ vardır. Ermənistan tərəfi münasibətlər qurmağa doğru addım atırsa, bu şərtləri öncədən nəzərə almalıdır”.

Elnur Ənvəroğlu

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...