Qarabağa qanunsuz səfər edən 4391 turist və "KOR" sülhməramlı - İlham Əliyev NARAZIDIR - ednews.net

25 May, Çərşənbə

(+994 50) 229-39-11

Qarabağa qanunsuz səfər edən 4391 turist və "KOR" sülhməramlı - İlham Əliyev NARAZIDIR

Analitika A- A A+

Prezident İlham Əliyev ötən gün yerli telekanallara 3 saata yaxın müsahibə verib. Prezidentin çıxışının kontent-təhlilini apardığımız zaman burada Rusiyaya bir neçə önəmli ismarıcların verildiyini qeyd edə bilərik. Prezidentin Moskavaya əsas mesajı isə artıq sülhmramlıların bəzi əməllərinin onu “qıcıqlandırdığı”nı açıq şəkildə bildirməsidir.

Bəs, İlham Əliyevin narazılığına səbəb olan məqamlar hansılardır?

1. Qarabağa qanunsuz səfərlər – Əliyev bu cür səfərlər baş tutanda hər dəfə Rusiya tərəfinə iradlar bildirildiyini qeyd etdi. Xatırladaq ki, ötən həftə Azərbaycan Prezidenti iqtidarda olan “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiya üzvünün (Vitali Milonov) Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib. Bu dəfə isə Əliyev hər yoldan keçəni Azərbaycanın icazəsi olmadan Qarabağa buraxan sülhməramlıları tənqid edərək, Moskvaya bir növ xəbərdarlıq edib.

Bu xəbardarlığın məhz yeni ilin ikinci həftəsində, Rusiya sülhməramlı kontengentinin komandirinin dəyişdiyi günlərdə edilməsi də təsadüfi deyil. Bununla rəsmi Bakı artıq bu cür səfərlərə səbr göstərməyəcəyini elan edir. Çünki ötən il, 2021-ci il yanvarın 1-dən dekabrın 3-dək 4391 xarici ölkənin vətəndaşı sülhməramlıların müvəqqəti nəzarətində olan əraziləri, Qarabağı ziyarət edib. Qeyd edək ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə indeks 45,6% artıb (erməni KİV). 4391 nəfəri Qarabağa buraxan sülhməramlılar hazırda qondarma rejimin dünayaya qapanan pəncərəsini Laçın dəhlizindən açmaqla məşğuldur.

Əliyev də bunun fərqindədir və deyir:

 “Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz”. Yəni, Laçın dəhlizindən keçən 4392-ci adamı Şuşa yolunda saxasaq Moskvada əl-ayağa düşməyin!

2. Sülhməramlıların sosial siyasəti -  Əliyevin çıxışından belə anlaşılır ki, onu qıcıqlandıran daha bir məsələ sülhməramlıların Qarabağda həyata keçirdiyi sosial siyasətdir. Bir ildən çoxdur regionda olan sülhməramlılar müharibə dövründə Qarabağdan qaçmış 60 minə yaxın erməninin ən azı yarısını regiona qaytarmağa müvəffəq olublar. Üstəlik sülhməramlılar erməni əhalinin burada yaşayışını təmin etmək üçün infrastruktur layihələrindən, quruculuq işlərinə qədər bir çox sahədə “uğurlu” fəaliyyət həyata keçiriblər. Bütün bunları isə Əliyev belə izah edir:

“Rusiya sülhməramlı kontingenti ermənilərin Qarabağı tərk etməsini istəmir. Onlar bunun üçün hər şey edirlər. Təbii ki, bu da düşündürücüdür. Əldə etdiyimiz məlumata görə, Qarabağda Rusiya Federasiyasının məsuliyyət zonasında 27 min insan yaşayır.”

3. Moskvanın rəsmi iradlara qeyri-ciddi yanaşması - Əliyevi qıcıqlandıran digər bir məqamsa sülhməramlıların yuxarıda qeyd edilən (və edilməyən) uğursuz əməlləri ilə bağlı rəsmi Moskvaya edilən müraciətlərə qeyri-ciddi reaksiyaların verilməsi, həmçinin regionda baş verən bəzi qanunsuzluqların Azərbaycandan gizlədilməsi cəhdləridir.

 “Ümumiyyətlə, deyə bilərəm ki, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz var. Ona görə bizdən nəyisə gizlətmək, “görməmişik, bilməmişik” demək, qeyri-ciddidir” – deyə,  Əliyev Moskvadan narazılığını ifadə edib.

Beləliklə, İlham Əliyev sonuncu müsahibəsində verdiyi mesajlardan belə aydın olur ki, Azərbaycan regionda hərbi varlığını genişləndirən Rusiya ilə əməkdaşlığın qorunub saxlanılması və genişləndirilməsinin tərəfdarıdır. Yəni, rəsmi Bakı Moskva ilə əlaqələrində problem istəmir. Bunun üçünsə Kremlindən yeganə tələbi var: Azərbaycanın ərazi bütövlüyünə qarşı həssas münasibət.

Nicat İsmayılov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...