Qazaxıstanda baş verənləri anlamaq üçün müddət lazımdır - KTMT və TDT arasında yarış var? - ednews.net

20 Yanvar, Cümə axşamı

Qazaxıstanda baş verənləri anlamaq üçün müddət lazımdır - KTMT və TDT arasında yarış var?

Analitika A- A A+

Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri Qazaxıstandakı mövcud vəziyyəti müzakirə etmək məqsədilə videokonfrans vasitəsilə fövqəladə toplantı keçirilib. Qırğız Respublikasının Prezidenti Sadır Japarov KTMT-nin bu gün videoformatda keçiriləcək sammitində iştirak etməyib. Sammitdə Qırğızıstan Prezidentini Baş nazir Akılbek Japarov əvəzləyib.

Eyni zamanda sabah yanvarın 11-də Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin Qazaxıstanda baş verən hadisələrlə bağlı fövqəladə iclası keçiriləcək.

Bildirilir ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Qazaxıstanın xarici işlər naziri səlahiyyətlərini icra edən Muxtar Tleuberdi ilə telefon danışığı zamanı bu iclasla bağlı məlumat verib. Onun sözlərinə görə, iclas 11 yanvar tarixində onlayn rejimdə baş tutacaq. İclasda Qazaxıstanda baş verən hadisələr müzakirə ediləcək.

Qeyd edək ki, yanvarın 6-da Türk Dövlətləri Təşkilatı Qazaxıstanda baş verən son hadisələrlə bağlı bəyanat yayıb. "Qazaxıstanda sülh və sabitliyə verdiyimiz önəmi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik", - bəyanat müəllifləri yazıb.

Onlar həmçinin Qazaxıstana hər cür dəstəyi verməyə hazır olduqlarını ifadə ediblər: "Biz inanırıq ki, Qazaxıstan hakimiyyəti sülh yolu ilə gərginliyi azaltmaq, asayişi və sakitliyi bərpa etmək gücünə malikdir. Biz bəyan edirik ki, Qazaxıstan hökumətinə və xalqına lazım ola biləcək hər cür dəstəyi verməyə hazırıq. Hadisələrdə həyatını itirənlərə görə başsağlığı verir və yaralananlara şəfa diləyirik".

Xatırladaq ki, yanvarın 5-də Qazaxıstanın bir sıra yaşayış məntəqələrində başlayan etirazlar basqınlarla müşayiət olunan iğtişaşlara çevriləndə, hökumət binaları yandırılanda Tokayev KTMT ölkələrinin başçılarına Qazaxıstanın milli təhlükəsizliyinə və suverenliyinə yaranan təhlükəni nəzərə alaraq respublikaya yardım göstərilməsi xahişi ilə müraciət edib. Həmin gün KTMT-yə üzv dövlətlərin rəhbərləri arasında məsləhətləşmələr aparılıb və yanvarın 6-da Ermənistanın baş naziri təşkilatın Kollektiv Sülhməramlı Qüvvələrini Qazaxıstana göndərmək qərarını elan edib (Kollektiv Təhlükəsizlik Müqaviləsi 4-cü maddəsinə uyğun olaraq). Təşkilatın sülhməramlıları üçün bu əməliyyat ilk idi - bundan əvvəl onlar yalnız təlimlərdə iştirak edirdilər. Yanvarın 9-da onların Qazaxıstana yerləşdirilməsi yekunlaşıb.

Göründüyü kimi Rusiya Prezidenti Vladimir Putin yenə (Brüssel görüşü öncəsi Soçi görüşünün keçirilməsində olduğu kimi) təşəbbüsü öz əlinə alaraq Türk Dövlətləri Təşkilatından öncə proseslərə nəzarətin Rusiyanın və KTMT-nin əlində olduğunu göstərmək istəyir. TDT-nın Qazaxıstandakı hadisələrə reaksiya verməkdə belə desək gecikməsi və geridə durmasının səbəbi nədir?  

Politoloq Yeganə Hacıyeva bildirib ki, bu barədə fikir bildirməzdən öncə KTMT-nin Qazaxıstana girməsinin hüquqi əsasları haqda danışmaq lazımdır.

