Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalı varmı? - ŞƏRH - ednews.net

24 Yanvar, Bazar ertəsi

Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalı varmı? - ŞƏRH

Analitika A- A A+

Ukrayna ətrafında yaranan yeni gərginliyi post-sovet məkanında Qərblə Rusiya arasında geosiyasi qarşıdurmanın növbəti "qabarması" kimi də qəbul edə bilərik. Post - sovet məkanını özünün nüfuz dairəsi hesab edən Moskva Qərbin, xüsusilə də ABŞ-ın bu məkana daxil olmasını, siyasi, hərbi, iqtisadi baxımdan bölgə dövlətləri üzərində təsirini genişləndirməyi ilk növbədə təhlükəsizliyinə təhdid kimi dəyərləndirir.

Prezident Putinin dünən mətbuat konfransında səsləndirdiyi fikirlər, son günlərdə Rusiyanın Qərbə, NATO-ya təqdim etdiyi "təhlükəsizlik zəmanətlərin" də ifadə olunan məqamlar da Moskvanın "yaxın xariclə" bağlı "qırmızı xəttini" bir daha aydın nümayiş etdirir. Qərbin dominant gücü olan ABŞ-ın son 30 ildə Rusiyanın regionda "qırmızı xəttini" tanımaması, NATO-nun Şərqə doğru genişlənməsi və Vaşinqtonun bu mövqeyinin dəyişməz olaraq qalmasının yaxın perspektivdə tərəflər arasında gərgin münasibətlərin daha da inkişaf etməsində determinant rol oynayacağı şübhəsizdir.

Ümumiyyətlə, Ukrayna ətrafında hərbi fonda gərginliyin artmasında Rusiyanın strateji və taktiki məqsədlərini belə sıralamaq olar: post - sovet məkanının Qərb tərəfindən birmənalı olaraq Rusiyanın nüfuz dairəsi kimi tanınmasına nail olmaq (NATO-nun daha da Şərqə doğru genişlənməsindən imtina etmək, bu regionda istənilən hərbi siyasi fəallıqdan, mövcudluqdan çəkinmək və s.), Rusiyaya qarşı gözlənilən daha sərt sanksiyaları önləmək, Ukraynanın Donbas üzərində nəzarəti bərpa etmək cəhdlərini bloklamak və s. Belə bir gərgin münasibətlər və ciddi səbəblər fonunda Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalı varmı ? Fikrimcə var, ancaq bu ehtimal indiki mərhələdə o qədər də yüksək görünmür. Səbəblərə nəzər salaq :

a) Ukrayna ordusu 2014-cü ildən fərqli olaraq xeyli güclüdür (ordunun moderinləşdirilməsi istiqamətində ciddi addımlar atılıb, kəmiyyət baxımından böyükdür, yeni silahlar alınıb, döyüş qabiliyyəti artırılıb və s.)

b) Qərb Rusiyaya qarşı daha sərt, "öldürücü" sanksiyalar (enerji sektoruna, bank sektoruna və s.) verə bilər ki, bunun da anonsu həm Aİ-dan, həm də ABŞ-dan gəlməkdədir

c) Ukraynaya birbaşa hərbi müdaxilə ölkənin onsuz da yaxşı olmayan beynəlxalq nüfuzuna ciddi zərbə vura bilər.

Bütün bunlarla bərabər, onu da qeyd etmək yerinə düşər ki, Rusiya dünyada o ölkələrdəndir ki, atacağı addımları əvvəlcədən proqnozlaşdırmaq xeyli müşküldür. Bu baxımdan, Moskvanın 2014 - cü ildə yarımçıq qalan "Novorossiya" planını yenidən işə salmaq ehtimalını da kənara qoymaq olmaz. Rus ordusunun Ukraynaya daxil olması üçün Moskvaya müəyyən "əsaslar" da tapmaq çətin deyil, məsələn, bu günə qədər Donbasda beş yüz minə yaxın insana Rusiya vətəndaşlığı verilib və onların "müdafiəsi zərurəti" hər an gündəmə gələ bilər. Qərbin isə cari situasiyada Rusiya ilə bağlı mövqeyində iki amil diqqəti cəlb edir, hədə ritorikası və danışıqlar vədi. Hədələməklə yanaşı digər tərəfdən də danışıqlar vədi ilə Qərb bu mərhələdə Rusiyanı "yola gətirməyə", aqressiv siyasətdən çəkindirməyə çalışır.

Haşiyəyə çıxaraq onu da qeyd etmək istərdim ki, Qərbin siyasi-elmi dairələrində regionun Rusiyanın nüfuz dairəsi kimi qəbul edilməsinin tərəfdarları da az deyil. Məsələn, görkəmli amerikan politoloqu Samuel Hantinqton hələ 1990-cı illərin əvvəllərində Qərbə verdiyi 7 tövsiyyədən biri Rusiyanın pravoslav dünyasının mərkəzi və böyük regional dövlət kimi cənub sərhədlərinin təhlükəsizliyi ilə bağlı qanuni maraqlarını nəzərə almaqla bağlı idi. İstənilən halda, tərəflər arasında yaxın vaxtlarda gözlənilən danışıqlar prosesi bir çox məsələyə aydınlıq gətirəcək. Burada bir vacib nüansı da qeyd etmək lazımdır ki, Rusiyanın Qərblə gözlənilən danışıqlarında əvvəldə qeyd etdiyimiz məqsədlərindən nə isə əldə etmədən “geri çəkilməsi” regionda Kremlin mövqeyinə, nüfuzuna zərbə ola bilər ki, bu reallığı Moskvada da dərk edirlər.

Mətin Məmmədli

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...