Kimi namaza başladı, kimi Quran oxumağa - “Vurulmuş məmurlar” və ya tülkü niyə həccə gedir?
Tülkü həccə gedir...
Azərbaycanda bu məsəli adətən dindən uzaq həyat yaşayan və bir günün içərisində namaza, oruca başlayan insanlar üçün işlədirlər. Bu məsəl az qala dillər əzbəri olsa da bir nəfər də çıxıb soruşmur ki, qardaş, bayram deyil, seyran deyil, bu tülkü niyə həccə gedir?! Tülkü xalq nağılında ona görə həccə gedir ki, toyuq-cücəyə saf biri olduğuna, tövbə etdiyinə və daha onları yeməyəcəyinə inandırsın. Çünkü toyuq-cücə zaman keçdikcə tülküylə mübarizə üsullarını öyrənir, özlərini müdafiə etmək üçün gücləri çatan tədbirləri görürlər. Tülkü də çıxış yolun onları inandırmaqda, həccdə, islamda görür.
Haşiyə. Çaqqal Karlos. Əsl adı İliç Ramirez Sançez Karlos idi. 14 yaşında həyatını marksizmə həsr etdi. Leninin ilk adını (İliç) təxəllüs seçəcək qədər leninçi idi. Lakin hiyləgərliyi və amansızlığına görə hər kəs ona “Çaqqal Karlos” deyirdi. Peşəkar inqilabçı idi. Başda Yaxın və Orta Şərq olmaqla bir çox regionlarda, o cümlədən, Avropada yüzlərlə terror aktları törətmiş, minlərlə sivil vətəndaşın, müxtəlif dövlətlərin polis, hərbçi və kəşfiyyatçılarını qətlə yetirmişdi. Bir çox terror təşkilatları ilə sıx əməkdaşlıq edirdi. Ən böyük düşməni ABŞ idi. CİA, Mİ-6, Mossad və digər böyük kəşfiyyat qurumlarının axtarış siyahısında idi. Sonda 1994-cü ildə fransızlar onu Sudanda ələ keçirib, həbsə atdılar.
Bəs, dövrünün ən böyük terrorçularından biri olan “Çaqqal Karlos” həbs ediləndə ilk verdiyi bəyanat nə oldu?
“Mən müsəlman oldum”...
O, hətta bu yolda adını da dəyişdirib, terroçu “Çaqqal Karlos” Salim Məhəmməd Nuri oldu. Karlos sonrakı taleyini düşünərək bu qərarı verir. O, bunu azadlığa çıxdığı təqdirdə törətdiyi cinayətləri unutduracaq, bütün islam dünyasının könlünü fəth edəcək bir addım kimi hesablayır.
Çünki 90-cı illərdən əvvəl Karlos kimi terrorçuların faydalandığı məzlum və yoxsul kütlələrin ümidi Marksizm idi, 90-larda isə bu islama çevrildi. 90-lardan öncə Çeyə, Maoya heyran olanlar 90-lardan sonra yön dəyişərək Bin Ladenə, Bağdadiyə pərəstiş etməyə başladılar.
Karlos kimi namaza başlayan azərbaycanlı eks məmurlar...
Şəmkirin keçmiş icra başçısı, hazırda həbsdə olan Alimpaşa Məmmədovla bağlı yeni xəbərlər yayılıb. Deyilənlərə görə, o, 4 aydır namaz qılmağa başlayıb, şeir yazır, idmanla məşğul olur.
Qeyd edək ki, A.Məmmədov vəzifə səlahiyyətlərindən sui- istifadə etdiyinə, rüşvət və korrupsiyaya hallarına görə həbs edilib. Yerli media orqanlarında yayılan məlumatlara görə, sabiq icra başçısı, 2 milyon manatlıq müəssisəni oğluna 40 manata satıb, həmçinin Şəmkir rayonun abadlaşdırılması üçün ayrılmış 200 min manatı mənimsəyib. Bundan başqa o, Şəmkir əhalisindən ümumilikdə 217 min manat rüşvət yığıb.
“Vurulduqdan” sonra namaz qılmaq azərbaycanlı məmurların bir növ adətinə çevrilib. Xatırladaq ki, bir müddət əvvəl də keçmiş səhiyyə naziri Əli İnsanovun namaza başlaması və keçmiş nəqliyyat naziri Ziya Məmmədovun quranı xətm etməsi ilə bağlı məlumatlar yayılıb.
Nicat İsmayılov