“KTMT-nin nizamnaməsi icazə vermirdi ki, daxili səbəbdən  baş verən iğtişaşın yatırılmasında iştirak etsin (4-cü bəndin 5-ci maddəsi). Həmçinin, ölkədə terroristlərin olması ilə bağlı dəqiq məlumat da yoxdur. Terroristlərin orada həqiqətən də olmasını düşünsək o zaman sual yaranır, polis və təhlükəsizlik qüvvələri hara baxırmış?”

Politoloqun sözlərinə görə, KTMT-nin iclasının məhz Türk Dövlətləri Təşkilatının sammitindən bir gün öncə keçirilməsinin özü də KTMT üzvlərini bir yerə toplayaraq ən azından sabahkı tədbirdə necə danışacaqları barədə yanaşma ortaya qoymaqdır.

“Rusiyanın indiyədək olmayan qədər KTMT ölkələrinin, xüsusilə Mərkəzi Asiya ölkələrinin dəstəyinə ehtiyacı var. Burada bir neçə narahaetdici məqamlar var. Bunlar səsləndirilə bilər.

Qırğızıstan bu prosesdə iştirak etmək istəmir. KTMT-nin iğtişaşların yatırılması fəaliyyəti çərçivəsində qırğız faktorundan istifadə edilməsilə bağlı Rusiya xüsusi xidmət orqanlarına aid şəbəkə Qazaxıstanda çox geniş təbliğat aparır. Məsələ burasındadır ki, təkcə TDT-də deyil, bütün dünyada Qazaxıstanda baş verənləri anlamaq üçün müddət lazım idi. Hazırda Qazaxıstanın siyasi rəhbərliyinin üzərinə gedilməsi onun təcridinə gətirib çıxaracaq və bundan ən çox qazanan Rusiya olacaq. Türkdilli dövlətlərin bu mövzuda səssizliyini qorumasının səbəbi həm də Qazaxıstanı bir dövlət olaraq xilas etməkdir. Dünən axşamdan Qazaxıstanın həm də Rusiyaya birləşdirilməsi ilə bağlı saxtalaşdırımış təbliğat başlayıb. Teleqram üzərindən keçirilən sorğularda Qazaxıstanın Rusiyaya birləşdirilıməsilə bağlı guya 75 faiz rəy verib. Amma rəqəmlərə diqqət yetirdikdə sorğunun saxtalaşdırılmış olması açıq-aydın görünür. Rusiya Krım senarsini Qazaxıstanda gerçəkləşdirməyə cəhdlər edir”.

Ekspert qeyd edib ki, TDT-nın sammitində Qazaxıstana baza dəstək və humanitar yardım müzakirə edilə bilər.

“Bundan kənarda atılacaq addımlar ümumilikdə elan olunmamış addımlar olacaq. Bu dövr üçün Qazaxıstanda bir neçə addımlar humanitar atılmalıdır. Ölkədə köhnə milli hökumət üzvlərinin gələcəyi ilə bağlı çoxlu narahatlıqlar var. Qısa müddət üçün ehtiyatlı davranmaq məsləhətlidir. KTMT-nin Qazaxıstana girməsini Rusiyanın Qazaxıstana soxulması adlandıra bilərik. Və vəziyyəti dayandırmaq üçün dünyadan, istər Amerika, istərsə Avropa İttifaqı tərəfindən reaksiyanın olmaması üçün Rusiya Milad tətili günlərindən istifadə etdi. Bu qısa müddət üçün təxminən 90-cı illərin SSRİ-sidir və tarix təkrarlanır. Amma bu üsullar faydalı olsaydı SSRİ-nin xeyrinə olardı. Qısa müddət üçün bu üsullar xeyrinə olsa da, uzun müddət üçün Rusiyanın xeyrinə deyil. Biz Krıma köçürülən rusların etiraz görüntülərini də görmüşük. Bu hadisələr Qazaxıstanı geri saldı, amma onun dövlət olaraq bütövlüyü və suverenliyi üçün bütün dünyanın və türkdilli dövlətlərin də atmalı olduğu addımlar var. Sammitdə onlar müzakirə olunacaq”.

Gülnar Səlimova

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...