Rusiya-Qərb qarşıdurması - Rəqiblər bir-birinin şərtini həzm edə biləcəkmi? - ednews.net

21 Yanvar, Cümə

Rusiya-Qərb qarşıdurması - Rəqiblər bir-birinin şərtini həzm edə biləcəkmi?

Analitika A- A A+

“Ortaq məxrəcə gələ bilməyən Rusiya ilə NATO arasındakı gərginlik yeni mərhələyə daxil olmaqdadır”. Bu barədə Rusiya Baş nazirinin müavini Sergey Ryabkov bəyanatında deyib. O, Avropa İttifaqı və Qərbin Rusiyanın şərq sərhədlərində NATO-nun genişlənməməsi ilə bağlı şərtlərini cavabsız qoyduğunu pisləyib. Rusiyalı diplomat, bu addımın iki tərəf arasında növbəti qarşıdurmanın yaranmasını sürətləndirəcəyini qeyd edib. 

Öz növbəsində, Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Cozef Borel  Rusiyanın Aİ və NATO qarşısında qoyduğu təhlükəsizlik şərtini qəbuledilməz hesab edib. 

“Rusiyanın təhlükəsizlik zəmanəti, xüsusən də Ukrayna ilə bağlı Aİ və NATO-nun şərqə doğru genişlənməsinin dayandırılmasını tələb etməsi tamamilə qəbuledilməz şərtdir və bu sırf Rusiyanın öz qəbul etdiyi gündəmidir”, - deyə Borel deyib.

Qeyd edək ki, Rusiya ilə NATO arasında gələn il yanvarın 12-də danışıqlar keçirilməsi planlaşdırılıb. Görüşlə bağlı Qərb öz mövqeyini də açıqlayıb. Lakin Rusiya tərəfinin fikrincə, Qərb tərəfinin qoyduğu şərtlər görüşə qədər olan müddətdə iki tərəf arasında razılığın əldə edilməsi üçün heç bir şans buraxmır. Əksinə, bəyanatdakı kəskinlik Rusiyanın istəklərini birdəfəlik rədd etmək kimi səslənir. 

Proseslərlə bağlı Atlas Araşdırmalar Mərkəzinin siyasi analitiki, politoloq Samir Hümbətov EDNews.net-ə açıqlama verib. 

Rəsmi Bakı Türkiyənin sülhməramlı qoşunlarını gətirməklə bölgədə balans  yaratmalıdır" - SAMİR HÜMBƏTOV

“İlk sual burada tərəflərin razılığa gələ bilib-bilməyəcəkləridir. Bunun üçün də hər iki tərəf qarşılıqlı olaraq öz mövqelərindən geri addım atmalıdır. Əgər tək bir tərəf bunu edərsə, bu beynəlxalq arenada həmin tərəfin nüfuzunun aşağı düşməsinə səbəb ola bilər. Bu səbəbdən də mən düşünmürəm ki, hansısa tərəf belə bir addımı atsın. 

O ki qaldı tərəflərin irəli sürdüyü tələblərə, burada ilk öncə Rusiyanın istəkləri bəllidir. Putin bəyanatında Aİ və NATO-nun Qərbə doğru genişlənmə siyasətindən narazı olduğunu dəfələrlə bildirib və bunu Rusiya üçün ciddi təhdid hesab edib. Çünki Rusiya prezidenti bir neçə ay əvvəlki bəyanatında Ukrayna sərhədlərində yerləşdirilən raketlərin Moskva ilə 8 dəqiqəlik uçuş məsafəsində olduğunu bildirmişdi. Lakin ən son bəyanatda həmin rəqəmin cəmi 4 dəqiqə olduğu bildirildi. Bu o anlama gəlir ki, NATO artıq raket qurğularında ən son texnologiyadan istifadə edib. 

Əslində Putin Qərbdən şərqə doğru genişlənməmək üçün yazılı zəmanət istəyir. Qərb isə bunu etmək istəmir. Çünki Qərb həm Ukraynanı tərk etmək, həm də Rusiyanın Dnestriyanı bölgəsində güclənməsini istəmir. Nəticə etibarı ilə düşünürəm ki, yanvar ayında planlaşdırılan görüş baş tuta bilər, lakin burada yenə də hansısa ciddi nəticənin, yaxud da konsensusun əldə edilməsi real deyil. 

Qərb sadəcə bundan sonra Rusiyaya qarşı sanksiyaları artırmaqla onu iqtisadi cəhətdən sıxışdırmağa cəhd göstərəcək”.

Politoloq bundan əlavə tərəflər arasında müharibə olmadığı halda tərəflərin qoyduğu şərtlərin hansı formada icra olunacağı barədə şərh verib.  

“Təbii ki, əgər tərəflər arasında silahlı qarşıdurma olmazsa tərəflər masaya qayıtmaq istədikləri halda Ukraynada nüfuz bölgüsü mübarizəsi başlayacaq. Yəni əgər Rusiya Ukraynanın şərqindəki separatçı qüvvələrə öz dəstəyini davam etdirsə, o zaman Qərb və Aİ birbaşa Ukraynanın yerli hakimiyyətinə öz dəstəyini verməyə başlayacaq. Mən hətta deyərdim ki, bu öncədən artıq müəyyən edilib. Sadəcə burada nüfuzu tam olaraq möhkəmlətmək məsələsi dayanır. Yəni ortada bir tərəfdən Rusiyanın Ukraynanı Qərbə inteqrasiya etməsinə əngəl olma, digər tərəfdən isə Qərbin Kiyevə birbaşa təsir etmə gücünü artırma rəqabəti davam edir”. 

Politoloq Samir Hümbətov Qərblə Rusiya arasında davam edən gərginliyin Rusiya ilə Qərb arasında qaz ixracatı məsələsinə hər hansı xələl gətirə bilməsi ilə bağlı da fikir bildirib. 

“Mən düşünmürəm bu proseslər iqtisadi əlaqələrə ciddi təsir edə bilsin. Çünki tərəflər siyasi olaraq gərgin vəziyyətdə olsalar da, iqtisadi cəhətdən bir-birindən asılıdır. Biz bilirik ki, Rusiya Avropaya hər il 200 milyard kub metr qaz ixrac edir. Bu həm də o deməkdir ki, Avropa Rusiyadan qarşılıqlı olaraq asılı vəziyyətdədir və hazırki durumda onun Rusiyadan başqa irimiqyaslı alternativ enerji təminatçısı yoxdur. Həmçinin Rusiyanın da Çindən başqa qazını ixrac edə biləcəyi Avropa kimi müştərisi yoxdur. Buna görə də hər iki tərəf siyasi münasibətləri iqtisadi məsələlərə qarışdırmaqdan yan keçirlər və hesab edirəm Şimal Axını 2 layihəsinin icrası hələ də davam edəcək”.

Elnur Ənvəroğlu 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...