Ərdoğandan Rusiyaya SƏRT SÖZLƏR: “Zəbt edim, götürüm" məntiqi ilə işlər getməz” - ednews.net

20 May, Cümə

(+994 50) 229-39-11

Ərdoğandan Rusiyaya SƏRT SÖZLƏR: “Zəbt edim, götürüm" məntiqi ilə işlər getməz”

Analitika A- A A+

Rusiyanın regionda işğalçı prinsipi həm Qərbi, həm də NATO-nun aparıcı üzvü olan Türkiyəni hiddətləndirib. Xüsusilə Ukrayna ətrafında baş verənlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın diqqətindən yayınmayıb. 

Ötən gün Albaniya səfərindən qayıdarkən Türkiyənin TRT dövlət kanalına müsahibəsində prezident Ərdoğan Ukraynanın ərazi bütövlüyü məsələsinə də toxunub. Ölkə başçısı Ukrayna ilə Rusiya arasında baş verənlərlə bağlı həmkarı Vladimir Putinə ismarıc yollayıb.

"Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı mən yaxın dostum Putinə mesaj göndərdim ki, Rusiya bu addımı atmazdan əvvəl dünyadakı vəziyyəti və öz vəziyyətini təhlil etməli və bunun Rusiya üçün nələrə başa gələcəyini anlamalıdır. Rusiyanın Ukraynaya müdaxiləsinin real ehtimalını görmürəm. Çünki Ukrayna qeyri-adi ölkədir. Ukrayna güclü ölkədir",- deyə Ərdoğan vurğulayıb.

Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfərini xatırladan Ərdoğan, azərbaycanlı həmkarı ilə də səfərin yekunlarını müzakirə edəcəyini bildirib:

"Azərbaycan Prezidenti İlham Əliyev Ukraynada idi. Cənab İlham Əliyevlə danışacağam. Artıq savaşı siyasət tarixindən silib atmalıyıq.

 "Bir ölkənin torpaqlarını zəbt edim, götürüm" məntiqi ilə işlər getməz. Məsələn, Ukraynada Rusiya nə etdi, Krımı aldı. Krımın işğalına qarşı olduğumuzu hər dəfə cənab Putinə deyirəm".

Sərt mesajı ilə Kremilə üzünü tutan Türkiyə lideri “biz Ukraynanın yanındayıq və Ukraynanın işğal edilməsi mümkünsüzdür” mesajını verməklə, siyasi auditoriyanı diqqətini cəlb edib. Türkiyədən gələn bu addım həm də, Rusiyaya qarşı cəbhədə daha bir NATO qüvvəsinin dayandığını nümayiş etdirib. 

Prezidentin açıqlaması, habelə Azərbaycanın bu dəstək çağırışına hansı formada qatılacağı ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov EDNews-a açıqlama verib. 

“Burada Ərdoğanın Putinə verdiyi mesaj iki əsas məsələyə diqqət yönəldir: birinci məsələ NATO-nun Rusiya ilə qüvvələr nisbəti ilə qarşı-qarşıya gəlməsinin qeyri-mümkün olması, digər bir məsələ isə Türkiyə ilə Ukrayna arasında 16 oktyabr 2020-ci ildə Ukraynanın prezidenti Volodimir Zelenskinin Ankaraya səfəri zamanı imzalanmış 21 istiqamət üzrə hərbi əməkdaşlıq olub. Bu o deməkdir ki, Ukrayna hər hansı bir qüvvə tərəfindən hücuma məruz qalarsa, Türkiyə onu qorumaq kimi bir öhdəliyi üzərinə götürür. Beləliklə, Ərdoğan Putinə xəbərdarlıq etməklə, yuxarıda bəhs etdiyim iki mühüm mesajı ona çatdırmağa çalışır. Beləliklə, Türkiyə Rusiya ilə hərtərəfli ticarət edib, diplomatik münasibətlər qurmağına baxmayaraq, lazım gəldikdə Türkiyə Ukraynanı qorumaq və NATO üzvü kimi öhdəliyini icra etmək məqsədilə ona qarşı savaşa da bilər”.

Politoloq, Prezident Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə çağırış mesajı ilə bağlı fikirlərindən də söz açıb.

“Prezident Ərdoğanın bu mesajı ölkə başçısı İlham Əliyevə göndərməklə, Azərbaycanın hər zaman Türkiyənin yanında yer alacağının bir əminlik göstəricisidir. Rusiya sülhməramlıları dəstələrinin Qarabağda təzyiq elementi kimi mövcud olmasına baxmayaraq, Azərbaycan yenə öz qardaş dövlətinin tərəfini tutacaq. Bu baxımdan Azərbaycanın mövqeyi həqiqətən də çox önəmli məqamlardan biridir. 

Hesab edirəm ki, Azərbaycan Prezidentinin son bu gərginlik çərçivəsində Ukraynaya səfər etməsi və orada bəzi açıqlamalar verməsi məhz elə bu məsələdə tərəfin bəlli edilməsinə bir işarət kimi də anlaşıla bilər”.

Elnur Ənvəroğlu  

 

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...